AQİL ABBAS:SONUNCU POST (Kinossenari) - SON!

AQİL ABBAS
16356 | 2024-08-13 18:00

ƏVVƏLİ BURADA

 

Tilovları atıblar Kürə. Heç birinin tilovuna balıq düşmür. Bakılı Balasının tilovu vurur. Uşaqlar çığırışır:

- Çək! Çək!

Bakılı Balası tilovu çəkir, tilova xırda bir balıq düşüb, balığı  qaytarıb atır çaya:

- Get valideynlərini çağır.

Gülüşürlər.

Şair isə dalbadal balıq tutur, hər dəfə də deyir:

- Gördüz?!

Komandir:

- Şair, niyə bizim qarmaqlara balıq düşmür, səninkinə düşür?

Şair:

- Komandir, bizim Qazax camaatı kimi balıqlarımız da yerlipərəstdi. 

Dağlaroğlu:

- Şair, mən ölüm Füzuli necə şairdi?

Şair:

- Heyf Qazaxda doğulmayıb, yoxsa çox  böyük şair olardı.  Heç olmasa gül kimi Ağstafada  doğulsaydı!

Yenə gülüşürlər.

Bakılı Balası:

- Komandir, o gecə sən olmasaydın hamımız qırılmışdıq.

Şair:

- Komandir, sən o ermənini yemək-içməyə dəyişməyəndə, az qalmışdı səni atam. İndi başa düşürəm ki, düz elədin. 

Bakılı Balası:

- Komandir, Allah haqqı, sən ki öz tikəni erməni ilə böldün ey, sən bölməsəydin mən böləcəkdim.

Dağlaroğlu:

- Komandir, deyirəm Allah erməninin içindəki nifrətdən bir az bizə niyə verməyib ey?! 

Komandir:

- Onda, day biz də azərbaycanlı olmazdıq də, elə onlar kimi bir şey olardıq! 

Şair:

- Bu Qara  harda qaldı ey, gəlib  çıxmadı...

***

… Məkan dəyişir. Bizim post. Komandir hələ Şairi silkələyir:

- Şair! Şair!..

Sonra Şairi buraxıb yapışır Bakılı Balasından:

- Qədeş! Qədeş! Dur qədeş! Sənə demədim yatma?!

Bakılı Balasından səs çıxmır. Komandir bütün gücü ilə onu ayıltmağa çalışır.

- Ölmə Qədeş! Ölmə! Bizimkilər gəlir!  Odur ey! Eşitmirsən?! Bizim mayordu! Gözünü aç! Ölmə, sənə qurban olum, ölmə! Ölmə qədeş! Odur ey gəldilər!

Nə qədər çalışır, bir şey alınmır, hönkürür. Sonra onu buraxıb başlayır Qaranı sillələməyə, bir, iki, üç...

Qara zarıyır…

Komandir Qaranın başını sıxır sinəsinə. Donmaqda olan erməni də udquna-udquna baxır.

Komandir:

- Ağla! Sənə qurban olum! Ağla! Amma yatma! Bax, gün çıxıb ey! Bax! Bizimkilər gəlir ey!

Erməni də başlayır ağlamağa.
Komandir için-için ağlayan erməniyə baxır. Bir tərəfdən qorxu, bir tərəfdən şaxta, sifətində qan qalmayıb, meyid rəngindədi. Qara yaşda olar, elə Qara kimi də qaraqaş, qaragözdü. Amma gözləri ölü gözləri kimi donub. Komandir onun hələ  ölməmişdən qabaq ölmüş gözlərinə baxır, qucağında can verməkdə olan  Qaraya baxır, dodağını necə dişləyirsə, dodağından qan şoralanır, amma hiss eləmir...

***
… Məkan dəyişir. (Komandirin gözünün qabağına gəlir). Əsir erməni evlərinə qayıdır. Anası, bacısı boynuna sarılır. Bir qız kənardan sevgi ilə ona baxır. Balaca bacısı yüyürüb onun ayaqlarını  qucaqlayır. Çəpərdən bir qız oğrun-oğrun ona baxır. Qoca nənəsi xaç çevirir...

