adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 May 2023 18:00
1545
MÜSAHİBƏ

Akif Aşırlı: “Stepan Şaumyandan miras qalan o qəzet hələ də fəaliyyətdədir” - MÜSAHİBƏ

1906-cı ilin may ayından çap olunan "Bakinski raboçi" (Бакинский рабочий) qəzetinin yaranmasından bu gün 117 il keçir.
Mövzu ilə bağlı Adalet.az- ın suallarını Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, mətbuat tarixçisi, tanınmış jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı cavablandırıb.


- Akif müəllim, Azərbaycan mediasının ən uzunömürlü qəzetinin bu gün ad günüdür.

- Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsinin orqanı kimi fəaliyyətə başlayan bu qəzet Azərbaycan mətbuatı tarixində bolşevik mətbuatının başlanğıcı hesab edilir. Müxtəlif tarixi mərhələlərdə Çar istibdadına, rus əsarətinə qarşı mübarizə aparan ziyalılarımızın əleyhinə olub, bolşevizmin təbliğatını aparan rusdilli bir qəzet idi.

- Onda belə çıxır ki, qəzet ancaq rusdilli azərbaycanlılara xidmət göstərib, xəbər verib, maarifləndirmə aparıb...

 

- Rus dilində nəşr olunan bu qəzetin 1920-ci ilə qədərki missiyası Azərbaycan milli qüvvələrinə qarşı mübarizə olub. Ermənilərin maraqlarına daha çox üstünlük verib, nəinki azərbaycanlıların. Redaksiya heyətinin adlarına baxın: A.M.Amiryan, V.İ.Naneyşvili, N.N.Kolesnikova, M.İ.Batırev, S.D.Vulfson, P.A.Caparidze, V.F.Yefimov, S.S.Spandaryan, S.Şaumyan... Azərbaycan xalqına qarşı düşmənçilik hissləri ilə yanaşan bu yazarlar azərbaycanlıların xeyrinə nəinki, xəbər, maarifləndirmə aparmaz, heç bir cümlə də xeyrimizə söz deməzlər.

 

- Akif müəllim heç bir azərbaycanlının işləmədiyi, Azərbaycana xeyri olmayan bir qəzetin bu günə qədər yaşaması da çox müəmmalıdır.

- Müxtəlif illərdə Nəriman Nərimanov, Ruhulla Axundov, Qəzənfər Musabəyov kimi bolşevik funksionerləri qəzetdə bolşevizmin təbliğatı üçün mütəmadi yazılar veriblər. Vahid, bölünməz Rusiya ideyasını təbliği aparılıb əhalinin milli-mənəvi dəyərlərindən uzaqlaşdırılması istiqamətində işlər görülüb. 1920-ci ildən sonra yenə də öz missiyasına sadiq qalıb. Əlbəttə, bu qəzetin səhifələrini varaqlasaq, niyyət və məram aydın olar.

- Akif müəllim, həqiqətən də kədərləndirici haldır ki, bu qəzet Azərbaycan xalqının qatili olmuş, Bakıda soyqırım yaratmağa nail olmuş Stepan Şaumyandan miras qalıb və hələ də fəaliyyətdədir.

 

- Təsəvvür elə ki, Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması ərəfəsində bunun qatı əleyhinə olan Şaumyan 1917-ci ildə bu qəzetin başına keçdi. Azərbaycanlıların 31 mart soyqırımına, Bakının zorən sovetləşməsinə, Bakı Xalq Komissarlarının yaranması və fəaliyyətinə, Rusiya bolşevizminin dinc insanları top atəşlərinə tutmasına, kütləvi insan qətllərin haqq qazandırıdı. Sonra elə Şaumiyan qədər qatil və anti-Azərbaycan düşüncəli A.M.Amiryan da baş redaktor olarkən qəzet tutduğu ana xətti dəyişmədi. Belə ki, Azərbaycan xalqına köməyə gələn Türkiyənin hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılan və tamamilə müsəlmanlardan ibarət olan Qafqaz İslam Ordusuna qarşı ağıllarına gələn böhtan tipli məlumatlar məhz bu qəzetin səhifələrində çap olunurdu. Bu qəzetin əsas tənqid hədəfi Azərbaycanın milli qüvvələri və Azərbaycan Xalq Cümhuriyyəti idi. Şaumyanın əleyhimizə səsləndirdiyi bütün fikirlər bu qəzetdə əksini tapır.

-Yəqin ki, Azərbaycanda sovet hökuməti yaranandan sonra daha bu qəzetin qarşısında durmaq, ona qarşı olmaq mümkün olmaz.

-Rus işğalından sonra, Azərbaycan Kommunist Partiyası MK-nin, Azərbaycan SSR Ali Sovetinin və Nazirlər Sovetinin orqanı oldu. Elə indi də yəni, Azərbaycan müstəqillik əldə etdikdən sonra da vacib media orqanlarından biri olaraq fəaliyyətini davam elətdirdi.

- Sizcə, "Bakinski raboçi" nin fəaliyyətinin dayandırılması məqsədəuyğun ola bilərmi?

- Düşünürəm ki, yalnız tarix baxımından bu qəzeti saxlamaq doğru deyil, çünki bu mətbu orqanın fəaliyyətini, istiqamətlərini qısaca söylədim. Azərbaycanda rusdilli xeyli mətbu orqan fəaliyyət göstərib. "Bakinskiy listok", "Kaspi" və s. Rusdilli oxucu auditoriyası üçün rəsmi bir mətbu orqana ehtiyac duyulursa, o qəzetin adı "Bakinskiy raboçiy" olmaz. Onun əvəzində, məsələn, “Azərbaycan” qəzetinin rusdilli versiyasının fəaliyyəti həm rusdilli oxuculara da, azərbaycan dilli oxuculara da daha çox bilgi, məlumat, təbliğat bəxş edə bilər. Söylədiklərim qərəz və sair deyil, sadəcə real yaşanan faktordur.

- Akif müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik.


Əntiqə Rəşid