10 Dekabr 2024 14:59
1039
ƏDƏBİYYAT

«Adsız kölgələr»dən «Sevgi piri»nə - yazdı Əbülfət Mədətoğlu

Aida Adıgözələ atüstü məktub

Hərdən fikirləşirəm ki, sözün bu geniş meydanında niyə oturub söz axtara-axtara qalıram. Şükürlər ki, yazmağa dəftər, qələm, sosial şəbəkə, çap olunmağa da saysız-hesabsız nəşriyyatlar və naşirlər var. Amma sonra öz-özümə götür-qoy edəndən görürəm ki, bu bolluğun bir yozumu da pis tərəfə gedib çıxır. Ona görə də sakitcə çəkilirəm özümə və içimdə Allahıma şükürlər edirəm ki, yaxşı ki, hələ oxumağa SÖZ var. Bax, bu oxumaq üçün tapdığım, seçdiyim sözlərin özəl müstəvisində onun yeri də, sözü də seçilir. Bu barəsində indi sizinlə fikirlərimi bölüşəcəyim «Adsız kölgələr» kitabının müəllifidir.

Onunla həyatda iki dəfə qarşılaşmışam. O da Elmlər Akademiyasının həyətində keçirilən kitab sərgisində. Necə deyərlər, sözünü tanıdığım adamın özünü da orda görmüşəm. Lakin həmin o tanışlıq bir növ atüstü olubdur. Nə fikir mübadiləsi etmişik, nə də hansısa bir mövzuya münasibət bildirmişik. Necə deyərlər, loru dildə desəm «salam-sağ ol».

Dekabrın 7-də isə çox qəribə bir hadisənin şahidi oldum. Ona görə qəribə deyirəm ki, (bunu da əlimi ürəyimin  üstünə qoyub bütün səmimiyyətimlə Allah qarşısında dilimə gətirirəm. Mən həmin günü gözlədiyim kifayət qədər yaxın adamlar var idi. Qələm dostları, lap elə badə yoldaşları da var idi ki, onlar Sumqayıt Poeziya Evinə gəlmədilər – Ə.M.) onu Poeziya Evində gördüm. Çox sadə, heç bir xüsusi jest etmədən, elə bil ki, gündəlik işinə gələn bir yazı adamı kimi gəldi və sözünü də dedi. Bax, mən onda bir daha anladım ki, ürək istəyən yerə getmək üçün məsafəni göz önünə gətirmirlər. Necə deyərlər, köhnə kişilərin təbirincə söyləsəm, «Ya Allah !- deyib  düşürsən yola».

Bəli, dekabrın 7-də Aida Adıgözəl Sumqayıt Poeziya Evində mənimlə ruh dostu kimi birlikdə oldu. Və gözlədiyim hədiyyəni də mənə təqdim etdi. Özü də avtoqrafla. Yazdı ki, «Aida Adıgözəldən əziz, doğma, Adam Əbülfət müəllimə xüsusi hörmətlərimlə. 07.12.2024».

Elə buradaca deyim ki, mənim də bir qəribə xüsusiyyətim var. Təzə kitab əlimə düşən kimi onu mütləq gözdən keçirməliyəm. Deməli, elə belə də etdim. Və başladım «Adsız kölgələr»i oxumağa. Doğrudur, bu kitabdakı şeirlərin bir qismini sosial şəbəkədə və dövrü mətbuatda oxumuşdum. Amma kitabın öz ləzzəti var. Mənə görə kitab bir çəmənlikdi, bir ormandı, bir dənizdi. Onu vərəqlədikcə o güllərin, o çiçəklərin ətri də, səsi də sənə öz fərdi təsirini çatdırır, hiss edirsən, yaşayırsan o məqamlarla, o şeirlərlə. Deməli, mən də Aida xanımın şeirlərinin toplusu olan bu kitabın elə ilk misralarında dayandım və xatirələrin mənim üçün həmişə diri olduğunu içimdə təkrarlaya-təkrarlaya onunla razılaşdım. Çünki diri xatirələrin əlləri, nəfəsi həmişə soyuq olur. O səni isitmir, ancaq xatırladır…ancaq yaşamağa bir qığılcım anı əta edir və sən də o ətadan dünən üçün minnətdarlıqla yararlanırsan. Deməli:

 

Xatirələr soyuq olur əzizim,

İstiliyin illər alır ömürdən.