***
… Məkan dəyişir. Komandir qucağındakı Qaraya baxır, için-için ağlayan erməniyə baxır, donmuş uşaqlara baxır, gözlərini yumub bir az fikrə gedir və nəhayət üzünü erməniyə tutub dillənir:

-    Ne plaç, şandığa! Vstavay!

Erməni əlinin dalı ilə burnunu silib yazıq-yazıq Komandirə baxır.

- Vstavay, ya  skazal!

Erməni qorxa-qorxa qalxır.

Komandir ermənilərin postunu göstərib deyir:

- İdi  k  svoim!

Erməni titrəyə-titrəyə:

-  Vı  çto  skazali?

- İdi  k  svoim. İdi, itoğlu! Jivi  sebe!

Erməni:

- Tı  menya   otpuskayeş?

- İdi də, ya  skazal! İdi k mame!

 Erməni  öz postlarına  baxır, Komandirə baxır, yavaş-yavaş səngərdən çıxır, postlarına tərəf getməyə başlayır, dayanır, geri qayıdır.

Komandir:

- Zaçem  vernulsya?

Erməni əynindəki kürkü çıxarıb verir Komandirə, sonra  onu qucaqlayıb öpür və yenidən səngərdən çıxır.
Komandirin üzündə qəribə bir təbəssüm, gedən erməninin dalınca baxır və mənalı-mənalı  başını bulayır, qalxıb kürkü geyinir. Sonra donmuş uşaqlara baxır, nə fikirləşirsə  onların kürklərini, ayaqqabılarını çıxarır, yenidən ocaq qalayır. Qaranı çəkir  ocağın qırağına. İsti yavaş-yavaş Qaranı özünə gətirir.

Qara:

- Komandir, uşaqlar  necədi?

- Hamısı yaxşıdı! Çalış  yatma, danış! Nə istəyirsən, danış, təki danış! Səhərə az qalıb, lap az. Ratsiya ilə dedilər ki, çatırıq.

- Ratsiya işləmirdi, axı?

- Bakılı Balası düzəltdi.

Ocaq yavaş-yavaş sönür. Qara Komandirin qucağında.

Komandir:

- Qara, eşidirsən?

Qara çox zəif səslə:

- Eşidirəm.

Komandir:

- Qara, müharibədən sonra səni aparacam Moskvaya, Nataşaları  yığacam nömrəyə. Səhərədək hamısının kefin gör. Qara, bir dəfə bir urus qızın apardım saunaya... Sən heç saunada olmusan?..

Qara daha eşitmirdi, son nəfəsini alırdı, Komandir nə qədər silkələyir, görür xeyri yoxdu, bağırır:

- Qoymaram öləsən!

Sonra tapançanı çıxarır və Qaranın qılçına bir güllə vurur.

Qara bağırır.

… Məkan dəyişir. Erməni postu. Arsen sitildəyə-sitildəyə öz postlarına girir. Ermənilər çaşır. Hamısı birdən (ermənicə danışırlar):

- Qaçdın?

Arsen (dili zorla söz tutur, dişləri bir-birinə dəyir):

- Yooox! Ööözləri   buuuraxdıılar!

Zabit:

- Nə axmaq-axmaq  danışırsan?! Necə   yəni   buraxdılar?

- Buburaxdılar də! Məəən nə bilim ni-ni-niyə buburaxdılar. Komamandirləri  dedi  ki, ge-ge-geget yaşa!

Zabit:

- Nə dedi?

- Dededi, ge-ge-get yaşa.

Əsgərlərdən biri:

- Komandir, nə istintaqa  çəkmisən?  Görmürsən  ölür?  Qoy  bir  özünə gəlsin, sonra nə istəyirsən soruşarsan.

Stəkana bir az tut arağı töküb verirlər Arsenə, çəkir
başına, çeçəyir. Onu  soyundurub araqla ovurlar. Sonra onu  möhkəm-möhkəm geyindirirlər…

***
… Məkan dəyişir. Bizim post. Qara zarıyır:

- Komandir, məni vurdular?

