adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2026 09:44
61
SİYASƏT
A- A+

“Konstitusiyalarda adətən Təhlükəsizlik Şurasının bir qurum kimi yaradılması...”

“Ermənistanda yeni konstitusiya layihəsi hələ ictimaiyyətə tam açıqlanmayıb, amma ondan gələn ilk konkret xəbər maraqlıdır. Ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" qəzetinə təsdiqləyib ki, yeni Əsas Qanunda Təhlükəsizlik Şurasının katibi vəzifəsi nəzərdə tutulmur. Qəzet bu açıqlamanı belə şərh edib ki, yeni Konstitusiya qəbul olunarsa, hazırda bu vəzifəni tutan Alen Simonyan postunu itirəcək”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib. 

Onun fikrincə, bu açıqlamaya və qəzetin şərhinə 2 aspektdən yanaşmaq olar:

“Birincisi, Təhlükəsizlik Şurası katibi vəzifəsinin Konstitusiyada nəzərdə tutulmasına xüsusi zərurət yoxdur. Konstitusiyalarda adətən Təhlükəsizlik Şurasının bir qurum kimi yaradılması, ona kimin rəhbərlik etdiyi və əsas funksiyası təsbit olunur. Şuranın tərkibi, daxili strukturu, katibin statusu və səlahiyyətləri kimi digər məsələlər isə cari qanunvericilik, yaxud dövlət başçısının aktları ilə müəyyən edilir. Bu, beynəlxalq təcrübədə geniş yayılmış yanaşmadır: Əsas Qanun institutun mövcudluğunu təmin edir, onun gündəlik fəaliyyətinin təşkilini isə daha çevik normativ aktlara həvalə edir. Məsələn, Rusiya Konstitusiyasında təsbit olunur ki, Prezident Təhlükəsizlik Şurasını formalaşdırır və ona rəhbərlik edir, Şuranın statusu isə federal qanunla müəyyən edilir. Yəni Rusiyada Təhlükəsizlik Şurası katibi vəzifəsi Konstitusiya səviyyəsində deyil, ayrıca qanunla nəzərdə tutulub”.

Vasif ƏLİHÜSEYN