adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2026 14:18
45
ANALİZ
A- A+

20 NOYABR – AĞDAM ŞƏHƏRİNİN TARİXİ ƏDALƏT GÜNÜ

Ağdam haqqında yazmaq mənim üçün sadəcə bir şəhərin tarixindən, onun keçmişindən və bu günündən bəhs etmək deyil. Ağdam mənim yaddaşımdır, uşaqlığımdır, yarımçıq qalmış məktəb illərim, içimdə heç zaman susmayan nisgil və eyni zamanda başımı dik tutmağa vadar edən qürurumdur. Bu şəhər mənim üçün coğrafi məkan anlayışından daha böyükdür. Ağdam mənəvi kimliyimin, dünyagörüşümün və həyat yolumun ayrılmaz parçasıdır.

Mən Ağdamın ağrısını kənardan müşahidə edənlərdən deyiləm. Bu ağrını yaşamış, müharibənin insan talelərində açdığı yaraların şahidi olmuşam. Xocalı faciəsinin baş verdiyi o dəhşətli günlərdə qadınların, qızların və uşaqların təhlükəsiz yerə çıxarılması, insanların doğma yurdlarından ayrılmağa məcbur qalması ilə bağlı yaşanan sarsıntılar yaddaşıma əbədi həkk olunub. Həmin faciəli günlərdə mənim də məktəb həyatım yarımçıq qaldı. Bir uşağın əlindən alınan təkcə dərs kitabı, məktəb dəftəri deyildi; onun qayğısız uşaqlığı, dostları, doğma küçələri, müəllimləri və sabaha dair arzuları idi.

Bu şəxsi xatirə, əslində, bütöv bir nəslin taleyinin kiçik bir parçasıdır. Müharibə yalnız cəbhədə baş vermir. O, məktəbə gedə bilməyən uşağın yaddaşında, doğma evindən ayrı düşən ailənin gündəlik həyatında, illərlə geri dönüş ümidi ilə yaşayan insanın mənəvi dünyasında da davam edir. Münaqişənin nəticələrinin aradan qaldırılması yalnız dağıdılmış binaların yenidən tikilməsi deyildir. Eləcə də sosial yaddaşın, təhsil imkanlarının, mədəni mühitin, insan ləyaqətinin və nəsillərarası mənəvi əlaqələrin bərpası da bu prosesin ayrılmaz hissəsidir.

Bu gün alim kimi əldə etdiyim hər bir nailiyyətdə o yarımçıq qalmış uşaqlığın, itirilmiş illərin və doğma Ağdama olan mənəvi borcumun payı var. Mənim üçün elmin zirvəsinə doğru atılan hər addım həm də müharibənin yarımçıq qoyduğu arzuların mənəvi davamıdır.

Ağdam tarixən Qarabağın mühüm iqtisadi, ictimai və mədəni mərkəzlərindən biri olub. Şəhərin kimliyi yalnız coğrafi mövqeyi və memarlıq quruluşu ilə deyil, həm də formalaşdırdığı ziyalı mühiti, musiqi və sənət ənənələri, təhsil ocaqları, ictimai münasibətləri və zəngin mədəni yaddaşı ilə müəyyənləşib. İmarət kompleksi, Cümə məscidi, Qarabağ atları, muğam ənənəsi, Ağdamın tanınmış şəxsiyyətləri və özünəməxsus şəhər həyatı bu kimliyin müxtəlif qatlarını təşkil edir.

Ağdamın mədəni kimliyindən danışarkən onun muğam ənənəsini xüsusi qeyd etmək lazımdır. Muğam Azərbaycan xalqının fəlsəfi-estetik düşüncəsinin, emosional yaddaşının və mənəvi dünyasının ən dərin ifadələrindən biridir. Ağdam bu ənənənin yaşadıldığı, inkişaf etdirildiyi və nəsildən-nəslə ötürüldüyü mühüm mədəni məkanlardan olub. Deməli, Ağdamın dirçəlişi həm də bu musiqi yaddaşının, sənət məktəblərinin və mədəni varisliyin bərpası deməkdir.

