12 Avqust 2025 14:30
345
GÜNDƏM

ABŞ görüşünün "rüsvayçılığı":Duqin Putindən kimə cəza tələb edir?

Ona bütün dünyada “Kremlin danışan dili” deyilir. Söhbət Rusiyalı siyasi nəzəriyyətçisi, tanınmış ictimai xadim, sosioloq və politoloq, “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri Aleksandr Duqindən gedir.


Bu faktı onu “Azərbaycanın dostu” hesab edən Azərbaycan ictimaiyyəti çox gec anladı. Təxminən 2014-ci ildə. Yəni Qarabağımız düşmən tapdağı altında olan illərdə!
Duqinin açıqlamalarını xatırladaq: Rus-erməni klubu “Qriboyedov”un üzvü Aleksandr Duqin Ermənistanın 1in.am saytına müsahibəsində deyib ki, Rusiya Azərbaycanla “başqa cür” danışmalı olacaq. Duqin bildirib ki, bunun səbəbi Azərbaycanın “Saakaşvili rejimi və Kiyev xuntası” ilə bir cəbhədə yer alıb Rusiyanın maraqlarına qarşı siyasət yürütməsidir.

2015-ci il

Duqin:“Dağlıq Qarabağ münaqişəsini nə Azərbaycanın, nə də Ermənistanın xeyrinə həlli mümkün deyil. Türkiyənin isə bu konfliktə ümumiyyətlə, heç bir aidiyyəti yoxdur. Heç bir halda Rusiya-Türkiyə münaqişəsindən hansısa ölkənin regional maraqları naminə istifadə eləmək olmaz. Çünki Rusiya münaqişə tərəflərindən heç birini müdafiə eləməyəcək - biz həm ermənilərlə, həm də azərbaycanlılarla dostuq”.(Yəni, Qarabağ heç kimindir, yalnız Rusiya orada qərar verə bilər-red-ƏR)
Duqin qıpqırmızı şəkildə iddia edirdi ki, Rusiyanın əsas vəzifəsi Qarabağa konfliktinin qızışmasına imkan verməməkdir: “Əks halda bu, hamı üçün pis olacaq. Heç kim situasiyadan birtərəfli qaydada faydalanıb özünün regiondakı strateji mövqeyini yaxşılaşdıra bilməyəcək. Bu konflikt heç kimə lazım deyil, ona görə ki, ondan yararlanıb da müsbət nəticələr əldə eləmək mümkünsüzdür. Mən vəziyyətin mürəkkəbliyini və münaqişə tərəflərinin narazılığını başa düşürəm, ancaq Qarabağda status-kvonu dəyişməyə edilən istənilən hərbi cəhd regionda vəziyyəti yalnız daha da ağırlaşdıracaq və yeni qanlara gətirəcək, özü də heç bir yekun nəticə olmadan”.
Sonralar dəfələrlə özünü guya Azərbaycanı sevirmiş göstərsə də, 44 günlük Vətən Müharibəsində birmənalı Azərbaycanı dəstəkləsə də, əslində bu sevgi deyildi, ermənilərin Rusiyaya qarşı kəskin münasibətinə reaksiya olaraq Azərbaycan adı ilə onları qəzəbləndirmək, əsəbləşdirmək idi.


Duqin haqqında ən mükəmməl məlumatı həmkarımız Elçin Alıoğlu ictimaiyyətə bildirdi. O, maskasını tez-tez dəyişən Duqinin rus nasional şovinizminin və nasional stanizminin mənəvi atalarından biri olduğunu vurğulayar deyirdi: Aleksandr Duqin “Avrasiyaçılıq” ideologiyasının, xüsusilə də çox aqressiv və təhlükəli olan “Rus Dünyası” nəzəriyyələrinin müəllifidir. Eyni zamanda, Kremldə keçmiş sovet respublikalarının Rusiyaya birləşməsinə və Rus İmperiyasının yaradılmasına xidmət edən şəxslərdən biri sayılır. O, ilk baxışda Rusiya-Türkiyə münasibətlərinin inkişafının, Rusiya-Azərbaycan münasibətlərinin daha da intensivləşdirilməsinin tərəfdarı kimi görünür. 44 günlük Vətən Müharibəsində birmənalı Azərbaycanı dəstəklədi. Eyni zamanda, erməni daşnak-faşizm ideologiyasını çox təhlükəli hesab edir və s. Bununla yanaşı, Aleksandr Duqin rus nasional şovinizminin və nasional stanizminin mənəvi atalarından biri sayılır. “Avrasiyaçılıq” ideologiyası isə zahirən slavyan aləmi ilə türk dünyasının birləşməsinə xidmət etsə də, bütünlüklə Rusiyanın maraq və mənafelərinin reallaşmasını ehtiva edən nəzəriyyədir”.

Duqin kimin cəzalanmasını istəyir?

Hazırda Rusiyanın Cənubi Qafqaz siyasətinin uğursuzluğa düçar olduğunu açıqlayan Duqin dzen.ru – teleqram kanalına çox qəzəbli fikirlər deyib. Çünki o məlum Vaşinqton görüşündə imzalanan sazişin Rusiyanın postsovet məkanında nüfuzunu itirdiyini , eyni zamanda Rusiya üçün ciddi təhlükə hesab edir.
Putinin rəhbərliyi altında Rusiya Cənubi Qafqazda nəzarəti tamamilə itirdiyini həzm edə bilməyən baş şovinist bu uğursuzluq nəticəsində ölkəsinin guya suverenliyini, həmçinin imperiya statusunu itirmək təhlükəsi ilə üzləşdiyini də həyəcanla elan edir və rəhbərliyin bundan nəticə çıxarmasını tələb edir:
“Vaşinqton görüşü bizim rüsvayçılığımızdır. Biz itirdik. Günahkarlar cəzalandırılmazsa, xalq olaraq dəyərimizi itirəcəyik.”


Duqin nə demək istəyir? Günahkarlar kimdi? Azad və müstəqil şəkildə ölkəsi ilə bağlı qərarlar qəbul etmək istəyən Azərbaycan və Ermənistan liderləri?Yoxsa, imperiya caynaqlarında 300 ildir can verən Qafqaz xalqları?


Əntiqə Rəşid