AQİL ABBAS:SONUNCU POST (Kinossenari) - ARDI

AQİL ABBAS
2145 | 2024-08-12 18:16

ƏVVƏLİ BURADA

Komandir:

-Onun yazıq… Götür!

Qara bir az tərəddüd etsə də götürüb bürünür.

Komandir ürək ağrısıyla erməniyə baxır və deyir:

- Axı, sənin burda nə itin azmışdı ki, ay yetim.

Erməni:

- Çto vı skazali!

Komandir əlinin dalı ilə:

- Niçeqo!

 

***

Məkan. Yenə bizim post. Şaxta öz işini görür, vəziyyət daha da ciddiləşirdi. Komandir hiss edirdi ki, uşaqların sabaha sağ çıxması  yalnız möcüzə nəticəsində baş verə bilər. Uşaqları donmaqdan xilas etmək üçün yollar axtarırdı, amma tapa bilmirdi. Əlini-əlinin üstə qoyub oturmaq olmazdı. Sibirdəki  əsgərlik günlərini yadına  salırdı. Yenə bir saman çöpündən yapışdı, bir xeyli uşaqları  süzdükdən sonra qalxdı ayağa və dedi:

- Qalxın!

Amma uşaqlar onun sözünə o qədər də əhəmiyyət vermədilər, əvvəl bir-birlərinə, sonra da Komandirə baxdılar.

Komandir:

- Qalxın, dedim sizə!

Uşaqlar  yerlərində qımıldandılar, gərnəşdilər, amma yenə qalxmadılar.

Komandir bu dəfə amiranə səslə hayqırdı:

- Bölük! Qalx ayağa!

Amiranə səs onları  yerlərindən qalxmağa məcbur elədi, özlərini toparlayıb qalxdılar.

Komandir:

- Bölük! Düzlən!

Uşaqlar elə səngərin içində sıraya düzülməyə başladılar. Komandir titrəyən erməniyə baxdı və nə fikirləşdisə:

- Davay podnimaysya!

Erməni heç nə anlamadı.

Komandir:

- Podnimaysya, ya skazal!

Erməni də qalxdı.

- Vstat stroy.

Komandir uşaqların ona təəccüblə baxdığını  görüb:

- Onu da sıranıza alın, yoxsa donacaq, - sonra üzünü tutdu erməniyə:

- Ne slışış? Vstat stroy!

Erməni də sıraya durdu.

Komandir:

- Bölük! Farağat! Önə bax! Yerində addımla marş!

Uşaqlar yavaş-yavaş  yerlərində addımlamağa başladılar, erməni də qoşuldu onlara.

Amma bu Komandirin xoşuna gəlmədi. Yenidən əmr elədi:

- Bölük, olmadı! Farağat! Yerində  möhkəm addımla marş! Bir! İki! Bir! İki! Bax belə.

Komandir sıranın önündə özü də öz əmrini yerinə yetirirdi:

- Bax belə! Bir! İki! Bir! İki! Bir!..

Şair hamıdan tez yoruldu və istehza ilə dedi:

- Komandir, bəlkə mahnı da oxuyaq?!

Komandir:

- Darıxma! Bir azdan mahnı da olacaq, solosun da sən oxuyacaqsan. Bir! İki! Bir! İki!..

Nəhayət, Komandir gördü ki, uşaqların taqəti qalmayıb əmr elədi:

- Bölük! Farağat! Azad! Otura bilərsiz!

Uşaqlar yenə kürək-kürəyə verdilər. Təklikdə daha çox üşüdüyündən erməni  əli ilə  işarə elədi ki, olar mən də  sizin yanınıza gəlim. Hamı bir-birinə baxdı, Bakılı Balası hamıdan əvvəl dilləndi:

- Dava, idi k nam!

Erməni də gəlib onlara sığındı.

***

Məkan dəyişir. Kimsə qara bata-bata  bizim posta doğru qalxır, əlində ağ bayraq var. Onu ilk dəfə Dağlaroğlu görür və Komandirə qaraltını göstərib deyir:

- Komandir! Ora  bax, kimsə  gəlir.

Komandir də, uşaqlar da həmin səmtə boylanır, gələnin əlində ağ bayraq var. Şair əlini avtomata atır, Komandir onu saxlayır:

- Atmayın! Əlində   ağ  bayraq var. Görək  nə  istəyir.

Erməni zabiti lap yaxınlaşır və bağırır (azərbaycanca):

- Ara, Komandir! Komandir! Mənəm Lyonik!

Komandir səngərdən çıxır:

- Nədi ə, dığa?

Erməni zabiti:

- Salam,  Komandir.

- Tutaq ki, salam! Sözünü de!

Erməni zabiti:

- Necəsən?

