Əvvəli burada
Komandir:
- Hə, məmələri yarı çöldə, saçları da şəlalə kimi tökülüb məmələrinin arasına. Dünya gözəli qız ola, özünüz kinoda görmüsüz də, mənim kimi görməmiş kənd uşağı! Elə dəhlizdə qamarladım ey...
Şair dişləri şaqqıldaya-şaqqıldaya:
- Komandir, mən ölüm, sən ona heç nə eləməmisən.
Komandir:
- Necə qamarladımsa…
… Məkan dəyişir. Xəlvət otaq. Aktrisa hamamdan çıxıb, xalatın bütün düymələri açıq, məmələr çöldə, saçlar tökülüb məmələrinin arasına. Aktrisa Qaranın əlindən tutub gətirir yataq otağına, xalatı çıxarıb atır. Qara qızarır, utana-utana əlini onun döşünə yaxınlaşdırır, dayanır.
Aktrisa:
- Birinci dəfədi?
Qara:
- Hə!
Aktrisa dodaqlarını onun dodaqlarına yapışdırır…
… Məkan dəyişir. Komandir Qaraya bir-iki yüngül şapalaq vurur:
- Ə, demədim yatma?!
Qara gözünü açır,.. səngər… çovğun… deyir:
- Komandir, sən nə namərd adamsan!
Komandir:
- Yatma, yatma! Söy məni, amma yatma! Gördüyünüz yuxu deyil ey, ölümdü! Ölüm! Başa düşürsüz?!
Sonra Qaranın sinəsini açır, ovur və deyir:
- Bax, yatsan nə sabah axşam televizorda xəbərlərə baxa biləcəksən, nə də sağ qaldığını eşidəcəksən.
Bakılı Balası:
- Komandir, sən qoyma uşaqlar dona, mən birtəhər dözəcəm.
... Məkan dəyişir. Komandirin evi. Televiziyada «Uzaq sahillərdə» filmini göstərirlər.
Komandirin xanımı boşqaba yemək çəkir. Anası yun corab toxuyur.
Xanım:
- Ay xala, yorulmadın bu corab toxumaqdan.
Ana:
- Uşağın əsgərlərinə göndərəcəm, bu sonuncudu.
Xanım:
- Ay xala, indi keçmiş zaman deyil, hökumət hər şey verir.
Ana:
- Hökumətin verdiyi başqa, mənim toxuduğum başqa.
Böyük qardaş:
- Nənə, bax, Mixaylo atamıza oxşayır.
Komandirin Anası gülümsəyir:
- Anjelika da ananıza!
Xanım televizoru söndürmək istəyir:
- Yaxşı, Mixaylonun uşaqları, gəlin çörəyinizi yeyin, yatmaq vaxtıdı.
Uşaqlar çığırışır:
- Dəymə, dəymə!
Komandirin Anası:
- Dəymə, qoy uşaqlar atalarına baxsınlar.
***
… Məkan dəyişir. Mayor ərzaq anbarında bir əsgərlə müxtəlif ərzaqları stolun üstə yığır.
Əsgər:
- Yoldaş mayor, bu qədər ərzağı xeyirdimi? Siz heç vaxt burdan ərzaq götürməzdiz?!
Mayor:
- Xeyirdi, sabah ad günümdü, qonaqlarım olacaq, bazarlıq etməyə vaxtım olmayıb. Deyəcəm, pulunu maaşımdan tutacaqlar.
Əsgər:
- Yoldaş mayor, mən o mənada demədim.
Mayor gülümsəyir:
- Bilirəm. Sən ordan iki butulka da spirt gətir.
Əsgər gedib iki butulka da spirt gətirir. Mayor stolun üstündəkiləri bir çantaya yığır.
Əsgər:
- Yoldaş mayor, siz gedin, mən bir azdan özüm evinizə gətirərəm.
Mayor:
- Yox, sağ ol, qapıyacan aparsan bəsdi.
Əsgər çantanı götürür və Mayoru hərbi hissənin nəzarət məntəqəsinədək ötürür.
Qapıya çatanda əsgər deyir:
- Yoldaş Mayor, ağırdı, bəlkə evəcən.
Mayor:
- Sağ ol əsgər, sən qayıt çörəyini ye, yemək vaxtıdı.
Mayor çantanı əsgərdən alıb geyir kürəyinə və hərbi hissədən çıxır.
... Məkan dəyişir. Televiziyada xəbərlər proqramı.