1993-cü il iyulun 23-də Ağdamın işğalı nəticəsində rayon ərazisinin 77,4 faizi, bir şəhər və 80 kənd düşmənin əlinə keçdi. Şəhərin fiziki məkanı dağıdılmaqla yanaşı, onun əsrlər boyu formalaşmış sosial-mədəni mühiti də ağır zərbə aldı. Yaşayış evlərinin, məktəblərin, kitabxanaların, mədəniyyət ocaqlarının, məscidlərin və qəbiristanlıqların dağıdılması təkcə maddi itki deyildi. Bu, xalqın tarixinə, kollektiv yaddaşına və insanların doğma məkanla mənəvi bağlılığına vurulmuş zərbə idi. Ağdamın viran qoyulmuş mənzərəsi bir daha göstərdi ki, müharibə yalnız insan həyatını almır, həm də nəsillərin yaddaşında dərin izlər buraxır.

Ağdam Birinci Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Təxminən 6 min ağdamlı Vətən uğrunda canından keçib, onların 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır. Prezident İlham Əliyev də çıxışlarında Ağdam rayonunun müharibədə ən çox şəhid verən rayon olduğunu və ağdamlıların böyük qəhrəmanlıq göstərdiyini vurğulamışdır. Bu həqiqət Ağdamın təkcə itkilərinin böyüklüyünü deyil, həm də Vətən qarşısındakı xidmətinin miqyasını göstərir.

Ağdamın müdafiəsi və Qarabağ uğrunda mübarizə tarixində şəhidlərimizin adı xüsusi ehtiramla çəkilməlidir. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Teymur oğlu Bağırov bu yaddaşın ən parlaq simalarından biridir. Ağdamın yetirməsi olan Allahverdi Bağırov Birinci Qarabağ müharibəsi zamanı özünümüdafiə dəstələrinin təşkilində və bölgənin müdafiəsində iştirak etmiş, xüsusilə Xocalı faciəsi zamanı göstərdiyi humanist fəaliyyəti ilə tariximizdə silinməz iz qoymuşdur. Rəsmi məlumatlara əsasən, o, üç gün ərzində 1003 Xocalı əsirinin ermənilərin əlindən xilas edilməsində mühüm rol oynamışdır. Allahverdi Bağırovun fəaliyyəti qəhrəmanlığın yalnız silahlı mübarizədən ibarət olmadığını, insan həyatını xilas etməyin də ən ali fədakarlıq nümunəsi olduğunu göstərir.

Bu gün Ağdamın Vətən müharibəsi şəhidlərinin adını da ehtiramla anırıq. Onlardan biri Ağdam rayonunun Cinli kəndində anadan olmuş gizir Şəhriyar Nəsib oğlu Quliyevdir. Xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçusu olan Şəhriyar Quliyev Aprel döyüşlərinin iştirakçısı olmuş, 44 günlük Vətən müharibəsində Cəbrayıl, Hadrut, Füzuli və Qubadlı istiqamətlərində gedən döyüşlərdə igidlik göstərmişdir. 21 oktyabr 2020-ci ildə şəhid olan Şəhriyar Quliyev ölümündən sonra “Qarabağ” ordeni və bir sıra medallarla təltif edilmişdir. Şirin Mirzəyev və Canpolad Rzayev, Yelmar Edilov, Asif Məhərrəmov, Əlabbas İsgəndərov, Faiq Ağayev, Hidayət Rüstəmov, Baxşeyiş Paşayev, İxtiyar Qasımov, Rövşən Hüseynov kimi minlərlə igid oğulların həyat və döyüş yolu Ağdamın yetirdiyi qəhrəmanların Vətən tarixindəki yerini bir daha təsdiqləyir.

Şəhidlərimizin həyatı və mübarizəsi gələcək nəsillər üçün yalnız qəhrəmanlıq salnaməsi deyil, həm də vətənə bağlılıq, məsuliyyət və mənəvi bütövlük məktəbidir. Onların xatirəsini yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək, adlarını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur. Şəhidlərin xatirəsinə ən böyük ehtiram onların canlarından keçdiyi Vətənin daha güclü, daha firavan və daha savadlı gələcəyini qurmaqdır. Bu mənada qazilərimizin də cəmiyyətimizdə xüsusi yeri var. Onlar müharibənin canlı şahidləri, Vətən uğrunda mübarizənin ağır nəticələrini öz talelərində daşıyan insanlardır. 

2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında qalmış əraziləri Azərbaycana təhvil verildi. Bu hadisə 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin mühüm nəticələrindən biri, uzun illər davam edən yurd həsrətinin sona çatmasına aparan dönüş nöqtəsi oldu. Ağdamın döyüşsüz qaytarılması Azərbaycanın hərbi-siyasi uğurunun və imzalanmış üçtərəfli bəyanatın nəticəsi idi. Bu tarix xalqımızın yaddaşında yalnız əraziyə qayıdış deyil, tarixi ədalətin bərpası kimi qaldı.

