adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
26 Avqust 2022 12:39
1656
MÜSAHİBƏ

“Ağız qoxusunun səbəbini öyrənmək üçün...” - MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otolarinqoloq Rəşad Talışinski qurumun saytına müsahibə verib.

Adalet.az həmin müsahibəni təqdim edir:

- Rəşad müəllim, ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?

- Ağızda pis qoxunun olması (halitoz) daha çox insanın özü yox, ətrafdakılar tərəfindən təyin edilir. Halitoz ümumi və yerli səbəbdən yaranır. Birinci halda, bu, daxili orqanların disfunksiyası, ikincisi isə ağız boşluğunun vəziyyəti ilə əlaqələndirilir.

Yerli halitoz ağız boşluğunun gigiyenası qaydalarının pozulması, bakterial ərpin yığılması və sərt diş çöküntülərinin əmələ gəlməsi, tək və bir neçə dişdə kariyes, stomatit, periodontit və parodontoz pulpit və s. olması nəticəsinə yaranır.

Ümumi halitoz ekstraoral səbəblərlə əlaqələndirilə bilər: tənəffüs yollarının xəstəlikləri, həzm sistemi xəstəlikləri, o cümlədən bağırsaq disbakteriozu, helmintoz, qaraciyər, öd kisəsi, böyrək xəstəlikləri. Bundan əlavə, endokrin patologiyalarla da (şəkərli diabet, tireotoksikoz) əlaqəli ola bilər.

Diş xəstəliklərinin aşkar əlamətləri yoxdursa, ağız qoxusunun nədən yarandığını öyrənmək üçün mütəxəssisə müraciət etmək vacibdir.

- Son illər qulaqların gigiyenasında ən çox istifadə olunan vasitə qulaq çöpləridir. Bilmək istərdik ki, qulaq çöplərindən istifadənin hansısa fəsadı varmı?

- Qulağı pambıqlı çubuqlarla tez-tez təmizləmək düzgün hal deyil. Bu çöplərdən istifadə zamanı təbil pərdəsi və yumşaq toxumalar zədələnə bilər. 99% hallarda travmalar yüngül olsa da, bəzən qulaq çöpündən istifadə çox ciddi fəsadlara səbəb olur. Qulağın özü-özünü təmizləyən orqan olduğunu unutmayaq. Qulaqda yığılan “çirk” əslində qulağı mikroblar, toz və s.-dən qoruyan çox vacib maddədir. Bu maddə qulaqda daim əmələ gəlir və heç bir müdaxilə olmadan qulaqdan çıxır. Qulaq çöpləri isə qulaq çirkini qulağın dərinliyinə itələyərək təbil pərdəsinin travmalarının riskini artırır.

Ancaq bu heç də o demək deyil ki, qulaqları çirkli saxlamaq lazımdır. Qulaq xəstəliklərinin, eşitmə qüsurunun qarşısını almaq və bədənin infeksiya və viruslardan qorunması üçün əsas gigiyena qaydalarına riayət etmək çox vacibdir.

- Bəzi insanlar tez-tez burun qanaxmalarından əziyyət çəkirlər. Burun qanaxmasının əsas səbəbləri nələrdir?

- Burun qanaxmasını tibbi olaraq ön və arxa burun qanaxmaları olaraq iki qrupa ayıra bilərik. Uşaq və yeniyetmələrdə daha çox ön burun qanaxmaları olur. İstər uşaqda, istərsə də yeniyetmədə diqqət edilməli bir vəziyyətdir. Yaşlı insanlarda, damar sərtliyi və ya hipertoniya olan insanlarda daha çox arxa burun qanaxmaları görülür.

Ön burun qanaxmaları tez-tez quru iqlimlərdə və ya qış aylarında quru və isti otaq havası səbəbilə burun içini örtən qoruyucu təbəqənin quruması nəticəsində əmələ gələn qabıqlanma ilə olur.

Arxa burun qanaxmaları əsasən yaşlı insanlarda, yüksək təzyiq xəstələrində və ya burun və üz yaralanmalarında olur. Ağız və boğaza doğru qanaxma davam edir. Bu bölgənin qanaxmaları daha şiddətli olur və ciddi yanaşmaq lazımdır. Bu kimi vəziyyətdə həkimə müraciət etmək tövsiyə olunur.

Bəzən isə burun travmaları, hipertonik kriz, hematoloji xəstəliklər, şəkərli diabet, böyrək çatmazlığı, hamiləlik, kapillyarların angiopatiyası, qanın laxtalanma sisteminə təsir edən medikamentlərin kontrolsuz istifadəsi, bəzi infeksion xəstəliklər də burun qanaxmalarına səbəb olur.

- Qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?

- Qulaqda olan səslərin tibbi adı tinnitusdur. Şikayət adətən səs-küy, qulaqlarda cingilti kimi xarakterizə olunur. Lakin bağırtı, şıqqıltı, fısıltı və ya uğultu kimi də səslənə bilər. Bu səslər sakit və ya yüksək ola bilər. Bəzən bir və ya hər iki qulaqda müxtəlif səslər eşidilə bilər.
Tinnitus yalnız xəstəlik əlaməti deyil. Qulağa düşmüş maye, yad bir cisim, böcək və s. - bütün bunlar tinnitusa səbəb ola bilər. Tinnitusa atmosfer təzyiqinin kəskin düşməsi (təyyarədə uçduqdan, paraşütlə tullandıqdan sonra), havanın dəyişməsi səbəb olur. Tinnitus çox nadir hallarda ciddi bir xəstəliyin əlamətidir.

Subyektiv səbəbdən yaranan tinnitusa əsasən beyin və eşitmə analizatorunun atrofiyası (yaşla bağlı dəyişikliklər); güclü səs-küy fonunda (o cümlədən mina partlamasından sonra); baş-beyin, onkoloji, mərkəzi sinir sisteminin xəstəliklərini misal göstərə bilərik.

Gicgah-çənə oynağının xəstəlikləri, beyin və boyun damar xəstəlikləri (damarların aterosklerozu, anevrizmalar, inkişaf anomaliyaları), onkoloji xəstəliklər, ürək qapaqlarının (klapanların) patologiyası, anemiya obyektiv səbəb kimi göstərilir.