adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2026 14:28
37
ANALİZ
A- A+

Ağdam: yeni dövr, yeni hədəflər

Ərazisində minilliklərin tarixini yaşadan Ağdam ölkəmizin ən qədim insan məskənlərindən biridir. Təxminən iki yüz il əvvəl Pənahəli xanın ağ daşdan inşa etdirdiyi mülkün rəngi ilə bağlı Ağdam adlandırılmış bu şəhər elmi-arxeoloji ədəbiyyatda Qafqazın ilk şəhər tipli yaşayış məskəni və ən zəngin tarixi abidələri olan yerlərdən biri kimi tanınmışdır.

1930-cu ildə inzibati-ərazi vahidi yaradılmış Ağdam rayonu sovet dövründə də Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş mədəni mərkəzlərindən biri omuşdur. Sovet ittifaqının süqutu ilə eyni vaxtda başlanan erməni təcavüzü Qarabağın iqtisadi-ticari mərkəzi kimi tanınmış Ağdamdan da yan keçməmiş və 1993-cü ilin 23 iyul tarixinə qədər rayonun 73%-i işğal olunmuşdu. İşğal nəticəsində 6 mindən artıq insan öldürülmüş, 128 min nəfər öz doğma yurdlarını tərk etməyə məcbur olmuşdular. İşğaldan demək olar ki, dərhal sonra BMT Təhlükəsizli Şurasının qəbul etdiyi 853 saylı qətnamə “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edildi. Lakin erməni işğalçıları bu ərazilərdən çıxmağı yox, daha çox əraziləri işğal etməyi hədəfləmişdilər. 1993-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs əldə edilsə də ermənilər işğal etdikləri əraziləri talan etməkdə davam edir və bu ərazilərdə Azərbaycanlıların izlərini silməyə çalışırdılar. 30 ilə yaxın davam etmiş atəşkəs dövründə rayonun bütün infrastrukturu və yaşayış məntəqələri tamamilə dağıdılmış, meşələr yandırılmış və ekoloji terror həyata keçirilmişdi. 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində ağır məğlubiyyətə uğramış Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərərəfli Bəyannamə ilə Ağdam rayon ərazisini 20 noyabr tarixinə qədər Azərbaycana təhvil vermək öhdəliyi götürmüşdü. Rayon ərazisi döyüşsüz təslim edildikdən sonra görülən mənzərə o qədər dəhşətli idi ki, xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırmışdılar. Onu “Ruhlar şəhəri” adlandıranlar da var. 33 il əvvəl orada son nəfəsinə qədər döyüşüb şəhid olmağı təslim olmaqdan üstün tutmuş Vətən oğullarının ruhları yalnız indi təskinlik tapırlar. Mənfur düşmən məhv edildikdən sonra. Uğrunda can verdikləri müqəddəs torpaqlar azad olunduqdan və onların intiqamı alındıqdan sonra onlar rahatlıq tapmışdılar.

Bu gün Ağdama yeni həyat qayıdır. Vətən müharibəsindəki qələbimizdən sonra hökümət tərəfindən Baş Planı təsdiq olunmuş ilk şəhər də məhz Ağdam olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilmişdir. Bu plan əsasında yenidən qurulacaq Ağdam bütün azad edilmiş ərazilərin ən böyüyü, bütövlükdə ölkəmizin isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı planlaşdırılır. Son 5 ildə Prezident İlham Əliyevin Ağdam rayonuna 17 dəfə səfər etməsi bölgənin ölkəmiz və dövlətimiz üçün müstəsna əhəmiyyət daşıdığını göstərir. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. Bütün yaşayış məntəqələri yenidən tikilir, geniş miqyaslı infrastruktur layihələri icra olunur, müasir standartlara uyğun yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Ağdam yeni libasda, yeni siması ilə öz sakinlərini qarşılayır. Bu günədək Böyük Qayıdış Dövlət proqramı çərçivəsində Ağdam şəhərinə və yenidən tikilmiş kəndlərə ümumi sayı 8300 nəfər təşkil edən 2146 ailə qayıtmış və öz doğma yurd yerlərində yeni həyata başlamışlar. Ölkəmizə səfər edən xarici ölkə rəhbərləri, diplomatlar və jurnalistlər, dünyanın müxtəlif ölkələrindən gəlmiş səyyahlar Ağdamda aparılan yenidən qurma və bərpa işləri ilə tanış olmaq üçün Ağdama çoxsaylı səfərlər edir və orada görülmüş işlərin miqyasından heyrətlərini gizlətmirlər. Gündən günə abadlaşan və gözəlləşən Ağdam tarixi iqtisadi-mədəni mərkəz missiyasını yeni dövrdə yeni hədəflərlə canlandırmağa başlayır.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı