Kəşf və yaxud 19-cu əhvalat - Əbülfət Mədətoğlu yazır

FAİQ QİSMƏTOĞLU
408 | 2025-03-05 15:46

Hər bir söz adamı təkcə qələmi ilə ,oxucuya təqdim etdiyi əsəri ilə deyil, həm də şəxsiyyəti ilə, insanlara münasibəti ilə də diqqət çəkir. Yəni elə yazarlarımız var ki,( bu bütün dünya yazarlarına da aiddir- Ə.M.) onların yaradıcılıqları ilə şəxsiyyətləri, həyat tərzləri üst-üstə düşmür, hətta böyük ziddiyyət təşkil edir. Oxucu inana bilmir ki, masasının üzərindəki kitabın müəllifi onun yaxından tanıdığı, həyat tərzinə bələd olduğu adamdı. Çünki ortadakı yerdən göyə qədər olan fərq özü bunu göstərir və bəzən də uca səslə bəyan edir. Amma öz yaşadığını bədii əsərə köçürən, ona söz ömrü verən yazarlar da var ki, onlar da susqunluqları ilə ,oxucudan özünü təcrid etməklə arxa planda qalır. Mən isə ,bir oxucu olaraq,ən çox diqqətimi çəkən özü və sözü gözümün önündə olan, həm sözündən, həm də özündən nəyisə öyrəndiyim, əxz etdiyim müəlliflər daha səmimidir. Elə buna görə də mən yazı arenasında daha çox onları arayıb axtarıram. Təbii ki, sözləri kimi həm də özlərini də!

Onu mən ,bir söz adamı olaraq ,yazılarıyla . mətbuatdakı imzası  ilə tanımışam. Heç ağlıma da gəlməzdi ki, o, mənim ən yaxın dostlarımdan, həmkarlarımdan birinin qardaşıdı. Doğrudur, doğulduğu bölgə eyni olsa da mən bunun fərqinə varmamışdım. Lakin günlərin birində yolumuz kəsişdi və həmin məclisdə öyrəndim ki, Aləm Kəngərli könül dostum Adəmin doğmaca qardaşıdır. Necə deyərlər, «bu kəşf» məni xeyli sevindirdi. Çünki sözünü, qələmini sevdiyim bir adamın doğma ailədən olması qürurverici idi. Və beləcə münasibətlərimiz yeni müstəviyə daşındı – doğmalıq müstəvisinə…

İndi əlimdə bir kitab var. Kitab «Qatarda 18 əhvalat» adlanır. Kitabın müəllifi Aləm Kəngərlidir. Mən hər dəfə yeni kitab əldə edəndə onu mütləq ayaqüstü də olsa gözdən keçirirəm. Müəllifin kimliyindən asılı olmayaraq, həmişə bir növ qaça-qaçla, həmin kitabı gözdən keçirib özümdə bir fikir formalaşdırmağa çalışıram. Bax elə ,Aləmin kitabını da özünün yanındaca atüstü vərəqlədim. Kitaba yazdığı  səmimi avtoqrafa görə ona təşəkkürümü bildirdim və evə çatan kimi kitabın oxucusu oldum. Bu da səbəbsiz deyildi. Çünki kitabdakı əhvalatların mündəricatına baxanda iki əhvalatın adı diqqətimi çəkdi. Onlardan biri «Sanatoriyada», ikincisi isə «Kupedə» adlanır. Bu diqqətçəkmə səbəbsiz deyil.

Mənim üçün çox dəyərli və böyük yazıçı olan Seyran Səxavətin sanatoriya ilə bağlı maraqlı bir əsəri var. Bir neçə dəfə oxumuşam, özdə ləzzət ala-ala. İndi də Aləmin kitabında «Sanatoriyada» başlığını oxuyanda yadıma həmin əsər düşdü. Ona görə də ilk öncə həmin əhvalatı oxudum. Elə buradaca deyim ki, bu əsərdən də ləzzət aldım. Hətta mənə elə gəldi ki, əsərin qəhrəmanı Həsən kişi mənim tanıdığım adamdı, mənim kəndçimdi, həmyerlimdi.

Bu kənd adamının saflığı, sanatoriya barəsindəki təəssüratları, ömrünün sonunda da olsa sanatoriyada olmaq niyyəti o qədər səmimi və gerçək bir şəkildə qələmə alınıb ki, inanmamaq mümkün deyil. Digər tərəfdən Həsən kişi illərlə çalışıb, alın təri ilə ev-eşik sahibi olub, uşaq böyüdüb və haqlı olaraq sanatoriyaya gedib, istirahət etmək, müalicə olunmaq haqqını qazanıb. Lakin bunun üçün işdə vaxtı tapa bilməyib. Ancaq iş, güc, ailə onun başını elə qatıb ki, təqaüd yaşına gəlib çatıbdı. Məhz belə bir məqamda axır ki, üçüncü cəhdə rəhbərlik onun yaşını, xidmətini nəzərə alıb sanatoriyaya putyovka verib. Bax elə Həsən kişinin xəyalları da, sanatoriya barəsindəki eşitdikləri, oxuduqları, şahidlərin dilindən öyrəndikləri  də o  putyovka  ilə  sabun köpüyünə çevrilir. Çünki sanatoriyada sənəddə hər şeyin  dövlət hesabına ödənildiyi göstərilsə də, xidmətin pulsuz olduğu vurğulansa da, amma həkimlərin şirin dili, tibb bacılarının naz-qəmzəsi Həsən kişini soğan qabığı kimi soyur. «Heç nə lazım deyil, özünüz vəziyyətimizi bilirsiniz, güzərandan xəbərdarsınız» deyən tibb işçiləri «Beş də verən var, on da, on beş də» deməklə Həsən kişiyə yumşaq bir şəkildə qiymət xəbərdarlığı edirlər. Bunların içərisində Zema xanım isə masajın saatını və keyfiyyətini artırmaq üçün nazlanmaqdan da çəkinmir və Həsən də ürəklənib ona otağının nömrəsini də deyir.