Komandir:

- Sözünü de.

Erməni zabiti:

- Komandir,  kəsəsi, bilirəm  ki,  iki-üç gündü  yeməyə bir tikə  çörəyiniz yoxdu. Tonqalınız da yanmır. Arseni   burax nə  qədər  istəyirsən yemək  də  verim, tutovka da, yanacaq da.

Komandir:

- Lyonik, xoş getdin! Çörəyimiz də  var,  arağımız  da.  Sizin  yoxdursa, köhnə qonşuluğa görə verim.

Erməni zabiti:

- Komandir, gop eləmə. Gəl  sən  Arseni  burax.  Sən  yaxşı  oğlansan, heç mən də pis oğlan deyiləm. Bir-birimizi uşaqlıqdan tanıyırıq. O yazıq uşağı burax, mən də dediklərimi verim. Onsuz da acından, şaxtadan öləcəksiniz. O bədbəxt sənin  nəyinə  lazımdı? Ərzaq verim, yanacaq verim, sizin də analarınız ağlamasın, bizim də. Onsuz da analarımızı ağlar günə qoyublar.

Qara :

- Dəyiş, Komandir.

Şair:

- Dəyiş Komandir, qoy cəhənnəm olub getsin!

Erməni zabiti:

- Görürsən uşaqlar da mən deyəni deyir, gəl daşı ətəyindən tök. Heç olmasa bayaq dediyin kimi, qonşuluq xətrinə. Nə vaxtsa çörək kəsmişik, o çörəyin xətrinə.

Komandir:

- Kəsdiyimiz çörək nə yaxşı yadına düşdü, Lyonik.  Bunları  bizim evi yandıranda niyə fikirləşmirdin?

Erməni zabiti:

- Komandir, sən uşaq deyilsən. Özün yaxşı bilirsən ki, bu müharibəni  hansı qəhbə uşaqları aramıza salıb.

Komandir istehza ilə:

- Lyonik, qəhbə dedin, bacın yadıma düşdü. Özünə ər tapa bildi?

Erməni zabiti özünü onda qoymadı:

- Komandir, indi ər tapılır? Müharibəyə gedən müharibədə öldü, müharibədən qaçan da Rusiyanın bazarlarında çörək pulu qazanır.

Komandir:

- Bəs sən bu dağlarda nə sülənirsən? Niyə gedib çörək  pulu qazanmırsan?

Erməni zabiti:

- Komandir, bu sözlər nəyə lazım, gəl əsgər kimi danışaq. Mən də əsgərəm, sən də! Astvaz haqqı, bu müharibə   qurtaracaq,  siz də qayıdacaqsız  Sevana.  Yenə  xeyirimiz-şərimiz  bir  olacaq.  Burax  o yetimi, yazığın atası da Qarabağda ölüb. Burax, qoy o da yaşasın, siz də!

Komandir:

- Onun atası Qarabağda nə … - tir-tir titrəyən erməniyə baxıb sözünün dalını demədi.

Erməni zabiti:

- Komandir, sənin dədən  də yaxşı kişi olub, yüz dəfə  qabağına  yemək qoymuşam, araq süzmüşəm. Gəl bu daşı ətəyindən tök.

Komandir:

- Sənin də dədən yaxşı kişi idi, mən də onun qabağına çox yemək qoymuşam. Özün oğraş çıxdın. Dedim ki, vermirəm!

Erməni zabiti:

- Son  sözündü?

Komandir:

- Son   sözümdü!

Erməni zabiti:

- Heç vermə, donun  ölün! Yerevanda erməni tapırmır?! Olmasın biri!

Komandir:

- Lyonik, sən əsgərini   çox  istəyirsənsə çıxart buşlatını  ver   ona, qoy donmasın.

Erməni zabiti  əynindəki kürkü çıxarıb atır Komandirin önünə:

-  Ala.

Komandir kürkü götürüb atır erməni əsgərinin üstə və deyir:

- Odevay, ə! – sonra üzünü tutur erməni zabitinə; - Lyonik,  cəhənnəmdə görüşərik.

Erməni zabiti:

- Ay dəli müsəlman, elə cəhənnəmdəyik də!

Komandir:

- Cəhənnəmdəsənsə onda dədənə məndən salam de.

Erməni zabiti:

- Özün deyərsən!

Və Erməni zabiti gedir.

Şair hirsli-hirsli erməniyə bir təpik vurur:

- Komandir, neyniyirsən bu  itoğlunu? Acından   ölürük,  bunu yeyəcəyik?!

Bakılı Balası:

- Bəlkə yandırıb istisinə qızınacağıq?!

