adalet.az header logo
  • Bakı 11°C
25 Mart 2023 12:43
384
GÜNDƏM

“Allahdan bir möcüzə istəyirdim ki, onun şəhid xəbəri yalan olsun...”-Şəhid gizirin anası

Xəbər verdiyimiz kimi ötən yazımızda Cəlilabadın Vənlik kəndinin tarixi haqda maraqlı məlumatları oxucularımıza təqdim etdik. Yazımızın sonunda söz vermişdik ki, kəndin 2022-ci ilin sentyabr ayında erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş giziri, Vətən müharibəsi iştirakçısı, Nahid Hüseynağa oğlu Məmmədovun döyüş yolu haqqında geniş yazımızı təqdim edəcəyik. 

Beləliklə Adalet.az olaraq şəhid Nahid Məmmədovun döyüş yolundan bəhs edən yazını təqdim edirik:

“Biz kənddə olarkən şəhidimizin məzarını ziyarət etdik, ailəsində qonaq olduq. Bayram günlərində şəhidimizin ata evini demək olar ki, hər gün insanlar ziyarət edirlər. Ailəsinə baş sağlığı verirlər. Şəhidimizin anası Maral xanım Nahiddən sonra çox ağır günlər keçirib, xəstədir, hər dəfə bir hadisə eşidəndə özündən gedir, ayaqları tutulur. Şəhid anasıdır, övlad itkisinə dözə bilmir. Deyir ki, “Nahidin övladlarını böyüdürük, nə qədər çalışsaq da atası kimi böyüdə bilmirik. Hər şey var, amma bircə o, yoxdur. Bir də onu istəyirəm ki, dünya düzəlsin, Qarabağ məsələsində düşmən daha təxribata cəhd etməsin, övladlarımız şəhid olmasın”. 

Nahidin dəfn gününü indiyə kimi xatırlayıram. Maral ana bir gün Nahidin tabutunun yolunu gözlədi. Ağlamaqdan gözləri tutulmuşdu, səsi batmışdı. Elə qışqırıb deyirdi ki, “Allah bir möcüzə elə, Nahidin şəhid olmadığını, indi səninlə telefonla danışacağını desinlər”. Amma çox təəssüf ki, o möcüzə olmadı və kənd şəhid Nahidini qarşıladı, böyük izdihamla dəfn etdi. 

Nahidgilin ailəsi Vənlik kəndində çox tanınmış bir ailədir. Atası Hüsaynağa kişi uzun illər kənddə müxtəlif vəzifələrdə işləyib. Kəndin nə problemi olubsa, insanlar ondan kömək istəyiblər. Evləri isə həmişə qonaq-qaralıdı. Həyətlərində bir ağac var, görünüşündən ərəbcə Allah yazısına bənzəyir. Bunu din xadimləri də belə izah ediblər. Amma Allah Məmmədovlar ailəsini daha da yüksəklərə qaldırdı, onları şəhid ailəsi elədi, evlərini ziyarətgaha çevirdi. Şəhid atası Hüseynağa Məmmədov deyir ki, “Nahid evin ortancıl övladıdır. Amma onda qeyri-adi hərəkətlər var idi. Həmişə çalışırdı ki, bizə kömək eləsin. Əlbəyaxa döyüş üzrə keçirilən yarışlara qatılırdı, qazandığı pulu gətirib evə verirdi. 44 günlük Vətən müharibəsində sona qədər döyüşdü, Zəngilanın işğaldan azad edilməsində böyük xidmətləri oldu. Amma təəssüf ki, sentyabr döyüşlərində şəhid oldu”. 

Şəhidimizin qardaşı Vüsalla görüşmək üçün Nahidin məzarı başına getdik. Vüsal hər gün şəhid qardaşının məzarının üstünü təmir edir. Orda muzeyini tikir, şəxsi əşyalarını orda yerləşdirəcəyini deyir. Nahidin isə Şükürataz yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olduğunu danışır:

“Nahidin döyüş yoldaşı bizə gördüklərini danışıb. Şükürataz yüksəkliyi uğrunda gedən döyüş başlayanda Fərid adlı hərbçimiz şəhid olub. Nahidin şəhidin duasını oxuyub, sentyabrın 13-də səhər açılanda döyüşə başlayıb. Nahid orda ermənilərə səslənir ki, təslim olsanız, sizi öldürməyəcəyik. O, bunkerdə açıq döyüşə girib. Sonra ərazidən qaçan üç erməninin arxasınca qaçıb ki, onları diri tutsun. Amma qəfildən Nahidin alınından güllə dəyib və şəhid olub. Güllə yerinə özüm baxmışdım. Nahid uşaqlıqdan hərbi üçün yaranmışdı. 2010-cu ildən hərbidə işə başladı. Bizim kənddə hərbidə işə başlayan birinci adam  Nahid olub və ardıyca da başqa gənclər orduya yazılıb. 

44 günlük Vətən müharibəsi zamanı Nahid zəhərlənmişdi. Sonra sağaldı və komandirinə demişdi ki, məni döyüşə göndər. Bartaz yüksəkliyinə bayrağı Nahidgil sancıblar”.   

Vüsalla birlikdə kəndin orta məktəbinə gedirik. Şəhid qardaşı bizə Nahidlə bağlı bir xatirə göstərəcəyini deyir. Məktəb binasının arxasına keçirik və görürük ki, Nahid öz əlləriylə divara buz sözləri yazıb: “Nahid əlvida məktəb!”.    

Qeyd edək ki, Nahid Məmmədov 1990-cı il mayın 9-da Cəlilabadın Vəlnik kəndində anadan olub. Vətən müharibəsində göstərdiyi xidmətlərə görə “Zəngilanın azad olunmasına görə” və “İgidliyə görə” medallarıyla təltif edilib. Sentyabr döyüşlərində göstərdiyi xidmətlərə görə şəhid Nahid Məmmədov ölkə başçısı tərəfindən “Vətən uğrunda” medalı və “Azərbaycan Bayraq” ordeni ilə təltif edilib. 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif Əlihüseyn