Komandir:

- Yenə atdılar, it uşağı!

- Uşaqlara da dəydi?

- Yox, bir balaca sənin qılçını yaladı.

- Yaman ağrıyır, Komandir.

- Qorxma, indi sarıyacam. 

Bıçaqla Qaranın şalvarını həmin yerdən cırır, qan buğlanır. Komandir buğlanan qanı görüb sevinir. Dəsmalını çıxarıb yandırır və basır  yaranın üstə, sonra möhkəm-möhkəm sarıyır.

Qara:

- Komandir, ağrı məni öldürür.

Komandir:

- Sənin o ağrını yeyim!

Qara Komandirin qucağında zarıyır.  Komandirin gözlərindən axan yaş yanaqlarında donmaqdadı, nəfəsi kəsilə-kəsilə danışır:

- Qara, səni aparacam Moskvaya…

***
… Məkan dəyişir. Göydə ulduzlar sayrışır. Komandir girir həyətə. Alabaş qaçır üstünə. Əvvəl-əvvəl üzünü Komandirin ayaqlarına sürtür. Sonra dal ayaqları üstə qalxır, qabaq ayaqlarını  qoyur Komandirin sinəsnə, onun üz-gözünü yalamağa başlayır. Komandir Alabaşı sinəsinə sıxır, başını tumarlayır.

- Darıxmısan  məndən   ötəri?

Alabaş zingildəyir.

Komandir qalxır   eyvana. Hamı  yatıb. Girir otağa. Anası həmişəki kimi üzü qibləyə  yatıb. Barmaqlarının ucunda yeriyir ki, heç  kimi  oyatmasın.

 Körpələr Evin yuxarı başında  yerdə yatıblar.

Ehmalca soyunub girir körpələrin yanına, əllərini onların başlarının altına salıb sıxır sinəsinə.   Körpələr də əvvəl-əvvəl onu qucaqlayırlar. Komandir onları daha bərk sıxır sinəsinə, uşaqlar ayılırlar və özlərini atalarının qucağında görüb sevinclə qışqırırlar:

- Ata  gəldi! Ata gəldi!

Səsə  Komandirin xanımı  da,   Anası da hövlnak   yuxudan   oyanırlar.

Uşaqlar qışqırışırlar:

- Ata gəldi! Ata gəldi!

Xanım cəld   tərpənib işığı yandırır, Ana da təəccüblə  uşaqlara baxır, ikisin də qucaqlayır:

- Bismillah! Bismillah! – üzünü tutur Xanıma: - Qorxma! Yuxu görüblər, su gətir.

Uşaqlar atalarını yanlarında görməyib başlayırlar ağlamağa.

Komandir yenə uşaqları sıxır sinəsinə:

- Haycan! Sizə atanız qurban! Burdayam,  niyə  ağlayırsız?-
sonra anasını qucaqlayır:- Ana, məni görmürsən…

***
… Məkan dəyişir. Erməni postu. Arsen özünə gəlib…

Zabit:

- İndi danış görüm necə oldu?

Arsen:

- Bilmirəm, dedim də! Komandirləri dedi get yaşa! Vəssalam.

Zabit:

- Nə boş-boş danışırsan?! O donan ituşaqlarına o qədər şey verirdim, yanacaq verirdim səni buraxsınlar, buraxmadılar. İndi elə-belə, boş-boşuna dedilər get?

- Bir sözü nə qədər deyim, ey! Türkcə sən bilirsən, get özün soruş niyə buraxmısan?!

Əsgərlərdən biri istehza ilə:

- Demirdin bir məktəbdə oxumusuz?! Yəqin sənin xətrinə buraxıb.

Zabit:

- Yaxşı, boş-boş danışmayın. Buna  yemək  verin.

Arsenə yemək  verirlər, amma o, əlini yeməyə uzatmır.

Zabit:

- Niyə yemirsən?

