adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
17 Yanvar 2022 13:46
1200
MÜSAHİBƏ

Aqil Abbas: "Kimsəni naümid qoymuram" -  MÜSAHİBƏ

AQİL ABBAS: "QAYIDIB AĞDAMDA YAŞAYACAĞAM, ORADA MÜTLƏQ KİTABXANA TİKDİRƏCƏYƏM"

 

Müsahibimiz yazıçı, jurnalist, millət vəkili Aqil Abbasdır.

***

- Aqil müəllim, özünüzü daha çox hansı mövqedə görürsünüz - deputat kimi, yazıçı kimi, yoxsa jurnalist kimi?

- Hər şeydən əvvəl insan kimi.

- Molla Nəsirəddini ilk dəfə qəzetə siz gətirmisiniz, hətta özünüzü Mirzə Cəlilin şagirdi hesab edirsiniz. Haradandır bu sevgi?

- Özümü dərk edəndən Mirzə Cəlili sevmişəm, yaradıcılığı ilə tanış olmuşam, yazılarını əzbər bilirəm. Hesab edirəm ki, Mirzə Cəlil bir dövrün yox, bütün zamanların yazıçısıdır. "Ədalət" qəzeti nəşrə başlayanda Mirzə Cəlil üslubundan istifadə edirdim. Mirzə Cəlil qaynayan bir bulaqdır, mən o bulağın gözündən su içmişəm. Sonra bəzi mətbuat orqanları bizi təqlid etməyə çalışanda gülərək onlara deyirdim ki, məndən oğurlamayın, mən özüm də Mirzə Cəlildən oğurlamışam, siz bulağın özündən yox, suyunun suyundan içirsiniz (gülümsəyir). Mirzə Cəlil elə bir sənətkardır ki, onun haqqında danışsaq, günlər yetməz.

- Özünüzü Mirzə Cəlilin davamçısı hesab edirsiniz?

- Müəyyən mənada hə, amma həm də yox. Davamçı deyəndə mən çalışırdım ki, ona oxşayım. Amma düşünürəm ki, Mirzə Cəlilin davamçıları var. Məsələn, Xalq yazıçısı Anarın adını çəkə bilərəm. Mən də onun cığırı ilə gedənlərin biriyəm.

- Müsahibələrinizin birində Kəlbəcəri, İstisunu gəzdiyinizi vurğulamışdıınız. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azaddır. İndi o anları yenidən yaşamaq istəyərsinizmi?

- Yazın gəlişini səbirsizliklə gözləyirəm. İnşallah gedəcəm Kəlbəcərə, gəzdiyim torpaqları yenidən gəzəcəm. O vaxtlar ağaclara adımı yazmışdım. O ağaclar da yadımdadır, Rus bulağı deyilən yer var idi Ağdərə-Kəlbəcər yolunun üstündə. Ordakı ağaclara adımı yazmışam. Keti-Meti dağına, Gəlin qayasına yazmışam adımı. Gedib həmin yerlərdə adımı, uşaqlığımı, gəncliyimi axtaracam. Hətta Şuşada Cıdır düzündə də adımı yazmışam. Biz Şuşaya gedəndə ayaq saxlayıb baxmaq istədim, qorxdum, amma qorxdum ki, birdən adım oradan silinər. Düşüb baxa bilmədim. Amma inşallah bir də yolum düşəndə gedib hamısına ürəklə baxacam.

- Hardan idi bu ad yazmaq sevdası?

- Uşaq vaxtı adət idi, təkcə mən yazmırdım, o vaxtlar çox adam adını yazardı. Ağacları dəlib adımızı yazardıq. Ağaclar böyüyəndə yazılan adlar kobudlaşsa da, illərlə silinmir. Amma üstündən 30 il keçib artıq...

- Yenidən o ağaclarda adınızı görsəniz, hansı hissi keçirərsiniz?

- Ağlayaram... (kövrəlir).

- Torpaqdan söz düşmüşkən, dədə-baba torpağınıza qayıtmağı, orada yaşamağı düşünürsünüzmü?

- Ağdama qayıdıb, orada yaşayacağam, hətta orada evim olmasa belə, mütləq kitabxana tikdirəcəyəm. Ağcabədinin Bayat kəndində kitabxana tikdirmişdim o vaxtlar. İndi ondan da böyüyünü, ondan da gözəlini Ağdamda tikdirəcəm. İndi 15 minə yaxın kitabım var, o kitabları da onları həmin kitabxanaya verəcəm. Sonra da inşallah xalqla əl-ələ verib birlikdə inkişaf etdirəcəyik. İnşallah xeyirli, uğurlu olsun. 