Bu əhvalatın ən incə nöqtəsi Həsən kişinin kənd adamı saflığı ilə, onu müayinə edən cavan bir qıza pul verməyib, otağı tərk edəndən sonra yaşadığı hislərdi. O, bütün gecəni yuxuya gedə bilməyib, yerində qovrula-qovrula səhəri açır ki, gedim ona 5 manat versin , həm də üzr istəsin!. Axı onun ehtiyacı olmasa pul barədə söhbət salmazdı.

Bəli, «Kupedə» əhvalatında da yol-yoldaşı olan Səmədlə Gülərin qısa bir zamanda bir-biri ilə isinişməsi, bir-birinə  səmimi şəkildə həyat həqiqətlərini, yaşantılarını söyləməsi ilk baxışdan məndə belə bir təəssürat yaratdı ki, burda müəllifin fantaziyası zamanı qabaqlayıb. Çünki Səməd kupeyə girəndə burada əyləşmiş bir xanımla qarşılaşır. Hiss edir ki, tələbədi və yol-yoldaşı kimi onunla həmsöhbət olmaq arzusuna düşür və bəhanə axtarır ki, ilk olaraq  hansı sözü dilinə gətirsin. Bu zaman qatar tərpənir və qız onu yola salan digər xanıma pəncərədən əl edir. Bax, bu ipucundan yapışan Səməd «yəqin rəfiqənizdir» deyir. Qız isə cavabında «yox, böyük bacımdır» söyləir. Və beləcə qarşılıqlı suallarla artıq onların söhbət etmək üçün mövzuları yaranır – həyatdan, tələbəlikdən, yaşamdan və bir də hər ikisinin aid olduğu cəmiyyətdən. Təsəvvür edin ki, onların söhbəti o qədər səmimi  detallarla oxucuya təqdim edilir ki, bir-birini tanımayan adamların həmsöhbət ola bilməsinə şübhə yeri qalmır. Hətta sevgidən, ailə həyatından da rahatlıqla söhbət edə bilirlər. Birnəfəsə oxuduğum əhvalatın sonunun necə bitəcəyini təsəvvür edə bilmirdim.

Ağlıma müxtəlif variantlar gəlirdi. Çünki Səməd həmin rayona işləməyə gedirdi. Ona təyinatı verilmişdi. Gülər isə sonuncu kurs tələbəsi kimi tətilə gedirdi. Söhbət əsnasında Səmədin rayonda qalacaq yeri olmadığı məlum olur. Mən bu detalla qarşılaşanda düşündüm ki, müəllif  Səmədi   Gülərgilin kirayəşin edəcək. Amma Aləm Kəngərli mənim düşündüyümü başqa bir detalla elə təqdim etdi ki, bu, daha inandırıcı oldu. Çünki qatar mənzil başına çatır və onlar  sağollaşırlar. Səməd Gülərdən telefon nömrəsini istəyir. Gülər səmimi şəkildə bundan imtina edir. Əvəzində ev ünvanlarını söyləyir. Və bildirir ki, rayon yeridir, məni evimizə ötürməyin söz-söhbətə səbəb ola bilər. Əgər qismətdirsə nəvaxtsa qarşılaşarıq.

Onlar ayrılanda Səməd Gülərin söylədiyi ünvanı içində təkrarlayır ki, yaddaşına yazılsan. Bax elə müəllifin mövzunu mükəmməl bir şəkildə bitirmək məqamı burda ortaya çıxır. Çünki Səmədin cibində atasının ona verdiyi bir məktub var. Həmin məktubun üstündə də məhz Gülərin dediyi ünvan yazılıb. Çünki o evin sahibi Səmədin atasının tələbə yoldaşı idi. Həmin an Səməd düşündü ki, demək tale onu istədiyi ünvana aparır.

Bəli, hər iki əhvalat barəsində təəssüratımı oxucularla bölərkən Aləm Kəngərlinin  yazıçı təxəyyülünün reallığa istinadının nə qədər güclü olduğunu bir daha gördüm və qəbul etdim. Üstəlik, onun söz ehtiyatı və sözlə işləmək məharəti də məni məmnun etdi. Bütövlükdə isə «Qatarda 18 əhvalat» mənim üçün Aləm Kəngərlini   yenidən  kəşf etdiyim görə 19-cu əhvalat oldu. Hər halda əgər oxucu özü üçün yeni bir müəllif kəşf edirsə, elə müəllifin də bu  kəşf 19-cu əhvalatdı

TƏQVİM / ARXİV