07 Noyabr 2024 12:45
1160
MƏMLƏKƏT

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başladı - VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əhalinin keyfiyyətli ictimai nəqliyyat xidmətləri ilə təmin edilməsi, sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması məqsədilə yeni nəqliyyat mübadilə mərkəzlərinin (HUB-ların) yaradılması işlərini davam etdirir. 

Adalet.az xəbər verir ki, bu gündən etibarən Bakıda mobilliyin transformasiyası proqramı çərçivəsində “All in one” (“Hamısı bir yerdə”) prinsipi əsasında inşa edilən “28 May” Nəqliyyat Mübadilə Mərkəzi (NMM) fəaliyyətə başlayır. Bu mərkəzdən gündəlik 16 müntəzəm marşrut üzrə 259 avtobusla 181 min sərnişin daşınır. 

“28 May” NMM-in ərazisindən keçən avtobusların marşrutlarını optimallaşdırmaq, hərəkət zamanı sıxlığı azaltmaq və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə Azadlıq prospektinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində yeni işıqforlar quraşdırılmış, Azadlıq prospektinin bu hissəsində avtobusların əks istiqamətdə hərəkəti üçün ayrıca zolaq ayrılmışdır. Bu yenilik NMM-in ərazisinə daxil olan avtobusların təhlükəsiz hərəkətini və sərnişinlərin rahatlığını təmin edəcək.

Qeyd edək ki, NMM-in ərazisinə şəxsi avtomobillərin girişi qadağandır. Burada geniş piyada zonaları və mikromobillik zolaqları yaradılmış, nişanlanma xətləri çəkilmiş, yol nişanları, müntəzəm marşrut avtobusları üçün dayanacaq məntəqələri, həmçinin elektrik avtobusları üçün enerji doldurma cihazları quraşdırılmışdır. Yenidənqurmadan sonra meydanda yaradılan şərait onu müasir üslubda tərtib edilmiş və şəhərin görkəminə əlavə gözəllik qatan daha bir populyar ictimai məkana çevirmək imkanını vermişdir.