01 Dekabr 2023 14:10
921
GÜNDƏM

3 il əvvəlin möhtəşəm elanı: “Böyük sevinclə bildirirəm ki, Laçın işğaldan azad olundu"

2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün davam edən Vətən müharibəsində  Müzəffər Ordumuzun ermənilərə qarşı əks hücumu zamanı  Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini, məğlubedilməzlik miflərini cəsarətlə   yarıb keçən əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımız işğaldan  azad edildi.

Adalet.az xəbər verir ki,  1 dekabr 2022-ci il tarixdə Laçın rayonunun işğaldan azad edilməsinin üçüncü  ildönümüdür. Tariximizə ən şərəfli səhifə kimi düşən bu Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoyaraq, bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etdi.

 Ötən il ildönümü ilə bağlı rayonun icra strukturlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində tədbir keçirildi. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin, rayonun hüquq mühafizə orqanları, idarə müəssisə rəhbərlərinin, şəhid ailələri və Vətən müharibəsi iştirakçılarının iştirak etdiyi tədbirdə ərazidəki  şəhidlərin xatirəsinə ucaldılmış “Xatirə kompleksi” ehtiramla yad edilərək abidə  önünə tər güllər düzdülər. Sonra tədbir iştirakçıları könüllülərin  iştirakı ilə  Taxta Körpü  qəsəbəsi ərazisində 600 ədəddən çox həmişəyaşıl ağac əkdilər və bu tarixi günü belə yaddaşlara həkk etdilər. 

Hazırda laçınlıların bir çoxu yurdlarına köçürülüb. 2023-cü ilin mayında 20 laçınlı ailədən ibarət ilk köç karvanı (97 nəfər) doğma torpaqlara yola düşdü. 29 noyabrda isə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülüb. Bununla da  Laçın şəhərində 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşması təmin edilib. “Böyük Qayıdış” çərçivəsində 2023-cü ildə Laçın şəhərinə 700 ailənin, Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, 18 may 1992-ci ildən Ermənistan Silahlı qüvvələrinin işğalı altında olan bu gözəl yurdumuz  paytaxt Bakı şəhəri ilə şose yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km-dədir.

Laçın əvvəllər Abdallar adlanıb, 1923-cü ildən şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb. 1930-cu ildə Laçın inzibati rayonu təşkil edilərkən Laçın şəhəri onun mərkəzinə çevrilib.



"Laçın" toponimi bir oykonim kimi 1924-cü ildən xəritəmizdə özünə yer tapmışdır. Ona qədər isə bu ad "Yuxarı Laçın" adlı kəndin adında özünü qoruyub saxlamışdır. Qismən qədim xəritələr üzərində araşdırmalar göstərir ki, Kiçik Qafqaz sıra dağlarının ən böyük silsiləsi olan Qarabağ yaylasının əsas zirvəsi ilə yanaşı Laçın adlı bir zirvə də diqqəti cəlb edir.Bu zirvə Yuxarı Qarabağ bölgəsində Böyük Kirs, Kiçik Kirs, Sarı baba zirvələri ilə üçbucaq təşkil edir. Bu zirvə Qarabağ sıra dağlarının mərkəzi hissəsində, onun cənub-qərbində yerləşir.

Araşdırmalar göstərir ki, "Laçın" adı coğrafi, tarixi və ədəbi mənbələrdə rast gəlinir. Mənbələrə baxarkən "Laçın" toponimi bir oronim-yəni dağ adı kimi bizə məlum olur. Lakin bu toponim həm də özünə bir oykonim şəklində bir növ vətəndaşlıq hüququ qazanmışdır. Bunu Laçın adlı kəndlərin adında görə bilərik: Şuşada Laçınlar, Kəlbəcər rayonunda Laçın adlı kəndlər, Kəlbəcər rayonundakı Laçınqaya qalası və s. buna misal ola bilər.

Qarabağ atəşkəs bəyanatı (Rəsmən: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatına (10 noyabr tarixli üçtərəfli bəyanat) əsasən, Laçın rayonu dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılıb. Dövləti başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər.

Əntiqə Rəşid