Aqil Abbas: “Qurban elə sistem qurdu ki, Portuqaliya quruda qaldı”

UEFA Çempionlar Liqasının əsas mərhələsi Azərbaycan futbolu üçün tarixi anlarla başladı. Ölkəmizi turnirdə təmsil edən “Qarabağ” Portuqaliyanın futbol ənənələri ilə tanınan nəhəng klubu “Benfika” ilə səfərdə üz-üzə gəldi. Lissabonun məşhur “Eştadiu da Luş” stadionunda keçirilən qarşılaşma yalnız meydanda baş verən futbol hadisələri ilə deyil, həm də simvolik məna daşıyan nəticəsi ilə yadda qaldı. Qurban Qurbanovun rəhbərliyi altında “köhlən atlar” bütün çətinliklərə rəğmən əzmkarlıq nümayiş etdirərək 3:2 hesablı tarixi qələbə qazandı.
Bu uğur təkcə “Qarabağ”ın deyil, bütövlükdə Azərbaycan futbolunun Avropadakı mövqeyinə yeni nəfəs verdi. Çempionlar Liqası kimi nüfuzlu turnirdə belə bir nəticə əldə etmək həm idman baxımından, həm də milli ruhun güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. İndi bütün diqqətlər növbəti oyuna – oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” klubu ilə keçiriləcək qarşılaşmaya yönəlib.
Qarabağın Benfika üzərində qələbəsi yazıçı və millət vəkili Aqil Abbas tərəfindən böyük sevinclə qarşılanıb. O, Bakıvaxtı.az-a açıqlamasında oyunu “döyüş” adlandıraraq belə deyib:
“Çox gözəl bir döyüş oldu, biz bu qələbəni döyüş adlandıra bilərik. Bu döyüş idi, tamaşa idi, film idi. Mən demişdim ki, inanıram, Qarabağ qələbə ilə qayıdacaq. Qayıtdı. Qurban da kəsəcəm”.
Aqil Abbas Qurban Qurbanovun taktikasını yüksək qiymətləndirib:
“Qurban elə bir sistem tətbiq etdi ki, Portuqaliya quruda qaldı. Bir o qədər hücum etdilər, amma nail ola bilmədilər. Qurban çox gözəl ssenari qurmuşdu. O, Azərbaycan futbolunu dünyada tanıtdı və tanıda-tanıda gedir”.
Millət vəkili həmçinin azarkeşlik mədəniyyətinə də toxunaraq qeyd edib:
“Biz azarkeşliyi də öyrənməliyik. Avropada azarkeşlər 90 dəqiqə mahnı oxuyur. Bizim kimi musiqi sevən xalqda isə stadionda bir mahnı oxuyan yoxdur”.
Digər Xəbərlər

İlham Əliyev "Qarabağı" təbrik etdi

Yankoviçin vəziyyəti açıqlandı

"İndi qələbənin dadını çıxarmaq istəyirik" - Elvin Cəfərquliyev

"Qarabağ" Vətənə qayıtdı - VİDEO

Tahir Gözel: “Bu qələbəni cənab İlham Əliyevə həsr edirik”

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi - FOTO

"Qarabağ"a məğlubiyyətdən sonra istefaya göndərildi
