Hərdən öz-özümə düşünürəm. Görəsən insanın, lap elə mənim özümün var olmağım, həyatda hansısa bir yeri tutmağım başqalarına nə verir. Onlara hansı təsir göstərir və yaxud onları sıxıb incitmir ki?
İlk baxışda bu çox pessimist, hətta adamın içini ağrıdan, əhvalını pozan suallardı. Amma hər bir sualın mütləq mənada cavabı olmalıdı və təbii ki, var. Ona görə də heç vax sualdan qaçmıram, bilmədiyimi öyrənməyə çalışıram, bildiyimi cavablandırıram. Bax, bu qaydada dilimə, içimə gələn sualların da cavabını tapmağa çalışıram. Təbii ki, mən o sualları daşa, divara, ağaca, göyə, yerə vermirəm, ünvanlamıram. Həmin suallar gördüyüm, tanıdığım, sevdiyim, yəni yanımda və ürəyimdə olan adamlara ünvanlanır. Amma etiraf edim ki, hərdən sualı ünvanladığım adamlar da susurlar, ya da etinasızlıq göstərirlər və yaxud özlərini eşitməməzliyə vururlar. Bir sözlə, sual elə içimdə, dilimdə sual olaraq da qalır. Mən də bir az tərs, israrlı adamam. İstəyimə çatmaq üçün inad göstərirəm. Ona görə də hərdən ağına, bozuna baxmadan və yaxud da bu sualın cavabının acı olacağını düşünmədən gedirəm o adamların üstünə, döyürəm qapılarını, zəng vururam telefonlarına. Məqsədim də sualıma cavab almaqdı. Ən çox da səni rahatsız edirəm. Səni o sualların cavablarını mənə deməyə inandırmaq, razı salmaq istəyimdən əl çəkmirəm. Sən isə…
Bəli, sən də susursan. Üz cizgilərindən, baxışlarından bilirəm ki, o suallar və onun cavabları sənin mənə demək istəmədiklərindi. Amma nə olsun ki, onsuz da bir gün özün də bilmədən, özün də hiss etmədən hansısa bir məqama, hansısa bir hadisəyə, olaya, reallığa münasibət bildirəndə o cavablar da gəlib keçəcək mövzunun içindən. Bax, mən onda yerimi də, yaşam haqqımı da bir Allah bəndəsi olaraq sənin dəyərində görəcəm, sənin sözündə tapacam. İnan buna. Mən ümidsiz adam deyiləm, heç inamsız da, inancsız da deyiləm. Bax, ona görə də həmin o suallara gedən yolda, yəni bu baş sındırdığım anda içimdən gəlib keçən bir istəyi misralamışam. Və yazmışam ki:
Hər çöhrədə nur, işıq var,
Görə bilsən, görə bilsən.
Hər işığa bir aşiq var -
Görə bilsən, görə bilsən.
Əkiz taydı daş və divar,
Həmnaxışdı, su və cuvar.
Kirpikləri bir-bir suvar -
Görə bilsən, görə bilsən.
Pərvanəsi o dərdin, mən,
Pöhrənəndi o, dərdim mən!
Bu dərdimi o dərdimdən –
Görə bilsən, görə bilsən.
Qoyma sınam, yaralanam,
Bil ki, sənin yar adanam!
Eşq dünyası yaradaram –
Bir az ümid verə bilsən!
Hə, gördünmü, yaşamaq üçün, öz yerində olduğunu, dayandığını bilmək üçün mütləq ümid lazımdı. O ümid də Allahdan və səndən gəlib keçir. Yaradan O, çatdıran isə Sənsən. Burada bir asilik, burada bir dinə, Tanrıya qarşı çıxmaq yoxdu. Ona görə ki, mən sevginin Haqdan gəldiyinə, Allah payı olduğuna gün işığı kimi inanıram. Və deməli, birmənalı olaraq, bütün varlığıma hopan budur ki, duyğular, hisslər, sevgi ilə cilalananda həyat tamam başqa cür olur.
