İnsanları tanıyan ADAM - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
958 | 2024-10-17 15:29

Onun barəsində danışmaq, yazmaq həm asanddır, həm də çətin. Bu fikri ona görə birbaşa bilgisayara diktə edirəm ki, yazını oxuyan hər kəs mövzuya öz baxış bucağı altından baxanda mənim məramımı dürüst anlasın. Bilsin ki, 85 yaşlı yazıçı, publisist, ictimai xadim, həm də Dövlət Təhlükəsizlik Xidmətinin yüksək rütbəli zabiti, eləcə də əməkdar incəsənət xadimi, alim, ziyalı olan bir şəxs barəsində fikir söyləmək nə qədər çətin və həm də asandır. Bu mövzunun çətinliyi ondadır ki, saydığım və saymadığım titullar özü-özlüyündə böyük məsuliyyət yaradır. Mövzuya adamı ehtiyatla, təmkinlə yanaşmağa vadar edir. Çünki sözün bu üzündən baxıb o biri  üzün də görən bir yüksək rütbəli DTX zabitinin haqqında yazılacaq hər bir sözə peşəkarcasına, həm də ürəklə nəfəs verməlisən ki, o, qəbul olunsun, dinlənilsin. Bax, bu mənada çətin və məsuliyyətli yazıya könül verirəm. O ki qaldı, yazının asan tərəfinə…

Bəli, mən onu çoxdan tanıyıram. Öncə yazıçı-publisist kimi tanımışam, imzası ilə, kitabları ilə təmasım olub. Sonra «Azərbaycan» Nəşriyyatında eyni mərtəbənin sakinləri kimi qarşılaşmışıq. Məhz bu qarşılaşmada bir bölgənin, bir yurd nisgilinin acısını yaşayan həmyerlilər kimi görüşmüşük. O Cəbrayıl nisgilini, mən isə Hadrut-Tuğ acısını sinəmdə közərtmişəm. Və beləcə üzbəüz söhbətlər, masa ətrafındakı fikir bölüşmələri və bir də ki, yenə qələm,söz, kitab. Bizi o qədər bir-birimizə yaxınlaşdırıb ki, hətta dərdlərimizi də bir-birimizlə paylaşmışıq və …

Onun barəsində yazı da yazmışam. Keçdiyi həyat yoluna - Cəbrayılın Kavdar kəndindən başlayan ömürlüyünə də bələdəm. Söhbətlərimizdə, sonra da kitablarında nələrdən keçdiyini, nələrlə qarşılaşdıqları barədə eşitdiyim və oxuduqlarım həmişə məndə belə bir təəssürat yaradıb ki, həqiqətən əqidəm, inadkarlıq, dözüm, səbir və bir də zəhmət insanı dardan çıxardır. İnsanı mənzil başına apara bilir. Elə barəsində yazmaq istədiyim bu kitab da mənim dediklərimi sübut edir. Kitab Yasif Mirzə oğlu Nəsirlinin həyat və fəaliyyətinə həsr olunub. Həm də bu kitab Yasif müəllimin 85 yaşına hədiyyədir. Kitabın redaktoru, əməkdar elm xadimi, professor Qəzənfər Kazımov, müəllifi isə yazıçı-publisist Mirzə Talıb oğludur.

«Mən insanlar tanıyıram ki…» adlanan kitab Yasif müəllimin doğulduğu kəndin  təqdimatı ilə başlayır. Cəbrayılın Kavdar kəndinin təsviri və bu kənddən rayon mərkəzinə olan məsafə yaxın olsa da kəndin özəlliyi təkcə adı ilə bağlı deyil, həm də onun özünün daxili bölgüsü, məhəllələri ilə də maraq doğurur. Həmin məhəllələrdən birinin təmsilçisi olan Çoban Mirzənin ailəsində dünyaya gələn Yasif təkcə bu kəndin deyil, Cəbrayılın, Qarabağın, Azərbaycanın sayılıb-seçilən, ictimaiyyətin qəbul edəcəyi bir oğul missiyasını həmin gün tariximizə gətirdi. Doğrudur, onda Sovet hökuməti və onun qanunları dünya ilə baş-başa gəlmişdi. Sıxıntılar, bu maddi problemlər, bir sözlə, acılı, eləcə də siyasi basqılar ölkədə at oynadırdı və heç kim də bilmirdi ki, qarşıda onları nə gözləyir. Amma bircə Allah bilirdi ki, bu ailəyə bəxş etdiyi Kavdar kəndində 1938-ci il dekabr ayının 23-də doğulan Yasif öz nəslinin, öz el-obasının, Azərbaycanının dizi bərk, sözü qəti, nüfuzlu ziyalısı olacaqdır.

Mən kitabı oxuduqca sözün həqiqi mənasında bəzən özümün də bildiyim detallara çox təəccüblə, heyrətlə baxıram. Ona görə ki, Yasif Nəsirlinin doğulduğu kənddən universitetə daxil olmağa gəldiyi günə qədər yaşadıqları, çəkdiyi əzab-əziyyət bütün ölkənin yaşadıqları olsa da, amma hamı Yasif Nəsirli ola bilməyib. Deməli, dözüm, iradə, əqidə onu istəyinə qovuşdurubdu.

Kitabın hər bir fəslində Yasif Nəsirlinin 85 illik ömrünün dövrləri əhatə olunubdur. «Universitet» illəri, «Komsomol», «Dövlət Təhlükəsizlik Komitəsi», «Qarabağ», «Qarabağ Təşkilat Komitəsi», «Azərbaycan dünyası», «Gültəpə»… Bax bu ardıcıllıqla müəllif oxucunun Yasif Nəsirli ömrünün məqamları ilə, yaşantıları ilə qarşılaşdırır. Oxucu da (təbii ki, bu yerdə söhbət məndən gedir - Ə.M.) yəni mən, müəllif Mirzə Talıbovun qələminin işığında həmin o 85 ili  günbəgün, ilbəil yaddaşıma köçürür, kino lenti kimi gözümün önündən keçirirəm. Bu, çoxdan tanıdığım, dəyərli bir kişinin həyat yolu ilə həm təkrar, həm də yenidən bir tanışlıq olur mənim üçün. Və kitabın son səhifəsini qatlayanda özüm də bilmədən Yasif Nəsirlinin bir fikrini öz-özümə pıçıldayıram:

- Adamlar var ki, etdikləri yaxşılıqları, xidmətləri heç vaxt dilə gətirmirlər. Hər şeyi Allahın ixtiyarına verirlər. Bax, Yasif Nəsirli də göstərdiyi xidmətləri, hətta  ən yüksək təmaslarda olan münasibətləridə heç vaxt, heç kimə söyləməyibdir. Amma zaman və şahidlər bu xidmətləri bu gün təkcə bu kitabda yox, elə bir-biriləri  ilə olan söhbətlərdə də təzələyir.

TƏQVİM / ARXİV