SÖZ - XƏBƏR VƏ SOYUDUCU İSTEHSALI - İlqar Rəsul yazır

İLQAR RƏSUL
5434 | 2021-12-13 14:20

Bu günkü jurnalistika və media mahiyyət və fəaliyyət baxımından harada olmalıdırsa, məhz oradadı. Özü də təkcə bizdə yox, bütün dünyada. Və bizə də bu "sıçrayış" dünyanın özündən - inkişaf etmiş dövlətlərdən gəlib.

Vəziyyət eynidir hər yerdə. Sadəcə mövcud gerçəklik "parlaqlığı" baxımından böyük, qüdrətli cəmiyyətlərdə bir cür, kiçik, nisbətən zəiflərdə başqa cür təzahür edir.

Üstəlik, yalnız jurnalistika deyil, bütün sahələr belədi. Yəni təhsil, səhiyyə, sənaye və s.

Məsələn:

Ümumi götürəndə klinikaların əsas məqsədi sağaltmaqdan daha çox, xəstə cəlb etməkdi. Təhsilin əsas hədəfi şagird, tələbə kontingentinə malik olmaq.

İndi keçək konkret misala:

Əvvəl də dünyada soyuducuları qazanc məqsədilə istehsal edirdilər. Amma etibarlılığını heç də qazancdan arxa plana keçirmirdilər. İndi istehsalçılar soyuducunun 2-3 ildən sonra tədricən sıradan çıxması üçün daxilində min cür tələ qururlar. Eləcə də elektrik sobasında və s.

Yəni, əgər, bu gün istehsalçı dünya əsas diqqətini məhsulun keyfiyyətinə yox, malın reklamına yönəldirsə, niyə də mətbuatın amalı xəbərin başlığı yox, mahiyyəti, yaxud da televiziyaların dərdi aparıcının görünüşü yox, ağlı, savadı olmalıdır? Axı jurnalistika özü də bir istehsal sahəsidir və o da məhsulunu satmalıdır. Demək, diqqətini reklama yönəldəcək. Mətbuatın əsas reklamı da ki, cəlbedici başlıqlardı.

Bəli, düz deyil, belə olmamalı idi. Amma belədi. Əksini etsə, digər istehsal sahələrindən geri qalacaq və iflas edəcək. İllah da bizim kimi (hələ ki, hərənin bir sat açdığı) maaliyyəsi sabit olmayan mühitlərdə.

P.S. Əgər söz silahdırsa, demək ki, mətbuat silah istehsalçısıdır. Silah da ki, heç də həmişə haqq, ədalət naminə istehsal olunmur. Əlbəttə ki, hücum məqsədilə də istifadə olunacaq.

O ki, qaldı sözün müqəddəsliyinə, görünən odur ki, söz yalnız bir dəfə müqəddəs olub. O da Allahın nitqində "ol" deyimində. O da əgər olubsa...

 

TƏQVİM / ARXİV