Komandir:

- Sizə qurban olum! Səhərəcən dözün! Səhər bizimkilər

gələcək. Nə  qədər istəsəniz  yeyib-içəcəksiz.  Bu itoğlun

verib əsirlikdəki bir qardaşımızı ala bilərik. İndi  bir  qarın

yemək bir qardaşdan irəli oldu?!

Bu sözdən sonra uşaqlar sakitləşirlər.

***

…  Məkan dəyişir. Erməni postu. Zabit gəlir. Əsgərlər:

- Nə oldu, komandir?

- Vermədi itoğlu!

- Bəlkə hücum edək?

Erməni zabiti:

-  Boş, boş danışmayın, oranı heç bir batalyon  əsgərlə də ala bilmərik. Gözləyək, onsuz da səhərəcən donub öləcəklər, gördüm, sifətlərində qan da qalmayıb. Post bizimdi.

Əsgərlər:

- Bəs Arsen?

Erməni zabiti:

- Canı çıxaydı, yatmayaydı.

***

… Məkan dəyişir. Dağlar, dərələr, çovğun. Mayor qara bata-bata gedir, kürəyində də çanta. Öz-özünə danışır:

- Gəlirəm, uşaqlar! Gəlirəm! Bərk durun!

***

… Məkan dəyişir. Bizim post. Komandirin əl-ayağı hər yerdən üzülüb, amma özünü tox tutmağa çalışır. Bircə gümanı uşaqları yatmağa qoymamaqdı. Bunun üçün yollar axtarır.

Komandir:

- Qurban olum, səhərə qədər  dözün! Səhərə nə qalıb ey?! Analarınızın, bacılarınızın xətrinə  dözün...

Amma  şaxta artıq  uşaqların iliyinə işləyir. O şaxtanı uşaqların iliyindən çıxarmaqda Komandir gücsüzdü.

Bakılı Balası:

- Komandir, elə  bil  ayaqlarım  yoxdu…

Komandir onun  ayaqqabılarını  çıxarır,  corablarını  soyundurur, flyaqadan əlinə spirt töküb ayaqlarını möhkəm-möhkəm  ovur.

Bakılı Balası:

- Komandir, vallah, heç nə  hiss eləmirəm. Amma sənə söz vermişəm, dözəcəm. Məni burax, Qara donur.

Komandir Dağlaroğluna:

- Sən bunun ayaqların bir az  da ovub  geyindir.

Komandir nə fikirləşirsə avtomatların  qundaqlarını sökür, desant  bıçağı ilə parçalayır.

Şair:

- Neyləyirsən, Komandir?

Komandir:

- Qoymaram donasız!

Qundaqların parçalarını  üst-üstə yığır, erməniyə:

- Davay flyaqa.

Erməni flyaqasını verir. Komandir flyaqadakı benzindən tökür qam-qalağın üstə:

- İndi hamınız ayaqlarınızı soyunun.

Uşaqlar təəccüblə bir-birlərinə baxırlar, sonra ayaqlarını birtəhər soyunmağa başlayırlar.

Komandir erməniyə:

- Tı toje.

Erməni də ayaqların soyunur.

Komandir ocağı yandırır:

- İndi ayaqlarınızı tutun   oda.

Özü isə Qaranın ayaqlarını ovur.

Şair:

- Komandir, səndən yaxşı  masajist çıxar…

Komandir:

- Qələt eləmə. İndi geynin, qədeş, sən  Qaraya kömək elə. – sonra ayaqqabların hamısının ipini çıxarır, dillərini kəsir və atır ocağa.

Komandir ciblərini eşələyir, xeyli məktub  çıxır, onları da ocağa atır, yandırmağa heç nə qalmayıb, dönüb Bayrağın dirəyinə baxır, sonra  fikrindən dönür. Fikirləşir, sonra  qəfildən kürkünü  çıxarır və onu da parçalayıb atır ocağa.

Dağlaroğlu:

- Neyləyirsən?

Komandir:

- Özüm ölsəm də, qoymaram donasınız!

… Məkan dəyişir. Erməni postu. Ermənilər də  kefdə deyil. Amma yerləri  istidi, yeməkləri də var.

Əsgərlər öz aralarında pıçıldaşırlar.

Zabit:

- Yenə öz aranızda nə qırıldadırsız?

Əsgərlərdən biri:

- Komandir, axı Arsen də donacaq.

Zabit:

- Deyirsiz indi nə edim?

- Komandir sənsən, bir şey fikirləş də!

Zabit:

- Görmədiz, mən əlimdən gələni elədim. Getdim o itoğlunun ayağına, yalvardım da, vermədi.

Əsgərlərdən biri:

- Bəs deyirdin bir məktəbdə oxumusuz, qardaş olmusuz?!