Söhbət burda təkcə intim aləmdən getmir, kiminləsə qol-qola gəzməkdən, diz-dizə oturmaqdan bəhs olunmur. Söhbət burda iki ürəyin bir sinədə, iki bəndənin bir canda özünü tapmasından, özünü tamamlamasından gedir. Bu cütlük əslində bir böyük TƏKLİKDİR!!! Onları da tək edən sevgidi. Alınan nəfəs, döyünən ürək, görən göz, düşünən ağıl... Bunlar elə bir vasitədir, elə bir qeyri-adi məcundur ki, cütlüyü sevgi vasitəsilə bütövləşdirir. Onların həyatı da, yaşamı da, demək olar ki, hər anları dünyanın harasında olmağından asılı olmayaraq həmişə güvəndə, həmişə bir bütövlüyün daxilində özünü təqdim edir.
Görən də, anlayan da onları bir-birindən uzaqda təsvir edə bilmir. Bir az sadə dildə desəm, sanki yarı bölünmüş alma…sanki insanın özü və kölgəsi…sanki güzgüyə baxan adam. Bax, bu cür qoşalaşma, bütövləşmə hakim olur sevgidə hər kəsə – Sevənə!
Mən pafoslu görünən, amma əslində içimdəki sualın (özüm üçün müəyyənləşdirdiyim sualın - Ə.M.) cavabı olan bu fikirlərin arxasında sona qədər duracağıma əminəm. Ona görə ki, (təkrara görə üzr istəyirəm – Ə.M.) sevgim haqdan gəlib və o da mənə bir əminlik gətirib. O əminlik də mənim ürək çırpıntılarımı sənə ünvanlayıb, sənin cavabını gözləyə-gözləyə mən də sözün işığında özüm-özümdən soruşmuşam ki, bu hər kəsin bildiyi, amma hər kəsin yaşamadığı sevgidən güclü hansısa doğma bir hiss varmı?
Zatən mən düşünürəm ki, insanın iki ən böyük duyğusu, yəni gizlədə bilmədiyi ali hissi var, onun biri sevgidi, ikincisi nifrət. Sevginin pik nöqtəsi sənsizliyi yaşaya bilməməkdi. Nifrətin pik nöqtəsi intihar və yaxud qətldir…
Görürsənmi, bir varlıq olaraq sevgi və nifrət bizi haralara aparır. Elə ona görə də hərdən özüm-özümlə danışıram və sonra da danışdıqlarımı sənə söyləyirəm, səndən cavab gözləyirəm. Və o cavab gələnə kimi isə dözməyib, səbirsizlik edib bu misraları kağıza köçürürəm:
Niyə incidirsən məni bu qədər,
Hansı günahımın cəzasıdı bu?!
Namazım SEVGİDİ! - həmin o gündən
Bəs onda de nəyin qəzasıdı bu?!
Ürəyin ürəklə kəsmət kəsməsi,
Sayılır mənimçün ruhun vəsməsi.
Baxış pıçıltısı, dodaq əsməsi,
Sevginin ən incə əzasıdı bu?!
Fikirdi yoğuran, diləkdi yapan,
Atını dörd nala fələkdi çapan.
Tanrı dərgahında özünü tapan,
Bilir ki, məhəbbət fəzasıdı bu!
İnsan ömrünün demək olar ki, ən böyük payını, hissəsini yerdə, torpağın üzərində keçirir, yaşayır. Müəyyən qrup var ki, onların işi, fəaliyyəti daha çox fəza ilə, hündürlük ilə, yəni yerdən yüksəklikdə reallaşır. Gah işıq dirəyinin üstündə, gah neft buruğunun qülləsində, gah təyyarədə, bir sözlə, torpaqdan hansısa bir məsafdə keçən bu ömür sonda yenə torpağa söykənməli olur. Obrazlı desəm, yer həmin adamlara bir trampilin kimi təkan verir, onların start nöqtəsi olur, ordan başlayır uçuş da, qülləyə qalxmaq da. Lap uşaqlıq illərimizdə olduğumuz kimi, hansısa bir uca yerdən üzü aşağı tullanmaq da... Bütün bunları xatırlamaqda məqsədim göy üzündən gələn Allah payı olan sevginin torpaqla bağlı hərdən orta məktəb illərində şagird dostlarımla etdiyim bir mübahisə yadıma düşür.