Ağdamın taleyində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət və Azərbaycan Ordusunun qəhrəmanlığı xüsusi yer tutur. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının birliyi, ordumuzun peşəkarlığı, hərbçilərimizin şücaəti və dövlətimizin siyasi iradəsi tarixi nəticəyə gətirib çıxardı. Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi hesabına qazanıldı.

Prezident İlham Əliyevin 2020-ci il noyabrın 23-də Ağdam şəhərinə səfəri və Ağdam məscidinin qarşısında səsləndirdiyi fikirlər şəhərin gələcək taleyi baxımından tarixi əhəmiyyət daşıyır. Dövlət başçısı həmin çıxışında demişdi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.

Bu fikirlər sadəcə siyasi bəyanat deyildi. Bu, doğma yurdlarından ayrı düşmüş yüz minlərlə insanın qayıdış ümidinə, dağıdılmış şəhərin yenidən qurulacağına və tarixi-mədəni irsin bərpasına verilən dövlət təminatı idi. Bu gün Ağdamda həyata keçirilən quruculuq işləri həmin vədin real nəticələrini nümayiş etdirir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulmasına, əhalinin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına istiqamətlənib.

Ağdamın yenidən qurulması yalnız tikinti və infrastruktur layihələrinin həyata keçirilməsi kimi dəyərləndirilməməlidir. Bu proses şəhərin sosial-iqtisadi sisteminin, mədəni mühitinin, tarixi yaddaşının və insan kapitalının bərpasını özündə birləşdirən kompleks inkişaf modelidir. Bərdə–Ağdam avtomobil yolu, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi, Xaçınçay su anbarı və digər infrastruktur layihələri şəhərin iqtisadi potensialının genişləndirilməsinə, regionlararası əlaqələrin gücləndirilməsinə və yeni məşğulluq imkanlarının yaradılmasına xidmət edir.

Ağdam Sənaye Parkının fəaliyyəti də şəhərin gələcək iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Burada yaradılan istehsal imkanları, sahibkarlıq mühitinin formalaşdırılması və yeni iş yerlərinin açılması Ağdamın tədricən Qarabağın mühüm sənaye mərkəzlərindən birinə çevrilməsi üçün zəmin yaradır. Bu yanaşma göstərir ki, Böyük Qayıdış yalnız insanların doğma torpağa qayıtması deyil, həm də həmin torpaqda iqtisadi həyatın, istehsalın və davamlı məşğulluğun bərpasıdır.

Mədəni irsin qorunması və bərpası da bu prosesin mühüm istiqamətidir. Ağdam Cümə məscidinin, İmarət kompleksinin bərpası, Muğam Mərkəzinin yaradılması şəhərin tarixi və mənəvi simasının yenidən formalaşması baxımından əlamətdardır. Bu abidələr yalnız memarlıq nümunələri deyil; onlar xalqın tarixi yaddaşını, dini-mənəvi dünyasını və mədəni varisliyini özündə daşıyan mühüm irs obyektləridir. Onların bərpası keçmişə ehtiramın, milli kimliyin qorunmasının və gələcək nəsillərə tarixi məsuliyyətin ötürülməsinin ifadəsidir.

2025-ci il martın 27-dən Ağdama keçmiş məcburi köçkünlərin qayıdışının başlanması Böyük Qayıdış prosesində yeni mərhələ açdı. Doğma evlərinə qayıdan insanların sevincini, illərlə ürəklərində yaşatdıqları həsrətin sona çatmasını təsəvvür etmək çətin deyil. Lakin qayıdışın davamlı və uğurlu olması üçün insanların təhlükəsiz yaşayışı ilə yanaşı, məşğulluq, təhsil, səhiyyə, mədəniyyət və sosial xidmətlərə çıxışı da təmin edilməlidir. Əsl qayıdış insanın yalnız öz evinə deyil, normal həyat şəraitinə, ictimai münasibətlərə və gələcəyə inamına qovuşmasıdır.

20 Noyabr – Ağdam Şəhəri Günün mübarək, doğma şəhərim!

Dosent, filologiya elmləri doktoru
Lalə Məzahir qızı Bayramova