Arsen:

- Komandir?

- Nədi?

- Bir  söz demək   istəyirəm, qorxuram.

- De.

- Qorxuram.

- Dedim  ki, de! Qorxma!

- Məni döyməyəcəksən?

- Baxır sözə.

Arsen qorxa-qorxa:

- Komandir, onların yeməyə heç nələri yoxdu. İcazə ver bir az yemək aparım, bir az da spirt.

Zabit:

-   Qələt  eləmə, çörəyini ye!

Arsen yenə əlini yeməyə uzatmır:

- Komandir, özün verirdin ki!

- Onda sən onların əlindəydin. 

- Ver aparım, axı siz nə vaxtsa çörək kəsmisiz! Yalvarıram, Komandir! Allah göydən baxır!

Zabit:

- Allahla işin olmasın. Allah  göydən baxsa, hamımız öz  xarabamızda - balalarımızın  yanında olardıq, bu dağlarda qırılmazdıq. 

Amma Arsen yemir, ağlayır.

Zabit:

- Bəlkə sənin anan türklə yatıb?

Əsgərlərdən biri  Arsenii qucaqlayır və deyir:

- Lazım deyil,  Komandir! Vermirsən  vermə, daha təhqir  niyə  edirsən? Türklər kişilik edib onun həyatını bağışlayıblar, o da borclu qalmaq istəmir.

Zabit:

- Komandirə   qarşı  çıxırsız?

Əsgərlər:

- Komandir, sənə qarşı çıxmırıq, amma  Arseni  də  başa  düşürük.

Zabit bir xeyli susur, bir siqaret yandırır, diqqətlə əsgərlərə, sonra Arsenə baxır. Arsen başını alıb əllərinin arasına. 

Zabit:

- Gör türklərə qarşı mən kimlərlə vuruşuram ey?! – üzünü Arsenə tutur; - Yaxşı, zarıma, dur nə istəyirsən apar… Sənin ananı…

***
… Məkan dəyişir. Mayor, kürəyində ərzaq dolu çanta dağa dırmaşır. Nəsə hiss edib geri çevrilir, arxasınca bir çavuş və bir neçə əsgərin gəldiyini görür, dayanır:

- Dayanın! Siz hara gəlirsiniz?

Çavuş:

- Yoldaş mayor, sizi tək buraxmaq istəmirik.

Mayor:

- Qayıdın geri! İndi də sizin dərdinizi çəkim.

Çavuş:

- Yoldaş mayor, onları biz əvəzləməliydik. Gedirik postu təhvil götürməyə.

Mayor:

- Mən sizə əmr edirəm!

Çavuş:

- Bağışlayın, yoldaş mayor, nə mən, nə əsgərlərim əmri yerinə yetirə bilməyəcəyik. Ya bir yerdə öləcəyik, ya da bir yerdə dönəcəyik.

Mayor:

- Bu dəfə əmr etmirəm, xahiş edirəm, qayıdın, yolda donub qırıla bilərsiz.

Çavuş:

- Yoldaş mayor, biz onlardan artıq oğlan deyilik.

Mayor:

- Mən həyatımda belə xoşbəxt olmamışdım! Gedək! Amma bir-birinizdən aralanmayın…

***
… Məkan dəyişir. Qərargah. Polkovnikin başı əllərinin arasında. Telefon zəngi. Polkovnik dəstəyi qaldırır:

- Eşidirəm! Bəli! Yox, heç bir məlumat yoxdur. Kömək göndərmək mümkün deyil. Hamısı yolda qırılar. Səhəri gözləyirik. Allah bizim tərəfimizdə deyil.

Acizəm. Mənə bu paqonlar lazım deyil, dədəm-babam paqon gəzdirməyib ha! O əsgərlərimə bir şey olmasın, bəsimdi!

… Məkan dəyişir.  Arsen qara bata-bata yuxarı dırmaşır. Posta çatır və bərkdən  bağırır:

- Ey, Komandir! Komandir! Eta ya! Ya, Arsen! Arsen!