Hər kəsə məlumdur ki, yer öz oxu ətrafında fırlanır. Mən də onda şeirə, poeziyaya elə vurulmuşdum ki, hər şeyi obrazlı görürdüm. Hər şeydə bir bağlılıq axtarırdım və inadla sübut etməyə çalışırdım ki, yer göyə vurulub, onun aşiqidir. Ona görə də aşağıdan yuxarıya baxmaqla yanaşı, həm də ona can atır. Şairanə desəm, yer göyü, göy də yeri sevir. Vurulublar bir-birilərinə.
Siz, yəni oxucularım, mənim bu «şairanə fəlsəfə»mə necə qiymət verməyinizdən asılı olmayaraq, israrlı şəkildə mən öz mövqeyimdə qalıram. Ona görə ki, bu cahana sığmayan insan başqa bir cahanı ona görə rahatlıqla arayır ki, o, həmin cahanın var olduğuna əmindir. Bu, ilk anlamda «bu dünya – o dünya» deyimini, fikrini yada salsa da, mənim üçün elə bu dünya da, o dünya da Allahın var olduğu hər yerin içindədi, özündədi. Yəni yer göyün, göy yerin sevgisinin, bütövlüyünün içində yaşayır və bu da həm o israrla yaddaşlara yazılan bu dünya, o dünya deyiləni mənə görə bir-birinin içində olan göylə yerin özündə görür və bu, iç-içə olmaq, bir-birində tamamlanmaq, yazımın əvvəlində dediyim kimi, iki ürəyin bir sinədə birləşməsinin obrazlı görüntüsüdü.
Siz əmin ola bilərsiniz ki, hər şeyə qadir olan sevgi aşiqlə məşuqu, sevənlə seviləni necə qovuşdura bilirsə, bir-birinə can atanları da, bir-birinin içərisində var olanları da bu cür bütövləşdirir. Və bir də istənilən bucaq altında, istənilən nöqtədən baxanda ürəyin, ağlın, nəyi görmək istəyirsə, necə görmək istəyirsə, daha çox o cür görür, o cür hiss edirsən. Yəni mən səni yer üzündə heç kimin görmədiyi, hiss etmədiyi, yalnız Allahın görüb dəyərləndirdiyi bir mələk simasında görürəm. Nəfəsini də, saç düzümünü də, hətta barmaqlarının yazı yazarkən və yaxud hansısa bir işi görərkən etdiyi «rəqsi» də mən məhz özümün görmək istədiyim kimi görürəm. Bütün bunlar ömrü birtəhər yola vermək deyil və yaxud ömrü birtəhər öz istəyimə uyğunlaşdırmaq cəhdidi. Bütün bunlar mənim üçün gerçəklikdi - sənin özün kimi! Bax, o gerçəkliyi də mən yerin, göyün, sənin və mənim xəyallarımızın, varlığımızın içində yaşayıb, həm də yaşadığımı sözə çevirməyin şirin əzabını o andan yaşamaqdayam:
Kirpiklərim görüşmədi, əritdim,
Bir gecəni, bir səhərin içində.
Can atsam da qovuşdura bilmədim,
Bir həsrəti bir səhərin içində!
Baş qatsam da hər ölçüdə, biçidə,
Boş səhradı əllərimin içi də!
Vüsal, həsrət, bir də umud –üçü də –
Çabalayır, bir qəhərin içində!
Batan günəş, axan ulduz və bir də,
Güc qalmayıb dişim sıxan səbirdə.
Bilə-bilə yaşadığım cəbir də –
Bal daddırır, bal zəhərin içində!
Çöhrəndəki təbəssümdən çən ağır,
Nə dilədim tərsi ilə tən, yağır!
Söz önündə açıq-aşkar mən fağır
Gül sayıram «bir təhərin» içində!
Bu yazını başlayandan sonuna qədər mən bütövlükdən və sevgidən, əslində isə bütövlüyü yaradan sevgidən danışdım. Daha doğrusu, danışdıqlarımı bilgisayarın yaddaşına köçürtdüm. Amma bununla yanaşı, mən sözə çevirdiklərimi o çevrilmə anının özündə də bir gerçəklik kimi yaşayırdım və yaşadım da. Çünki səninlə üz-üzə idim, səninlə danışırdım, səninlə bölüşürdüm, Sənə səndən yazırdım.