Çırpınarsan bir anını tutusan,

Otur ağla, nə gələr ki əlindən.

 

 Xatirələr soyuq olur əzizim,

Ömür kitab, hər vərəqi bir dastan.

Can atarsan bir də yazım, sil başdan,

Udqunarsan, sözlər qopmaz dilindən.

 

Xatirələr soyuq olur əzizim,

Yaşar gedər, baxa-baxa qalarsan.

Ocaq sönmüş, odsuz-közsüz yanarsan,

Nə «kaşkilər» boylanarlar içindən.

Xatirələr soyuq olur əzizim…

 

Bax  bu şeir kitabın ilk səhifəsində qarşıma çıxmaqla məni əməlli-başlı yaxaladı və sevdalı günlərimə, xatirələr işığına çəkib apardı. Elə bil ki, dünənimlə üz-üzə gətirdi. Bax, onda mən də Aida Adıgözəlin dediyi kimi, onun nəfəsinin mənim nəfəsimə və yaxud da əksinə olan anları xatırladım. Dayandım onunla üz-üzə, göz-gözə və içimdə etiraf etdim ki, çəkisi, tutumu, fikir və məna yükü olan söz adamı belə tərpədir, belə silkələyir. Çünki verilən sual bu ovtaqı səndən asılı olmadan yaradır.

 

Nəfəsin nəfəsimə qarışdığı o günlər,

de,

hələ yadındamı?

Xumarlığı keçməyib,

mən öpdüyüm dodağın,

o gilas şirinliyi,

de,

həmin dadındamı?

 

Düşünə bilərsiniz ki, şeirin bu hissəsində intim bir mənzərə sözə çevrilib. Yəni şair rəssamlıq edib, çəkib o şeirlə bu  tablonu. Amma duyğuların, hisslərin şəklini çəkmək təkcə rəsam işi deyil ki. Bu həm də sözün qələm və ürək təmasından aldığı gücün  şəkilləşməsidi. Deməli, gərək iç dünyan və söz imkanların o qədər zəngin olsun ki, o naxışları, o ilmələri yerli-yerində vura biləsən. Bax, onda hətta erotik səhnənin özünün də söz şəkili inandırmaqla yanaşı, xatırlatmaqla yanaşı , həm də yaşadacaqdı. Biləcəksən ki, bəli, söylədiyim bu fikir tam səmimi deyim, şairin, yazarın əxlaq qüsuru yox, həyatı olduğu kimi görməsidi və gördüyünü də sözün gücü ilə oxucuya çatdırmasıdı. Düzdü, şeirlərinin birində Aida Adıgözəl Tanrıya üzünü tutub deyir ki, «Məni bu qədər güclü bilmə». Məncə bu onun həm Allah qarşısında, həm oxucu qarşısında bir təvazökarlığıdı. Mən bunu qəbul edə-edə həm də inanmıram ki, gücsüz olan bir bəndə bu boyda söz yükünün altına çiyin verə bilsin. Və yaxud o sənsizliyi şeirləşdirəndə məndə belə bir assosiasiya yaratdı ki, onun üçün sənsizlik yoxdu. O sənsiz ola-ola həm də səninlədi. Çünki şeirin bütün ovqatı, həm də sətiraltı və sətirüstü bütün mənaları bunu büruzə verir, bunu təsdiq edir.   Aida Adıgözəl yazır ki:

 

Baş alıb gedimmi, tək, unutmağa?

Bir öz əlin olin olsun, bir də öz yaxan.

Gəl səni ağlayım, elə ağlayım,

tüklərin ürpənsin, saçın qabarsın,

evdə yalan olsun südəmər çağan.

 

……………………….

 

Bütün dər-divarda ayrılıq rəsmi,

Özündən gedəsən qəşş edib gülüb.

