13 May 2024 11:29
1552
ƏDƏBİYYAT

Ağrılı və düşündürücü  hekayə

Qarşımda oxucusunu gözləyən bir kitab var. Mən bu kitabı oxumamışdan öncə onun barəsində, eləcə də o kitabın əhatə etdiyi mövzular barəsində azacıq da olsa məlumatlı idim. Çünki ruhən mənə doğma olan bir qarabağlının, bir eloğlumun söhbətlərindən bu məsələnin mahiyyətinə vara bilmişdim. Üstəlik də həmin o ruh doğmam poeziyanı da sevdiyindən, ara-sıra özü də sözü sözə caladığından daxilən onun nə vaxtsa ciddi qələmə sarılacağına əmin idim.

Və nəhayət həmin əminlik bu gün masamın üstündə olan kitaba çevrildi. Oxudum bu kitabı. Əvvəlcə tarix kitabı kimi oxudum, sonra coğrafiya kitabı kimi, sonra nağıl kitabı kimi və nəhayət bu kitabı əfsanə kitabı kimi də oxudum. Düşünə bilərsiniz ki, bir kitabı niyə bu qədər şaxələdim, böldüm. Haqlısınız, düşünməkdə də, irad bildirməkdə də, amma mən də haqlıyam. Çünki oxuduğum əlyazma bir elin, bir obanın, bir kəndin tarixidir. Yəni bir zamanlar Karyagin olan, Malakan olan, Qarabulaq olan, bu gün isə Füzuli kimi tanınan bir oymağın Gecəgözlü kəndi barəsində  tarixdir. Daha dəqiq desək, tarixi sərgiləyən kitabdır. Bu həm də Gecəgözlü kəndinin və bu kənddə məskunlaşan nəsillərin coğrafiyasıdır. Hardan hara necə köç etmələri, necə məskunlaşmalarıdır. Eyni zamanda bu həm də nağıldır. Təkcə müəllfin öz ailəsinin yox, Gecəgözlü kəndinin nağılıdır. Bu kənddə böyüyüb böyük arenaya çıxmış elm-sənət adamları, sayılıb-seçilən igidləri, xanım-xatın qızları ədəbiyyat, fizika-riyaziyyat, səhiyyə və digər sahələrdə önə çıxmış şəxsləri barəsində tanıtım nağılıdır.

Bu kitab həm də 31 yaşında həyata vida deyən bir gəlinin əfsanəsidir. Sevgi əfsanəsi, ailə əfsanəsi, ən sonda isə bu kitab bir kənd uşağının qarşısına qoyduğu  məqsədə doğru cırmaqlaşa-cırmaqlaşa, yorulmadan, usanmadan kəndçi ailəsinin qayğılarına çiyin verərək, boz inəklə  “vuruşa-vuruşa” Moskvada ali təhsil almağa müvəffəq olan  bir oğlanın, yəni kitab müəllifinin həyat hekayətidir.

Mən Qismət İbrahimovun “Gecəgözlü xatirələrim və düşüncələrim” kitabını maraqla, həvəslə, həm də ürək ağrısıyla oxudum. Yaddaşım təzələndi. Arxada qalan illər gözümün önünə gəldi. Dəfələrlə gəzib- dolaşdığım Gecəgözlü kəndinin mənzərəsini, orada qonağı olduğum işıqlı adamların səmimiyyətini xatırladım. Düşündüm ki, bu kitabı yazmaqda Qismət  həm çox böyük, həm də gərəkli bir iş görüb. Ona görə ki, kəndini, el-obasını tanıtmaq, təqdim etmək bacaran hər kəsin işi olmalıdır. 
İkincisi, kitabda təqdim olunan bütün məlumatlar demək olar ki, konkret faktlara söykənir. Həyat gerçəkliyini unutmağa imkan vermək olmaz. 

Üçüncüsü, burada milli-mənəvi dəyərlərdən söhbət gedir. Ağsaqqal- ağbirçək sözündən, böyük-kiçikdən, sayğıdan, elə-obaya hörmətdən söz açılıb. Həmçinin, bu kitabda şəxsi nümunədə özünü təsdiq etmə nüansları da diqqət mərkəzində olur.

Kitabı oxuduqca içimdə bir fikir formalaşdı. Özüm üçün müəyyən etdim ki, müəllif bütün kitabı oxucuya danışır, yəni həm özünün iştirakçısı və şahidi olduğu məqamları, həm oxuyub araşdırdıqlarını, həm də yaşlı nəslin dilindən əxz etdiklərini bütün çılpaqlığı ilə özü təqdim edir. Oxucu yalnız müəlliflə söhbətləşir. Ona görə də müəllif bədii təsvirdən daha çox faktları qabardır. Bax buna görə də şəkillərlə də tamamlanan bu kitabı təkcə Gecəgözlü xatirələri, düşüncələri kimi yox, həm də Gecəgözlü tarixi kimi özünlə istədiyin məkana apara bilərsən. Həmin məkanda bu kitab səni düşündürəcək və darıxmağa qoymayacaq.
Mən də kitabın ilk oxucularından biri kimi müəllifə uğurlar diləyirəm və bu kitaba görə təşəkkür edirəm.

Əbülfət MƏDƏTOĞLU,
Şair-publisist, Əməkdar jurnalist