Zabit:

- Baş-beynimi aparmayın, nə qardaş?! Qardaş qardaşın qanına susuyar?!

Əsgər:

- Onda hücum edək! Beş-altı nəfərdilər də!

Zabit:

- Dedim ki, gücümüz çatmaz. Əvəllər neçə dəfə hücum eləmişik, bir faydası olmayıb.  Hələ gözləyək. Onsuz da donacaqlar. Özü də bir Arsenə görə sizi güllənin qabağına verə bilmərəm.

***

… Məkan dəyişir. Bizim post. Ocaq sönüb. Dağlaroğlu qımıldanmır, donmaqdadı. Komandir onu silkələyir:

- Dağlar, ay Dağlar!..

… Məkan dəyişir.

Dağlaroğlu məktəbin həyətində hay-küylə uşaqlarla  futbol oynayır. Necə vurursa top hasarı aşıb qonşu həyətə düşür. Dağlaroğlu çıxır hasara.

Həyətdəki qadın:

- Ay bala, bu evdə nə pəncərə qaldı, nə də bu həyətdə ağac. İndii sizin əlinizdən  köçüb gedək?! Bəsdirin də! Vermirəm topu!

- Xala, qələt eləmişik, bir də  olmayacaq…

- Yox, bitdi! Doğrayacam bu topu.

Dağlaroğlu:

- Xala, sən Allah doğrama. Bu  boyda rayonda  futbol  topu tapılmır. Yalvarırıq. Axı sən yaxşı xalasan!

Qadın:

- Bir də düşsə, doğrayacam!- deyir və topu yenidən atır məktəbin həyətinə.

Dağlaroğlu topun ardınca qaçır…

***

… Məkan dəyişir. Bizim post. Komandir  Dağları buraxır, Şairdən yapışır. Silkələyir, bir az sillələyir, görür bir şey çıxmadı, basır bağrına.

***

… Məkan dəyişir. Kənd həyəti, vur-çatlasındı. Qoyun kəsən kim, ocaq qalayan kim.   Çay süfrəsi, dostlar süfrənin ətrafında. Hamısı hərbi formadadı.

Şair dostlarını  onlara çay süzən anası ilə tanış edir:

- Ana, bu Dağlaroğludu, quşu gözündən vurur. Bu Bakılı Balasıdı, elm dəryasıdı. Bu da bizi ölümdən qurtaran Komandirimizdi, oğlanları da özü kimi əjdahadı. Qara adlı bir qardaşımız da var, indilərdə gələcək.

Ana əlindəki çayniki süfrəyə qoyub Komandiri qucaqlayıb boyun oxşayır:

- Boyuna  qurban   olum,  ay oğul! Uşaq həmin gecə haqqında o qədər danışıb ki! Sən olmasan hamısı donacaqmış, - sonra üzünü tutur Dağlaroğluyla Bakılı Balasına deyir; - Qurban olum boyunuza, xalanız gəlsin toyunuza.

Komandir üzünü tutur Şairə:

 -  Qardaş, sənin anan şairiymiş ki! Sizin Qazaxda  hamı  şeir yazır?

- Niyə? Bəs İsmayıl Şıxlı?!

Bir az aralıda ağacdan asılmış qoyun cəmdəyini şaqqalayan Şairin  atası da söhbətə qoşulur:

-  Ay oğul,  qazaxlıların  başı  şeirə qarışmasaydı,   indi   dünyanın yiyəsiydilər.

Bakılı Balası:

- Dayı, qoy sənə kömək eləyək.

Şairin atası:

- Yox, ay oğul, sağ olun. Siz çayınızı için. Xoşum gəlir qoyun doğramaqdan. Cavanlıqda uzağı on dəqiqəyə kəsərdim də, doğrayardım da. Hələ sizə bir kabab çəkəcəm ki, barmaqlarınızı yalayacaqsız.

Şair:

- Narahat olmayın, kişi bu işin ustasıdı. Siz durun gedək  Kürə, Qara gələnəcən bir az  balıq  tutaq. Bizimkilər də süfrəni hazırlasınlar. Heç  qarmaqla  balıq   tutmusuz? Balıq ki sudan çıxır ey, əlini atıb çırpınan  balıqdan  yapışırsan, - çevrilib Komandirə baxır; - elə bil o artist  qızın məmələrindən yapışırsan...

Gülüşürlər…

Düşürlər Kürə tərəf. Bir uşaq Komandirin pencəyindən darta-darta yalvarır:

- Əmi,  ay  əmi, papağını  ver  də mənə!

Komandir papağını qoyur uşağın başına, uşaq da dərhal ona hərbi salam verir. Komandir də ona hərbi salam verir:

- Ə, kişiqırığı, sən lap generala oxşadın ki!

Ardı var...

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV