… Kadrda Komandirin evi, iki uşaq yerdə, gəbənin üstə oturub oynayır. Komandirin xanımı paltar ütüləyir. Komandirin Anası çay içir. Televiziyada «Xəbərçi». Uşaqlar səs-küy salır:
- Ay uşaq, ə, bir səsinizi kəsin görək nə deyirlər də!
Diktor:
- Axşamınız xeyir! "Xəbərçi"nin on yeddi buraxılışı
efirdədir. Studiyada Rüstəm Əbülfətoğludur. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumata görə, cəbhə xəttində sakitlikdi. Atəşkəs pozulmayıb. İndi isə günün baş xəbərləri. Qarabağ qaziləri...
Ana əllərini göyə qaldırır:
- Allah, sənə şükür, bu gün ölüm-itim yoxdu!
… Məkan dəyişir. Dağın zirvəsinə yaxın Post. Zirvədə Azərbaycan bayrağı. Səngər. Çovğun, külək it kimi uluyur. Dizdən yuxarı qar. Əsgərlər səngərdə kürək-kürəyə veriblər, yorğundular.
Komandir radioəlaqə ilə az qala bağırır:
- Mərkəz! Mərkəz! Mən Şahinəm! Mərkəz! Mərkəz! Şahinəm!
Qara:
- Komandir, özünü öldürmə! Görmürsən ratsiya donub?!
Komandir:
- Mərkəz! Mərkəz! Ə, ölmüsüz, cavab verin də! Ay it…
Qara:
- Komandir, söymə! Onlar ölməyib ey, biz ölmüşük!
Dağlaroğlu:
- Komandir! İndi bizi heç Allah da eşitmir! Çığırma, qoy yataq də!
Komandir onlara fikir vermir:
- Mərkəz! Mərkəz! Mərkəz!
Şair:
- Komandir, Dağlaroğlu düz deyir! İndi bizi Allah da eşitmir. Sən Allah, qoy öldüyümüz yerdə ölək!
... Məkan dəyişir. Qərargahın rabitə otağı, rabitəçi əsgər:
- Şahin! Şahin! Mən Mərkəzəm! Mən Mərkəzəm!
Mayor:
- Nə oldu?
- Yoldaş mayor, bütün günü çağırıram, cavab vermirlər. Yəqin ki, ratsiyaları xarab olub.
Mayor:
- Sən çağır. – sonra telefonu götürüb zəng edir; - Yoldaş polkovnik, cavab vermirlər. Yox, yoldaş polkovnik, bu havada heç cür kömək göndərə bilmərik. İki dəfə cəhd elədik, çovğun aman vermədi, əsgərlər yarıyolda qaldılar. Risq edə bilməzdim, qaytardım geri. Lap bir batalyon da göndərsək hamısı bu tufanda yenə yarıyolda qalıb qırılarlar, altından çıxa bilmərik.
Telefondakı səs:
- Mən tufan-mufan bilmirəm. Əsgərlərin yolda qalacağından qorxursansa, özün qalx!
Mayor:
- Qalxaram, yoldaş polkovnik. Mən ölsəm düzələr?!
Telefondakı səs:
- Gərək ki, sənin də oğlun var.
Mayor:
- Bəli, yoldaş polkovnik.
Telefondakı səs:
- Universitetdə oxuyur?
Mayor:
- Xeyr, yoldaş polkovnik. Əsgərdi, vallah, özü də Murovdadı!
Telefondakı səs:
- Elə fikirləş ki, sənin oğlun da onların arasındadı. Anlada bildim.
- Bəli, yoldaş polkovnik.
Telefondakı səs:
- Elə isə indi sənə əmr edirəm, qalx oğluyun və oğlanlarıyın yanına!
- Baş üstə, yoldaş polkovnik!- sonra yenə əsgərə müraciət edir: - Çağır, oğlum, çağır!
***
... Məkan dəyişir. Səngər, əsgərlər soyuqdan, şaxtadan bom-boz bozarıblar, əlcəklərini çıxarıb əllərini hovururlar. Komandir Şairi öpür, Qaranı dürtmələyir:
- Sizə qurban olum. Kişisiz ey, kişi!
Bayaqdan dillənməyən və avtomatını qucaqlayıb dişi-dişinə dəyərək sitildəyən Bakılı Balası:
- Komandir, belə getsə kişiliyimiz o söz!
... Məkan dəyişir. Erməni postu. Bayraq. Dağın ətəyindədi. Postların arası bir güllə məsafəsi. Ermənicə danışırlar. Tonqalları yanır. Amma onlar da yorğun və düşkün, şaxtadan sitildəyirlər. Tonqalın istisinə qızınmağa çalışırlar.
Əsgərlərdən biri:
- Belə getsə hamımız donacağıq.
Başqa bir əsgər:
- Özlərinin balaları Yerevanın saunalarında kef eləyir, bizim kimi yetim-yesirlər də dağlarda, dərələrdə tülkü kimi qırılırıq. Müharibə bir il olar, iki il olar.
Zabit əsəbiləşir:
- Axmaq-axmaq danışmayın. Biz əsgərik! Əsgərin də borcu vətən yolunda ölməkdi.
Əsgər:
- Vətən uğrunda ölər də, daha türklərin bu dağlarında yox.
Zabit:
- Bu dağlar türklərin deyil, bizimdi.
Əsgər:
- Babalarımızı da bu nağıllar öldürdü, atalarımızı da. İndi də bizi.
Zabit:
- Kəsin səsinizi, küçüklər!
Əsgər:
- Komandir, səsimizi kəs deyirsən, kəsək, amma kömək gəlməsə qırılacağıq, yanacaq da qurtarır.
Zabit:
- Gətirəcəklər. Ratsiya işləməsə də, vəziyyətimizi bilirlər. Siz necə ermənisiz?
Əsgər:
- Şaxtaya nə erməni, müsəlman!
Əsgər o biri əsgərdən soruşur:
- Türklərə kömək gəldi?!
- Yox!
Zabit:
- Gələ də bilməz! Heç bizə kömək gələ bilmir. Gör onlar hardadı, ora qalxmaq olar? Qoy donub qırılsınlar it uşaqları. Bu gecə o postu götürəcəyik. Sonra on gün evə, sevgililərinizin yanına.
… Məkan dəyişir. Dərədən ağır-ağır bir yük maşını yuxarı qalxır. Erməni əsgəri sevinclə:
- Komandir, bax, bizimkilər gəlir!
Zabit:
- Dedim kömək gələcək?! Bir az geciksəydilər hamınız vətən xaini olmuşduz. Amma inanmıram bura qalxa bilsinlər. Qalxsalar qəhrəmandırlar! – bu vaxt maşın dayanır; - Gördüz?!
… Məkan dəyişir. Ermənilərin maşını qara batır. Sürücü mühərrikə nə qədər güc versə də, təkərlər boşuna fırlanır, maşın yerindən tərpənmir. Erməni əsgərlər maşını itələyib batdığı yerdən çıxarmağa çalışırlar. Mümkün olmur, yorulurlar.
Erməni serjant (ermənicə):
- Bu maşın posta çıxan deyil. Şey-şüyləri götürün, burdan o yana piyada, marş!
Əsgərlər çantaları maşının banından yendirirlər və qara bata-bata posta dırmaşmağa başlayırlar.
Kadrda ermənilərin tonqalı. Əsgərlər öpüşüb görüşürlər, çantaları boşaltmağa başlayırlar.
… Məkan dəyişir. Bizim əsgərlər ermənilərin tonqalına elə baxırlar, sanki Qarabağ yanır. Qara dişini-dişinə qıcayır, pulemyota tərəf qalxır, heç kim əhəmiyyət vermir. Qara pulemyotu ermənilərin tonqalına tərəf tuşlayır, donmaqda olan əllərini hovurub tətiyi çəkir. Yanan güllələr havada uçuşur. Pulemyotun şaqqıltısı küləyin səsinə qarışır və dağlarda əks-səda verir.
Güllələr hədəfə dəyməsə də, ermənilər özlərini ora-bura atırlar.
... Ermənilər özlərinə gəlib cavab atəşi açırlar.
... Komandir Qaranın üstünə atılır və çəkib onu pulemyotun üstündən götürür:
- Ə, neynirsən itoğlu! Sabah komandirlər bizi minəcək. Hələ ATƏT-i demirəm.
Qara burnunu çəkə-çəkə:
- Sənin Atətiyin də, komandirləriyin də...
Bakılı Balası:
- Dünya dağılmadı ha! İtuşağı atəşkəsi hər gün on dəfə pozur, heç kim onlara gözün üstə qaşın var demir. Qoy bir dəfə də desinlər ki, atəşkəsi biz pozmuşuq.
... Məkan dəyişir. Erməni postu. Atəşin dayandığını görən erməni zabiti:
- Bəsdi, saxlayın! Onsuz da donub ölürlər, bu gecədən çıxmayacaqlar. Sabah bax, o bayrağı qoparıb bu ayaqqabılarımı siləcəm.
Əsgərlərdən biri:
- Komandir, Allah qoysa de!
Komandir:
- Allah qoysa da siləcəm, qoymasa da!
***
... Məkan dəyişir. Bizim post. Qaranın sifətində qan qalmayıb. Komandir onun ayaqlarını soyundurur, möhkəm-möhkəm ovxalayır, sonra öz sinəsini açıb Qaranın ayaqlarını sinəsinə sıxıb üstünü örtür. Qara xoşhallanır.
Komandir:
- Dədəm-nənəm sizə qurban, yatmayın! Yatsanız, donub öləcəksiniz. Ana-bacılarımızın xətrinə! - Bayrağı göstərir: - O Bayrağın xətrinə! Yatmayın!
Bakılı Balası:
- Komandir, bəlkə nağıllardakı kimi barmağımızı kəsib duz dolduraq?!
Komandir əsəbi:
- Lazım gəlsə, barmaqlarınızı özüm kəsəcəm, amma qoymayacam yatasınız.
Komandir sonra flyaqasını çıxarır, əvvəlcə Qaraya bir qurtum içirir, sonra verir uşaqlara:
- Bircə qurtum! İkinci qurtum ölümdü!
Hərə bir qurtum içir, sonra flyaqanı Komandirə qaytarırlar. Komandir də içmək istəyir, bir flyaqaya baxır, bir uşaqlara, içmir.
Komandir:
- Bir az da dözün. Çovğun bir az kəsən kimi kömək gələcək.
Görmədiz, ermənilər bizdən nə qədər aşağıda, dərədədilər, amma maşınları çıxa bilmədi, batıb qaldı. Dözün! Kömək gələcək! Mütləq gələcək! Yatsaq, hamımız donnub ölərik, ituşaqları da postu götürərlər.
Dağlaroğlu:
- Komandir, vallah döyüşdə ölsəm heç uf da demərəm! Amma indi partlayıram. Axı mən niyə burda donub ölməliyəm?! Biri var deyələr Dağlaroğlu şəhid oldu, biri də var deyələr donub öldü!
Və qalxır ayağa, səngərdən çıxmaq istəyir:
- Çıxıram gedəm, cəhənnəm olsun hamısı...
Komandir:
- Sən öl, bircə addım atsan səni deşik-deşik edərəm, köpəyoğlu! – və atılır Dağlaroğlunun üstə, çəkib salır səngərə və başlayır yumruqlamağa, üz-gözün qana boyayır. Dağlaroğlu ağlayır.
Komandir onun başını sıxır sinəsinə:
- Ağlama, qurban olum, ağlama! Sən mənim balamsan! Balam! Ata kimi vurdum.
Dağlaroğlu da Komandirin boynunu qucaqlayır, sonra donmaqda olan uşaqlara baxıb deyir:
- Məni bağışlayın, qardaşlar. Hirsimdən oldu. Bir qələtdi elədim. Mən sizi heç düşmən qabağında tək qoyub gedərəm!
Sonra Dağlaroğlu uşaqları bir-bir bağrına basır:
- Bu canım sizə qurbandı.
Komandir yenə bir-bir uşaqlara baxır. Şairin üz-gözünü qarla möhkəm-möhkəm ovur, sonra barmaqlarının ucu ilə təmizləyir:
- Ə, küçük, demirəm yatma?! Yatsan donub öləcəksən! Ə, sən nə cür müsəlmansan, ağzımda bir «Quran»lıq söz danışıram, yenə eşitmirsən. Yatma da, küçük!
Qara:
- Komandir, sabah axşam televizordakı xəbərlərə bu gün baxa bilsəydim, dərdim olmazdı.
Komandir:
- Ə, nə boş-boş danışırsan? Sabah axşamkı xəbərlərə bu gün baxmaq olar? Özü də nəyinə lazım?!
Qara:
- Heç, bilərdim ki, bu gecə donub ölmüşük, ya yox.
Uşaqlar güclə də olsa Qaranın bu sözlərinə gülümsəyirlər.
Komandir də gülümsəyir:
- Darıxma, sabah axşam hamımız bir yerdə televizorun qabağında çay içə-içə baxıb görərik donub ölmüşük, ya yox!
Bu zarafatdan bir az qıvrığı açılan Bakılı Balası burnunu çəkə-çəkə soruşur:
- Komandir, sən canın, o Artist qızın axırı nə oldu ey...
Komandir:
- Deməli, belə. Bir də gördüm telefon özünü cırır. Götürdüm. Gördüm bu. Dedi, axşam bizə gələrsən. Ürəyim düşdü ayaqlarımın altına. Vay dədəm, vay! Məni evə çağırır?. Getdim Axund hamamına. Qəşəng-qəşəng çimdim. Üzümü yaxşı-yaxşı qırxdırdım.
Şair:
- Təkcə üzünü?
Bakılı Balası:
- Ə, tərbiyən olsun.
Komandir:
- Hə, üzümü yaxşı-yaxşı qırxdırdım, çıxdım oturdum bir taksiyə, dedim, qədeş, sür Yasamala. Bazarla üzbəüz, beşmərtəbəli bina var ey, bax orda üç otaqlı lüks evi vardı. O kinodan sonra bir prokuror bağışlamışdı.
Şair:
- Bəs prokurordan qorxmadın?
Komandir:
- E, prokuror qoca kişiydi. Zəngi basdım. Əvvəl-əvvəl qapının deşiyindən baxdı...
Komandir gördü Qaranın gözləri yumulur, dürtmələdi:
- Qara, ay Qara!
Qara hövləndi:
- Atırlar?
Komandir:
- Bir də yatsan təpənə elə bir qapaz salacam, gözlərin düşsün ovcuna!- flyaqanı uzatdı ona:- Ala, bir qurtum al, əvvəlcə ağzını yaxala, sonra iç.
Qara bir qurtum alıb flyaqanı qaytarır.
Şair:
- Komandir, bir qurtum da mənə.
Dağlaroğlu:
- Mənə də bir qurtum.
Komandir onlara vermir:
- Qələteləməyin, siz hələ dözə bilərsiz.
Bakılı Balası:
- Ə, bir dayanın də. Hə, Komandir, sonra nə oldu ey?
Komandir:
- Qapını açdı. Suyun içində, əynində xalat. Xalatın yuxarı düymələri açıq, məmələri də yarı çöldə. İslanmış saçları şəlalə kimi tökülüb məmələrinin arasına...
Şair:
- O da qırxdırmışdı?
Bakılı Balası:
- Ə, demədim tərbiyən olsun.
Şair:
- Saçlarını deyirəm də, niyə hirslənirsən?
Komandir söhbətini kəsdi. Uşaqların qanı donmuş sir-sifətlərinə baxdı, sonra boynundakı şərfi çıxarıb bir neçə yerə böldü, payladı uşaqlara:
- Alın, ağız-burnunuzu örtün.
Uşaqlar:
- Bəs sən?
Komandir:
-Mən Sibirdə bundan da pis şaxta görmüşəm. Tüpürürdük, havada donurdu.
Uşaqlar şərflə ağız-burunlarını örtdülər.
Bakılı Balası:
- Hə, Komandir, məmələri yarı çöldəydi, saçları da şəlalə kimi tökülmüşdü məmələrinin arasına…
Komandir:
- Hə, məmələri yarı çöldə, saçları da şəlalə kimi tökülüb məmələrinin arasına. Dünya gözəli qız ola, özünüz kinoda görmüsüz də, mənim kimi görməmiş kənd uşağı! Elə dəhlizdə qamarladım ey...
Şair dişləri şaqqıldaya-şaqqıldaya:
- Komandir, mən ölüm, sən ona heç nə eləməmisən.
Komandir:
- Necə qamarladımsa…
(ardı var)