05 Iyul 2025 19:15
415
GÜNDƏM

"AzerGold"un fəaliyyətinin 9-cu ili tamam oldu - VİDEO

Bu gün “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 9-cu ili tamam olur.

Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamına uyğun olaraq təsis edilən “AzerGold” 5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayıb.

Artıq 9 ildir Azərbaycanın yeraltı sərvətlərinin səmərəli və dayanıqlı idarə olunması istiqamətində fəaliyyət göstərən Səhmdar Cəmiyyəti əlvan və qara metal filizi yataqlarının kəşfi, tədqiqi, qiymətli metalların hasilatı, yerli və beynəlxalq bazarlarda satışı ilə milli iqtisadiyyata, sosial-iqtisadi inkişafa davamlı töhfələr verir.

Qeyri-neft sektorunu təmsil edən aparıcı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC dövrdə yerli və xarici bazarlarda 523 min unsiya qızıl və 989 min unsiya gümüş sataraq ölkə iqtisadiyyatına 1 milyard 690 milyon manatdan çox (təxminən 1 milyard ABŞ dolları) vəsait cəlb edib. Bunun 1 milyard 592 milyon manatı ixrac, 98 milyon manatı isə yerli satışlardan əldə olunub. Dövlət büdcəsinə 216 milyon 433 min manat vergi, 34 milyon 845 min manat isə sosial ödəniş həyata keçirilib.

Ölkəmizin ən tələbatlı işəgötürənlərindən biri olan Səhmdar Cəmiyyəti ötən 9 il ərzində birbaşa və dolayı yolla 2351 nəfəri daimi işlə təmin edərək məşğulluğun artırılmasına da mühüm töhfə verib. Hazırda şirkət və törəmə cəmiyyətlərində – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də 1088 nəfər, uzunmüddətli podratçılarda isə 1 263 nəfər çalışır. İş yerlərində təhlükəsiz və layiqli əmək şəraitinin təmin edilməsi nəticəsində QSC və onun törəmə cəmiyyətlərində xəsarətsiz iş saatlarının ümumi sayı 7,6 milyonu ötüb.

QSC əlvan və qara metal yataqlarının kəşfi və tədqiqi sahəsində ən müasir və innovativ texnologiyalardan, o cümlədən hiperspektral və aeroelektromaqnetik tədqiqat üsullarından istifadə etməklə, milli dağ-mədən sənayesinin elmi-texnoloji inkişafına və resurs potensialının dəqiq qiymətləndirilməsinə mühüm töhfə verir.

Bununla yanaşı, Səhmdar Cəmiyyəti “Made in Azerbaijan” brendi altında qızıl və gümüş sikkə, eləcə də qızıl külçə məhsullarını daxili pərakəndə bazarda uğurla realizə etməkdədir. Müasir istehsal həlləri, o cümlədən "Smartminting" texnologiyası ilə hazırlanmış qiymətli məhsullar milli-mədəni dəyərlərimizin təbliğinə töhfə verir, həmçinin yüksək likvidliyə malik etibarlı investisiya aləti kimi çıxış edir.

Fəaliyyətini ekoloji norma və tələblər, sosial məsuliyyətlilik prinsipi əsasında təşkil edən “AzerGold”un 9 illik fəaliyyəti onun dayanıqlı inkişaf modelini, qeyri-neft sektorunun şaxələndirilməsindəki rolunu və milli iqtisadiyyata verdiyi töhfəni aydın şəkildə nümayiş etdirir. Dövlət şirkəti bundan sonra da ölkənin mədən sənayesinin və sosial-iqtisadi rifahının inkişafına töhfə verməyə davam edəcək.