12 Dekabr 2024 13:06
631
SİYASƏT

"3-cü ölkə, yaxud, beynəlxalq təşkilatlar 30 ildə hansı problemi həll etdi ki?"-  AQİL ABBAS

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ( 5 dekabr) ABŞ dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi.

Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istədiyini bildirsə də, Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib. Səbəb isə bu oldu ki, “ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür”.
 

- Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında 3-cü ölkənin vasitəçiliyinə ehtiyac varmı?

Sualımızı millət vəkili Aqil Abbas cavablandıracaq.

- Əslində Azərbaycanın təcrübəsində 3-cü, 4-cü ölkələrin Ermənistan və Azərbaycan arasında danışıqlarda iştirakı mümkün olub. Məsələn,  ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa  başçılıq  etdiyi dövrdə nəinki sülh danışıqları bir fayda vermədi, hətta atəşkəs olmasına baxmayaraq, təmas xəttində azərbaycanlılara qarşı tez-tez hücumlar olur, uşaqlara, qadınlara, qocalara qarşı terror edilirdi. 2020-ci ilə qədər dünyanın xeyli ölkəsi, eləcə də beynəlxalq nüfuzlu təşkilatları tərəflər arasında “sülh prosesi”nə töhvə verməyə söz versə də heç bir uğura imza ata bilmədilər. Nə Ermənistan ordusu Qarabağdan çıxdı, nə “sülh danışıqlarında vasitəçi olan ölkə başçıları onlara “gözün üstə qaşın var” dedi. Nəhayət Ali Baş Komandanın, Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Azərbaycanın əbədi və əzəli torpaqlarını işğaldan azad etdi, ermənilərin və onların havadarlarının Qarabağdakı talanlarına son qoydu.  

İki qonşu arasında müharibə, qarşıdurma olmasa da, hələki, sülh müqaviləsi də imzalanmayıb. Bu prosesi də , zənnimcə, Ermənistan və Azərbaycan liderləri özləri həll etməlidir. Bütün hallarda 3-cü dövlət iki qonşu arasında baş tutacaq danışıqlara müdaxilə etməməlidir.

Acı təcrübə bizə onu da göstərdi ki, danışıqlar prosesində dövriyyəyə girməyə çalışan bəzi ölkə və qurumların müdaxiləsi hətta qərəzlidir. Məsələn, Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) guya müşahidə fəaliyyəti həyata keçirən   200-dən çox “mülki müşahidəçi”nin Azərbaycan və Ermənistan arasındakı münasibətə xeyirdən çox ziyanı dəyir.

"Biz Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyirik" deyən Ermənistan hakimiyyəti də danışıqlar prosesinə 3 ölkəni və yaxud qurumu əlavə etməyə çalışmasa, tezliklə, tərəflər arasında delimitasiya və demarkasiya prosesi də, sülh sazişi uğurla başa çatar".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də çıxışı zamanı məsələ ilə bağlı fikir bildirib: Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur. “Əksinə üçüncü ölkənin bölgədə olması münasibətlərin normallaşmasına zərər yetirir”-deyə H.Hacıyev vurğulayıb.

Əntiqə Rəşid