- Aqil müəllim, müsahibələrinizdə tez-tez Kəlbəcərdən danışırsınız. Maraqlıdır, sizi Kəlbəcərə bağlayan nədir?

- Biz Kolanıdanıq. Babalarımız Kəlbəcərdəndir. Natəvanın vaxtında Kəlbəcərdən Ağcabədinin Bayat obasına gəliblər, Natəvan oradan bir kənd hədiyyə edib babama. İndi o kəndə Kolanı deyirlər və hər kəs babamın soyadını daşıyıb orada. 3-4 minə yaxın adam var orada. Kəlbəcərə bağlılığım da ondandır. Uşaq yaşlarımızda atam həmişə bizi Kəlbəcərə aparardı, babalarımızın qəbrini ziyarət edərdik.

- İllər əvvəl bir müsahibənizdə əminliklə vurğulayırdınız ki, torpaqlarımızın işğaldan azad olacağına inanmayanlar 2 metr ip alıb özünü assın. Bu əminlik hardan idi?

- Mən həmişə buna inanmışam. Heç bir millət torpağını başqasının əlində qoymaz. Bizim millət böyük millətdir. Sadəcə hər şeyin vaxtı var. Həmişə yazılarımda, povestlərimdə, romanlarımda, hekayələrimdə, müsahibələrimdə vurğulamışam ki, inanın buna, o gün gələcək, inanmayanlar gedib iki metr ip alıb özünü assın. İnam mütləq olmalıdır. Şükür ki, heç kim özünü asmadı, hər kəs də torpaqlarına qayıdacağı günü səbirsizliklə gözləyir. Amma nə qədər insan dərddən dünyasını dəyişdi. Vətən həsrəti nə qədər adamın həyatına son qoydu. Mənim atam 71 yaşında Ağdamsız qaldığından dünyasını dəyişdi, o yaşadək bir dəfə olsun xəstələnməmişdi, amma vətənsizlik ona pis təsir edirdi. Qəfildən itirdik biz onu (kövrəlir).

- Bildiyim qədərilə yeniyetmə çağlarında çılğın olmusunuz. İndi yeniyetmə, balaca Aqili necə xatırlayırsınız?

- Yaşadığım mühit elə idi. Ağdamda yaşayıb çılğın olmamaq mümkünsüz idi. İndi hər nə qədər yaş keçsə də, düşünürəm ki, o çılğınlıq hələ də durur. Universitetdə oxuduğum zamanlarda yaxşı geyinməyi sevərdim. Hər kəsdən fərqli geyinərdim, rəssamlığım var idi, universitetdə rəssam tərzində geyinərdim, seçilərdim həmişə. Universitetdə oxuduğum illərdə, elə Bakıya gələndən Rəmişlə dostluq edirdim, onunla gəzirdim, onunla oturub-dururdum. Qonşu idik, ikimərtəbəli evləri var idi, yuxarı mərtəbəsində ailəsi yaşayardı, birinci mərtəbəsində musiqi alətləri var idi, özü qalardı orada. Orada birlikdə gözəl vaxt keçirərdik. Mən neçə ildir Rəmişdən yazıram, yazıb qurtara bilmirəm. 1981-ci ildən başlamışam o romanı yazmağa...

- Aqil müəllim, bildiyim qədərilə xaricdə hətta prezidentlər də, dövlət adamları da yürüşlər edir, velosipedlə gəzirlər. Amma siz bir dəfə demişdiniz ki, şəhərdə velosiped sürsəm, deyəcəklər deputatın başı xarab olub. Bu qınaq nədən qaynaqlanır?

- Bizim mentalitet başqadır. Xalqın özünün əxlaqı, dünyagörüşü var, xarakteri var. Bir deputat velosipedlə parlamentə getsə, millət ona necə baxar? İndi mən demək olar, velosiped sürmək vərdişimi də itirmişəm. Həyətimizdə biri var, heç onu sürə bilmədim. Amma cavan vaxtlarımda çox sevərdim. O da şəhərdə qismət olmayıb. Millət gərək onu qəbul edə, velosiped üçün də yollar ola. Ağdam şəhərində inşallah velosiped üçün yollar açılacaq. Hollandiyada baş nazir işə velosipedilə gedir, amma orada heç kim onu qınamır. Amma bizdə bu, hay-küyə səbəb olar. Millət hələ ona hazır deyil.