Qarşıdan səs gəlmir, Arsen yenə bağırır:

- Komandir! Komandir! Rebyata! Eta ya! Arsen!

Qarşıdan səs gəlmir. Arsen bir az da yaxınlaşır və girir səngərə. Əvvəl-əvvəl elə bilir hamısı yatıb. Yaxınlaşır Komandirə. Qara Komandirin qucağındadı, Komandiri silkələyir:

- Komandir!  Komandir! Eta  ya,  Arsen.  Slışış  menya?  Ya Arsen! Ya  vam  yedu  prinyos! Slışış, Komandir?

Komandirin  səsi gəlmir, o donub. Arsen indi başa düşür onun donduğunu. Komandiri qucaqlayıb başlayır ağlamağa və deyir (ermənicə):

- Komandir! Niyə öldün, Komandir?! Niyə öldün?! Allah səni yox, insanlığı öldürdü!

Ağlaya-ağlaya bütün uşaqları silkələyir, hamısı  donub. Yenidən Komandiri qucaqlayır. Birdən kimsə zarıyır, bu Qaradı. Arsen tez Qaranın üz-gözünü təmizləyir, sinəsini  açır, ürəyinə qulaq asır. Tez gətirdiyi çantadan spirt çıxarır, əvvəlcə spirtlə onun burnunun içini təmizləyir, sonra boyun-boğazın, sinəsini spirtlə masaj edir. Qara yavaş-yavaş özünə gəlir, amma heç nə anlaya bilmir. Arsen Qaranın başını qaldırıb zorla spirt içirtmək istəyir, Qara içə bilmir.  Arsen onun boğazına spirt tökür. Qara çeçiyir, amma artıq spirt işini görür. Qara ağır-ağır nəfəs alır. Arsen güc-bəla ilə ona bir az sala yedizdirir. 

Qara birtəhər deyir:

- Komandiir, sənsəən?

Arsen cavab vermir. Komandirin kürkünü çıxarıb sərir yerə, Qaranı uzadır üstə, öz kürkünü də soyunub basdırır Qaranın üstə. 

Arsen sonra yenə Komandiri qucaqlayır, başını sinəsinə sıxıb deyir (ermənicə):

-  Komandir, mən səni heç vaxt unutmayacam!

Diz çökür Komandirin önündə, xaç çevirir:

- Komandir, sən peyğəmbər kimi adamsan!

***
… Məkan dəyişir. Erməni postu. Arsen çatır posta.

Zabit:

- Nə oldu? Hələ ölməyiblər?

Arsen tərs-tərs onu süzür:

- Yox! Yemək-içməyə görə sənə sağ ol dedilər. 

***
… Məkan dəyişir. Gün çıxıb. Mayor əsgərlərlə postdadı, uşaqları yoxlayırlar, hamısı donub. Mayor Komandiri qucaqlayıb oturub, donmuş əsgərlərə baxır.

Birdən zarıltı səsi gəlir, çaşırlar. Özlərini Qaranın üstünə atırlar, Qara tərpənir.

Əsgərlər:

- Yoldaş mayor! Yoldaş mayor! Qara sağdı. 

Mayor tez Qaranı qaldırmağa  çalışır:

- Kömək edin soyunduraq. Naşatır gətirin!

Qaranın burnuna naşatır tuturlar. Qara asqırır.

Əsgərlər bir ağızdan hayqırırlar:

- Urra! Urra! Urra!

… Məkan dəyişir. Erməni postu. Zabit durbinlə baxır, «Urra» sədalarını eşidib dilxor olur:

- Ölməyiblər ituşaqları!

Əsgərlərdən biri:

- Komandir, demədim, Allah qoysa de!
Arsen gözlərini  yumub dərindən nəfəs alır, üzündə gizli bir sevinc var…

***
… Məkan dəyişir. Bizim post. Zirvədə  Azərbaycan bayrağı dalğalanır. Möhtəşəm bayraq!

SON!


 

TƏQVİM / ARXİV