- Axşamınız xeyir! "Xəbərçi"nin iyirmi bir buraxılışı efirdədi.Müdafiə Nazirliyinin MətbuatXidmətinin verdiyi məlumata görə, cəbhə xəttində sakitlikdir.
İndi isə günün əsas xəbər başlıqları. Bəxtiyar Vahabzadə ilə Məmməd Araz aclıq aksiyası keçirən Qarabağ qaziləri ilə görüşüb. ATƏT-in həmsədrləri bu gün Yerevanda olublar, Ermənistanın xarici işlər naziri ilə görüşüblər, sabah Bakıya gələcəklər. Türkiyədə PKK Vanda polis binasını atəşə tutub. İndi isə daha ətraflı…
… Məkan dəyişir. Komandir ermənilərin dərədə batıb qalmış maşınına baxır, bir donmaqda olan uşaqlara baxır, sonra öz-özünə nə isə hesablayır.
Və Komandir qalxır ayağa, üzünü əsgərlərə tutub deyir:
- Uşaqlar, mən gedirəm maşına.
Bakılı Balası:
- Hara?
Komandir:
- Cəhənnəmə!
Dağlaroğlu:
- Bura cəhənnəm deyil ki?!
Bakılı Balası:
- Cəhənnəm olsa, nə dərdimiz vardı, indi qırqazanının içində buğlanırdıq.
Qara:
- Komandir, niyə gedirsən ki?
Komandir:
- Bəlkə əlimə bir şey keçdi. Heç olmasa bir təkər gətirə bilsəm, səhərəcən bəsimizdi.
Şair:
- Vurarlar səni.
Komandir:
- Vura bilməzlər. Siz məni qoruyarsız. Gördünüz ituşağı duyuq düşdü, basın gülləyə.
Qara:
- Bəs ATƏT?!
Komandir:
- ATƏT qələt eləyir!
Şair:
- Getmə, Komandir, səhərədək birtəhər dözərik.
Komandir Şairi öpür:
- Qorxma!
Dağlaroğlu:
- Bəlkə mən gedim.
Komandir:
- Yox. Yerimdə sən qalırsan. İşdi-şayətdi, başıma bir iş gəlsə, siz möhkəm olun. Nə edirsiz-edin yatmayın. Yatmasaz donmayacaqsız. Amma yatıb postu təhvil versəz, sizi o dünyada da olsa tapıb öz əllərimlə güllələyəcəm. – sonra flyaqasın çıxarıb verir Dağlaroğluna; - Ala, amma içməyin, burnunuza çəkin.
Komandir ehtyiatla aşağı yenməyə başlayır…
Şair:
- Gərək buraxmayaydıq.
… Məkan dəyişir. Komandirin Anası titrəyə-titrəyə girir içəri, əlindəki sərnicdən südü bir qaba süzüb qoyur sobanın üstə. Televiziyada «Uzaq sahillərdə». Mixaylo almanları qırır.
Böyük qardaş əlini tapança kimi tutub sevinclə qışqırır:
- Ta! Ta! Ta! Ta!
Komandirin Xanımı balacanı yedirtmək istəyir, uşaq isə gözünü zilləyib televizora.
Komandirin Anası:
- Bala, dünya donub. Qorxuram heyvanlar da dona, ikisindən bir qab süd çıxmadı. Yazıq uşaq indi dağın təpəsində, qar-qiyamət! Köpəyuşağı qoymadılar adam kimi yaşayaq. Ay Allah, sən baisin tifağın dağıt.
Komandirin xanımı:
- Ay xala, indi sənin dediyin o yazıq özünü verib şəhərə, girib birxanımın qucağında xumarlanır! Sən də başlamısan dağ belə getdi, qiyamət belə gəldi.
Komandirin Anası əllərini qaldırır göyə:
- Ya xudavəndi-kərim olan Allah, sənə qurban olum, gəlin deyən olsun, mən deyən yox!..
… Məkan dəyişir. Komandir qara bata-bata maşına çatır. Ehtyiat təkəri sığallayır. Desant bıçağı ilə təkərin boltunu açmağa çalışır, gücü çatmır. Kabinəyə yaxınlaşır, qapını açır, çaşıb qalır. Bir erməni əsgəri mışıl-mışıl yatır. Əlini atıb onun avtomatını sakitcə götürür, dirəyir sinəsinə, lülə ilə möhkəm sıxır:
- Dur oğraş…
Erməni qımıldanır, amma gözlərini açmır. Komandir avtomatın lüləsi ilə bu dəfə onun sinəsindən vurur:
- Dur, şandığa!