- Haqsızlığın qarşısında əyilməyin, haqqınızla bərabər, şərəfinizi də itirərsiniz, deyiblər. Amma indi bəzən elə olur ki, adam evinə bir parça çörək aparmaq üçün bir çox şeylərə göz yummalı olur. Buna münasibətiniz necədir?

- Mən şəxsən heç nəyə göz yummamışam. Yazılarımda da, televiziya çıxışlarımda da, parlamentdə də qəbul etmədiyim, razılaşmadığım məsələlər olanda susmamışam. Bildiyimi. düşündüyümü deməkdən çəkinməmişəm. Heç vaxt da özümü qəhrəman kimi göstərmək fikrim olmayıb.

- Tanınmış sima olanda onun uğurunu paylaşmaqdan daha çox, xırda bir nöqsanını gündəmin əsas probleminə çevirirlər. Bu problem nə vaxt düzələcək?

- Heç vaxt düzələn deyil. Tanınmış adamları kimliyindən asılı olmadan gözdən salmağa çalışırlar, demədikləri sözləri onların adına çıxırlar. Belə hadisələr mənimlə də bağlı olub, mən də belə hallarla üzləşmişəm. Xalq yazıçısı Anar Azərbaycanın pasportudur, amma görün onun haqqında nələr yazmırlar...

- Bu, nədən irəli gəlir? Olmayan bir şeyi xüsusi başlıqlarla yazmaq nə dərəcədə doğrudur? Uğuru yazmaq çoxmu çətindir yəni? 

- Elə media orqanları var ki, onları ancaq reytinq düşündürür. Bu gün, təəssüf ki, insanların çoxunda paxıllıq hissi var. Öz uğursuzluqlarını ört-basdır etmək üçün başqalarından istifadə edərlər.

- Həmişə sadə, səmimi, necə var, elə də görünürsünüz. Maraqlıdır, insan səmimiyyətini nə vaxt itirə bilər?

- Səmimi olmaq çox çətin məsələdir. İndi səmimi insanları sevmirlər. Mən başqa cür ola bilmərəm. Mənim ailəmdən, doğulduğum torpaqdan gəlib bu səmimiyyət. İnsanları sevirəm, bacardığım qədər hər kəsə əl tutmağa çalışıram. Deputat kimi rayonlara gedəndə insanları kəndin çayxanalarında qəbul edirəm. Qarabağda ləqəbim var: "Müəllim". "Müəllim gəlib" - deyirlər, hər kəs çayxanaya gəlir, mən də bacardığım qədər hər kəsə kömək edərəm. Bəzilərinə gücüm çatmayanda onu da deyirəm, yalan vəd vermirəm. 

Mən rayonlara adətən səhərlər çıxaram. Yolda kimisə görəndə mütləq o insanları götürüb getdikləri yerə çatdıraram. Çox adam məni tanımır yol gedəndə. Belə hallarla da qarşılaşıram. Adam olub, dövlətdən inək istəyir, ala bilmir, maşını icra hakimiyyətinin qarşısına sürüb o məsələni həll etmişəm. Heç vaxt kimisə yolda qoymaram.

- Səmimiyyətiniz, əl tutmağınız hamıya məlumdur. Bəs bunlar sizi nə vaxtsa yora bilər?

- Bəzən yoruluram, amma usanmıram. Çünki elə insanlar var ki, nə qədər kömək etsən də, yenə gəlir, yenə istəyir, insan yorulur. Təsəvvür edin, hər həftə gəlirlər, amma yenə də əliboş qaytarmıram, kimsəni naümid qoymuram.

- Aqil Abbas nə vaxt çilədən çıxır?

- Haqsızlıq, yalan görəndə, bir də "Qarabağ" komandası uduzanda (gülümsəyir). Amma çilədən tez çıxan insan deyiləm, səbirli adamam.

- Aqil müəllim, bir az dramaturgiyadan danışmaq istəyərdim. Yazıçı kimi bu gün dramaturgiyamız sizi qane edirmi? Çatışmayan tərəfləri nədə görürsünüz?

- Bu sahə ilə məşğul olan şəxslər var - Elçin kimi, Əli Əmirli kimi. Onların əsərlərini sevirəm. Amma İlyas Əfəndiyevdən sonra düşünürəm ki, bir az ləngimə var.

