adalet.az header logo
  • Bakı -°C
14 Mart 2026 08:15
71
DÜNYA
A- A+

ABŞ əməliyyatlarda 3,8 milyard dollarlıq hərbi texnika itirib

Amerika Birləşmiş Ştatları İrana qarşı həyata keçirdiyi hücumların ilk 14 günü ərzində təxminən 3,84 milyard dollar dəyərində hərbi texnika itirib.

Adalet.az xəbər verir ki, itkilər, əsasən, radar sistemləri, pilotsuz uçuş aparatları (PUA) və hərbi təyyarələrdən ibarət olub.

Məlumata görə, ən böyük ziyan THAAD ballistik raketdən müdafiə sisteminin AN/TPY-2 radar sistemi komponentlərinin zədələnməsi ilə bağlıdır. Bu radarların Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Səudiyyə Ərəbistanı ərazilərində yerləşdiyi və ümumi dəyərinin təxminən 2 milyard dollar olduğu qeyd edilir.

Peyk görüntülərinin təhlili həmin ölkələrdə 4 AN/TPY-2 radar komponentinin vurulduğunu göstərsə də, zərərin dəqiq miqyası hələ tam müəyyənləşdirilməyib.

Bundan əlavə, Qətərdə yerləşən Əl-Udeid hava bazasında quraşdırılmış və dəyəri təxminən 1,1 milyard dollar olan AN/FPS-132 erkən xəbərdarlıq radarının da İranın cavab zərbələri zamanı vurulduğu bildirilir. Qətər rəsmiləri radarın zədələndiyini təsdiqləyiblər.

ABŞ rəsmiləri isə “CBS News” telekanalına açıqlamalarında 11 ədəd “MQ-9 Reaper” pilotsuz uçuş aparatının vurulduğunu və bunun təxminən 330 milyon dollar zərərə səbəb olduğunu bildiriblər.

Məlumata görə, Küveytdə hava hücumundan müdafiə sistemlərinin “dost atəşi” nəticəsində üç ədəd “F-15E Strike Eagle” qırıcı təyyarəsi də vurulub. Bu təyyarələrin yenidən alınmasının təxminən 282 milyon dollara başa gələcəyi ehtimal olunur.

Bundan başqa, İraq ərazisində “KC-135 Stratotanker” yanacaqdoldurma təyyarəsinin vurulduğu və onun əvəzlənməsinin təxminən 80 milyon dollar təşkil edəcəyi bildirilir.

Həmçinin Bəhreynin Manama şəhərində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına edilən hücum zamanı iki peyk rabitə terminalına və bir neçə əsas binaya ziyan dəyib. Hədəf alınan AN/GSC-52B peyk rabitə terminalının hər birinin təxminən 20 milyon dollar dəyərində olduğu qeyd edilir.

“New York Times” tərəfindən təhlil edilən peyk görüntülərinə əsasən, Küveytdə yerləşən Arifjan düşərgəsində üç radar komponentinin məhv edildiyi və bunun da təxminən 30 milyon dollar itkiyə səbəb olduğu bildirilir.