Əsgər gərnəşir, gözlərini ovxalayır və qarşısında Azərbaycan zabitini - Komandiri görəndə gözləri bərələ qalır, heç nə anlamır, qorxudan udqunmağa başlayır. Komandir barmağını dodaqlarına yaxınlaşdırır:
- Suss! Azərbaycanca bilirsən?
Erməni başını həyəcanla və qorxa-qorxa bulayır – yox!
Komandir:
- A pa russki…
Erməni:
- Znayu.
Komandir:
- Mantirovka! Qde mantirovka! Davay!
Erməni kənara çəkilib oturacağı qaldırır və ordan mantirovkanı götürüb Komandirə uzadır.
Komandir mantirovkanı alır və onu çəkib kabinədən düşürür, maşının altındakı ehtiyat təkəri göstərir:
- Davay otkrıvay!
Erməni nə qədər əlləşir təkərin bağlandığı boltu açmağa gücü çatmır, keyimiş əllərini üfürə-üfürə dönüb yazıq-yazıq Komandirə baxır.
Komandir onu kənara itələyir, özü girişir açmağa:
- Ya Allah!
Çətinliklə olsa da birtəhər təkəri aça bilir, sonra erməniyə deyir:
- Ey dığa, veryovka yest?
Erməni:
- Yest.
- Davay prinisi.
Erməni kabinəyə qalxır, oturacağın altından kəndir gətirir.
Komandir:
- Tam çto-nibud yest pokuşat?
Erməni kabinədən çantasını gətirir. Komandir ondan çantanı alıb açır, içində çörək, kolbasa, sala, siqaret...
Komandir hamısını doldurur qoynuna.
- A vodka?
- Vodka net. Vodka tolko dlya komandira.
Komandir onun flyaqasını alıb açır, əvvəl iyləyir, sonra içindəkin tökür yerə,qaytarır erməniyə, bakı göstərir:
- Davay napalnyay.
Erməni bakdan benzin çəkib flyaqanı doldurub verir Komandirə.
Komandir flyaqanı keçirir kəmərinə, sonra mantirovka ilə bakın altındakı boltu açıb benzini boşaldır yerə. Daha sonra kəndirin bir ucunu möhkəm-möhkəm təkərə bağlayır və o biri ucunu verir erməniyə, yuxarını göstərib deyir:
- Taşi!
Erməni kəndirlə təkəri yuxarı çəkir, Komandir də gah çiyni ilə, gah da əlləri ilə təkəri yuxarı itələyir. Qara bata-bata çox çətinliklə üzü yuxarı posta tərəf qalxırlar. Bir azdan hər ikisinin nəfəsi təngiyir, yorulurlar, oturub nəfəslərini dərirlər.
Erməni qorxa-qorxa soruşur:
- Tı menya ubyoş?
Komandir:
- Ne boysya, ya tebya ne ubyu. Yesli xoçeş jit, davay taşi.
Nəfəslərini bir az dərəndən sonra Komandir qalxır və erməniyə də işarə edir ki, qalx. Yenidən yuxarı dırmaşırlar. Hiss olunur ki, erməninin gücü tükənib, arada-bir dizi üstə düşür, sonra yenə qalxır. Və birdən kəndir erməninin donan əlindən çıxır, Komandir nə illah edir təkəri saxlaya bilmir, təkər Komandiri də yıxıb dərə aşağı dığırlanır.
Komandir dərəyə dığırlanan təkərin ardınca elə baxır, elə baxır, sonra yumruğu ilə yeri döyəcləyir. Qalxıb özünü atır erməninin üstə, başlayır döyməyə:
- Sənin ölənləriyinin… - bıçağı çıxarır, dirəyir erməninin boğazına, erməni uşaq kimi ağlayır. Komandir başını bulayır, özünü ələ alır və ermənini yerdən qaldırır:
- Vstavay!
Posta çatırlar. Komandir avtomatın qundağı ilə erməninin kürəyindən vurub salır səngərə:
- Təkəri buraxdı itin doğduğu.
Uşaqlar hamısı təəccüblə erməniyə baxırlar. Erməni yalvarır:
- Klyanus materi, ya ne xotel, sila ne xvatila...
Komandir:
- Maşında yatmışdı, itoğlu!
Şair:
- Komandir, indi bu itoğlun nə edəcəyik?
Komandir:
- Nə bilim nə edəcəyik?! – sonra əsəbi; - Paza keçirdəcəyik. Heç olmasa bunları gətirə bildim.-deyir və qoyun-qoltuğundakı ərzağı çıxarır, beş yerə bölür və paylayır uşaqlara; - Birdən yeməyin. Heç olmasa bir-iki tikə də olsa saxlayın.