- Gənclərin əsərlərini oxuyursunuzmu? Bəyəndikləriniz olurmu?

- Hamısını oxuyuram və çalışıram qəzetimdə də onlara yer ayıram. Təqdimatlara da gedərəm. Hətta o kitabları alıb imkanı çatmayanlara hədiyyə də edərəm. Aqşin Yenisey, Seymur Baycan, Qan Turalı, Elnur Aslanbəyli, Kəramət Böyükçöl, Ulucay Akif və başqaları. Hamısının əsərləri ilə tanışam.

- Qəzetdən söz düşmüşkən, niyə məhz " Ədalət"?

- "Ədalət" qəzeti 1990-cı ildə açılıb. Adını "Hüquq" qoymaq istəyirdilər. Məni redaktor kimi dəvət etmişdilər. Amma mən o adla razılaşmadım. Dedim adı "Ədalət" olmalıdır və insanlara ədalət lazımdır. Fikrimlə razılaşmırdılar, amma yekunda mən deyən oldu. Mərkəzi Komitə ilə danışıqdan sonra yekun qərar "Ədalət" oldu. Maraqlıdır, insanlar həmişə ədaləti axtarıb, amma heç vaxt da tapa bilməyib. Hətta zarafatyana həmişə demişəm ki, cəhənnəmə düşsəm, orada da "Ədalət" qəzetini çıxaracam.

- Sizcə, bu dünyada ədalət haçansa yerini tapa biləcəkmi?

- Onun üçün dünya təzədən qurulmalıdır. Tanrı dünyanı dağıdıb təzədən qurmalıdır. Bütün dünyada var ədalətsizlik.

- Qarabağ işğalda olanda hərkəs dərddən, qəmdən yazdı. Amma torpaqlarımız işğaldan azad olunandan bəri hələ də sevincli yazıları barmaqla saymaq olar. Bu, nədən irəli gəlir?

- Yazırlar, amma bayağı səslənir, şablon səslənir. Amma yaxşı yazanlar da var. Hikmət Sabiroğlu Şuşadan yazıb və çox yaxşı yazıdır. Mən də yazmışam. "Qarabağ dastanı" kitabında da Qarabağ haqqında yazılarım çıxıb. Cıdır düzü haqqında yazmışam, yenə də yazacam. 

- Yaradıcı insanların ruhən fərqli olurlar. Sizcə, yaradıcılıq vərdişdirmi, yoxsa ilhamladır?

- Yazmasam, mümkün deyil, bu, mənim həyatımın axarıdır. Oturub ilhamın gəlməsini gözləməmişəm, vərdişlə də etmirəm. "Qar üstündə qan çiçəyi" əsərim var idi, 2001-ci ildə yazmışdım. Hilal dağda 7 əsgərimiz 30 dekabr bayram axşamı günü donub ölmüşdü. O ağrı süfrə başından durğuzdu, çəkildim otağıma və iki günə bir povest yazdım. Amma "Dolu"nu 20 ilə yazmışam. Təyyarədə uçanda, dəniz qırağında harda ağlıma gəlirdisə, orada bir qələm tapıb hara gəldi yazardım, salfet kağızına, siqaret qutusuna...

- Yaradıcılıq yolunda nələri qurban verib Aqil Abbas?

- Əsəblərimi, arzularımı, həyatımda çox şeyi qurban vermişəm.

- Bu gün nəyi itirmək istəməzdiniz?

- Bəxtiyar Vahabzadənin bir sözü var, "Daş da qiymətlənər əldən gedəndə". Yəni düşünürəm itirə biləcəyin nə varsa, qiymətlidir. İndidən sonra itirəcəyim nəsə yoxdur. Ağdamım qayıdıb, çox şükür. İtirəcəyim tək şey ömrümdür.

- Arzularınızın hamısı reallaşıbmı?

- Ən böyük arzum Şuşanı görmək, Qarabağa qayıtmaq olub. O da, çox şükür, reallaşdı. Tanınmış yazıçı, jurnalist olmaq istəmişəm, o arzuma da çatmışam. İndi arzularım ancaq nəvələrimlə bağlıdır. İnsanlar arzuları bitsə, intihar edər.

- Nəvələrinizdən yolunuzu davam etdirən varmı?

- 10 yaşında bir nəvəm rəssamlıq sevgimi davam etdirir. Amma ümumilikdə yox, davam etdirəni yoxdur.

Şəlalə CAMAL

525.az