Qaçıb axtarasan yuxularını

başının üstündə bir qadın rəsmi,

ürəyi partlayıb gecədən ölüb.

 

Mən təqdim etdiyim şeirin birinci və sonuncu bəndi arasında özüm bilərəkdən nöqtələrlə boşluq yaratdım. İstədim ki, diqqətli oxucu şairin «Sənsizlik» adlandırdığı bu şeirin heç də sənsizlik olmadığını duysun və mənimlə razılaşsın. Görsün ki, həqiqətən təkliyə çəkilib unutmaq istədiyini ürəyi partlayıb ölən bir qadınla  bərabər dəfn edibdi. Çünki o sənsizlik, mənə görə,  həmin o qadın və onun ürəyidi. O ürək dayanıbdırsa, artıq sənsizlik bitib. Sən o sənsizliyin içində özün də bitmisən.

Ola bilsin ki, baxışım, mülahizələrim, müəllifi də, oxucuları da qane etməsin. Hardasa bunu əllaməçilik saysınlar. Bütün hallarda mən öz fikrimdə qalıram. Çünki bir Allah bəndəsi olaraq həyatımda da, sözümdə də sənsizliyi daha çox mənsizlik kimi düşünürəm. Çünki mən onsuz  yoxam və deməli, mənim üçün  sənsizlik anlayışı yoxdu.

Kitabda bir-birindən maraqlı şeirlərin mövzu dairəsi də rəngarəngdir və mən oxucu olaraq bu şeirləri oxuyanda insan hislərinin bir növ sərgisi ilə qarşılaşdığıma əmin oldum. Yəni, həsrət, vüsal, sevinc, kədər, təbiət ovqatı, xüsusilə fəsillərlə insan hislərinin harmoniyası çox tutarlı, həm də bir oxucu kimi məni yaşadan çalarlarla təkcə naxışlanmamışdı, həm də yüklənmişdi. Ona görə də onların hamısı mənim ruh köynəyimdən gəlib keçirdi.

«Adsız kölgələr"  kitabını isti-isti gözdən keçirib kökləndiyim bu duyğuları şairin öz misraları ilə yaşam axarına   yönəldirəm. Çünki o duyğuların içərisindən başqa bir üsulla çıxmaq imkanım indi yoxdur. Aida Adıgözəlin söz dünyası məni sehrləyibdir. Bu sehrin sim-simi də elə onun öz şeirləri ola bilər. Mən də bu qənaətlə «Sevgi piri»ni təkrar oxuyuram:

 

Bu tale yoluymuş, bəxtlə kəsişən,

bu dərdi özümə mən ismarladım.

Qara saçlarını başqa gözəllər,

bəyaz saçlarını mən tumarladım.

 

Sənsən ağlım alan cinim, şeytanım,

mənsə qanadları yanmış məlakə,

qollarında azdım bir gün yolumu,

aldatdın, inandım şirin kələkə,

o vaxtdan itirdim səndə solumu.

 

Sən uca minbərdə oxunan dua,

mən də ki, Allaha açılmış ələm.

İstər dodağını yavaşca tərpət,

istər Bilal kimi zildən azan çək,

Tanrı qulağına tez çatan sənsən.

 

Hər kəsin gözündə səssiz-səmirsiz,

amma bulud dolu ən kür adamsan,

qəfil kükrəməyin yağış gətirər,

məndə misraların söz-söz, Şairim,

tufan keçən kimi çiçək bitərər.

 

Bəli, mən bu şeiri ona görə özüm üçün «sim-sim» kimi qəbul etdim ki, sonuncu iki misranı təkrarlayım həm özüm üçün, həm də sizin üçün:

 

məndə misraların söz-söz, Şairim,

tufan keçən kimi çiçək bitərər.

 

Ruh doğmam Aida Adıgözəl, Sizin «Adsız kölgələr» məni Sevgi pirinə gətirdi. Elə bu pirdə də sizin üçün , halal və yaşar sözümüz üçün dua edirəm. Bu qısa, amma indiki anda içimdən gəlib keçən yazını da bu duanın bir bəndi, bir cümləsi hesab edə bilərsiz. Təbii ki, istəsəniz.