Amma uşaqlar onu eşitmirlər, yeməyi az qala gözlərinə təpirlər. Komandir bir öz payına baxır, bir əllərindəkini acgözlüklə yeyən uşaqlara baxır, yazıq-yazıq ona baxan erməniyə baxır, payının yarısını erməniyə uzadır:
- Ala.
Erməni heç nə başa düşmür. Komandir yenə yeməyi erməniyə uzadır:
- Vozmi. Ne boysa. Vozmi ya skazal!
Erməni qorxa-qorxa əlini uzadıb yeməyi alır, o da tez-tələsik yeyir, sanki qorxur tutub əlindən alarlar, sonuncu tikəni udduqdan sonra deyir:
- Spasibo.
… Məkan dəyişir. Anbarda çalışan əsgər üst-başının qarını çırpıb təmizləyir və girir yeməkxanaya. Əsgərlər zarafatlaşa-zarafatlaşa şam edirlər. Əsgər gəlib öz bölümü ilə bir stolun arxasında oturur.
Əsgərlərdən biri:
- Bir az da gec gəlsən, sənin də payını yeyəcəydik.
Əsgər özünə yemək çəkə-çəkə deyir:
- Bizim Mayor ərzaq tədarük edirdi, mən də ona kömək eləyirdim. Bilirsiz, sabah bizim Mayorun ad günüdü? Bəlkə yığışıb bir hədiyyə də biz alaq, yaxşı kişidi.
Əsgərlər təəccüblə bir-birlərinə baxırlar.
Çavuş deyir:
- Nə boş-boş danışırsan,ə? Mayorun ad günü iki-üç həftə bundan əvvəl klubda qeyd olunmadı? Polkovnik də hərbi hissənin adından bir saat da bağışladı.
Əsgər:
- Mən nə bilim ey. Bir çanta ərzaq yığdı, mənə də dedi ki, sabah ad günümdü, qonaqlarım olacaq. Bəlkə qonaqlığı sabah verir?!
Hamı əl saxladı və çavuşa baxdılar.
Çavuş fikirli-fikirli başını yellədi və dedi:
- Yeməyinizi bitirin, sakitcə qalxın. Mən bildim Mayor bir çanta ərzağı nə üçün götürüb. Bayaq qərargahda polkovniklə danışığını eşitdim.
Heç kəs əlini yeməyə uzatmadı. Hamı məsələnin nə yerdə olduğunu anladı və sakitcə qalxıb yeməkxanadan çıxdılar.
Çıxarkən biri çavuşdan soruşur:
- Bəs hissədən necə çıxacağıq?
Çavuş bir az əsəbi:
- Qız dalınca gedəndə necə çıxırdın, elə! – sonra üzünü hamıya tutub deyir; - Möhkəm geyinin, flyaqalarınızı da spirtlə doldurun!
***
… Məkan dəyişir. Bizim post. Çovğun davam edir. Uşaqlar bir-birinə sığınıblar. Komandir çıxılmaz vəziyyətdə başını alıb əllərinin arasına. Gecə keçdikcə şaxta bir az da artır.
Qara:
- Komandir.
Komandir başını qaldırır:
- Haycan, Qara!
Qara zarıyır:
- Komandir, ölürəm, qoyma...
Komandir əlacsız-əlacsız bircə qıça da Tanrı işığı görünməyən göyə baxır, uşaqlara baxır, sonra bir siqaret yandırıb verir Qaraya:
- Ala çək, bir az qızışacaqsan.
Qara:
- Mən siqaret çəkə bilmirəm.
- Ala dedim.
Qara siqaretdən bir qurtum alır və başlayır öskürməyə.
Komandir:
- Öskür, öskür, xeyri var. – sonra erməniyə baxır və deyir: - Çıxart buşlatı.
Erməni başa düşmür.
Komandir:
- Snimay buşlat,- deyir və gözləmir, çəkib buşlatı onun
əynindən çıxarır, atır Qaranın üstünə.
- Götür bürün.
Qara:
- Bəs o? Yazıqdı axı.
Komandir:
-Onun yazıq… Götür!
Qara bir az tərəddüd etsə də götürüb bürünür.
Komandir ürək ağrısıyla erməniyə baxır və deyir:
- Axı, sənin burda nə itin azmışdı ki, ay yetim.
Erməni:
- Çto vı skazali!
Komandir əlinin dalı ilə:
- Niçeqo!
(Ardı var)