Aqşin Dadaşoğlu: Söz həm də sığınacaq yeridir - MÜSAHİBƏ

Müsahibim Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq Poeziya Müsabiqəsi laureatı, Xaçmazda fəaliyyət göstərən Murad Qudyalçaylı adına “Ulduzlar” Ədəbi Məclisinin baş katibi, neftçi-şair Aqşin Dadaşoğludur.
-Salam. Aqşin Dadaşoğlu necə təqdim olunmalıdır?_
-Salam. Aqşin Dadaşoğlu şair kimi təqdim olunmalıdır. Çünki mənim üçün əsl şairlik elə bir ucalıqdır ki, o bütün titullardan və fəxri adlardan üstündür. Doğrudur, şair üçün fəxri ad və titul stimulverici amil ola bilər. Amma heç bir titul yazarın yerinə əsər yazmır.
-Sözün gücünə sığınmaq sizə nələri qazandırıb?
-Sözün gücünə sığınmaq üçün əvvəlcə sözün gücünü qazanmaq, onu əldə etmək lazımdır. Mütəmadi olaraq mütaliə etmək, düşünmək və analiz aparmaq şairin sözünün gücünü artıran əsas amillərdəndir. Ciddi mütaliə ilə güclənmiş söz həm silah, həm hücum aləti ola bilər, amma lazım olan zaman söz həm də sığınacaq yeridir.
Sualınıza gəldikdə isə, sözün gücünə güvənmək mənə ruhani və mənəvi azadlıq verib. Qanunlarımızı bilir və bu qanunların çərçivəsində özümü doğma yurdumda çox rahat və azad hiss edirəm. Şükür ki, “ələbaxan” və “sözəbaxan” şairlərdən deyiləm.
İlk dəfə sözümün gücünə 1983-cü ildə, 14 yaşımda sığınmışam. İndi Şəhid Elşən Məmmədov adına olan, o zaman isə Bostançı kənd 8-illik məktəbində oxuyurdum. Müəllimlərimin əksəriyyəti məni sevmirdi. Buna səbəb dözülməz nadincliyim və güclü mütaliə həvəsim idi. Evimizin hər tərəfi bədii kitablarla dolu idi. Oxuduğumuz kitabları tez-tez müzakirə edir və müzakirələrdən yaranan sualları müəllimlərimə verirdim. Müəllimlərimin isə bəzən yeni çap olunan bədii kitablar və klassik əsərlərdən xəbəri yox idi. Məsələn, mən fizika müəllimimə Nikola Teslanın həyatından, ədəbiyyat müəllimimə Vasili Yanın “Çingiz Xan”, “Batı” və “Sonuncu dəniz” kitablarından, riyaziyyat müəllimimə isə dünyanın ən böyük riyaziyyatçılarından sayılan Karl Fridrix Qaus və Leonard Eyler barədə suallar vermişdim. Onlar isə məni bu “axmaq” suallarıma görə sinifdən qovmuşdular.
Bir dəfə məktəbimizə sovet təhsilini pozan uşaqlar üçün yaradılmış ciddi rejimli koloniyadan bir milis kapitanı gəlmişdi. Müəllimlərimin əksəriyyəti məni bu koloniyaya “layiq” bilmişdilər. Hətta müəllimlərimdən biri demişdi: „Dadaşın beş oğlu var, biri türmədə olsa da dünya dağılmayacaq ki”.
Milis kapitanı məni müəllimlər otağına çağırıb ciblərimi yoxladı. Cibimdən “Pioner”, “Azərbaycan gəncləri”, “Kommunist” qəzetlərinə və “Göyərçin” jurnalına göndərdiyim şeir və məqalələrin cavab məktubları çıxdı. “Kommunist” qəzetindən gələn cavab məktubunun o dövrdə böyük bir əzəməti vardı: məktubun üstündə böyük beşguşəli ulduz və qalın şriftlə “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəsmi orqanı” yazısı vardı. Məktubları görən milis kapitanının gözləri kəlləsinə çıxmışdı. O demişdi: “Siz belə istedadlı uşağı koloniyaya göndərib məhv etmək, məni də işə salmaq istəyirsiniz?! Mən bu işə qol qoya bilmərəm”. Və getmişdi…
-Şeir yazdığınız və yazmadığınız günlər bir-birindən çox fərqlənir?
-Məncə şairin şeir haqqında düşünmədiyi heç bir günü olmamalıdır. Şair həyatında gündəlik baş verən bütün hadisələrə şair gözü ilə baxmalı, mənalı bir tapıntı tapanda isə onu şeirə çevirməyi bacarmalıdır. Çünki əsl şair olmaq və şeir yazmaq fitri istedadın və həmişə açıq olan “altıncı gözün” (bəsirət gözünün) məhsuludur.
Amma mənim şair kimi hər gün şeir yazmaq öhdəliyim də yoxdur. Elə şeirlər var ki, yarım ilə yazılır. Amma o şeir haqqında düşünmək hər an, hər gün davam edir. Məsələn, ustad şairimiz, məclisimizin fəxri üzvü Ramiz Qusarçaylı deyir ki, mən məşhur “Azərbaycan bayrağı” şeirini altı aya yazmışam. Amma düz altı ay o şeir haqqında düşünmüşəm, deyirlər ki, şeiri beynimdə yazmışam. Ona görə də şeirim böyük uğur qazandı. Mən də ustadın bu fikri ilə tam razıyam.
Məşhur holland rəssamı Vinsent Van Qoqun bir fikri var: bütün yaxşı əsərlər beynin iştirakı ilə, amma ürəklə yaradılır. Şeir yazmağın texnikasını bilən çox şair var, amma texnikanı bilmək hələ şair olmaq deyil.
-Şeirlərinizdə həm səmimiyyət, həm də bir könlün qırıq-söküklüyü var. Bu taleyin payıdır, yoxsa sadəcə şair yaradıcılığıdır?
-Yaradıcılıq şairin ruh halının, ilhamının və mütaliəsinin ona bəxş etdiyi xoşbəxtlikdir. Şair bir şeirində özünü bədbəxt, başqa bir şeirində isə xoşbəxt hiss edə bilər. Şairlərin ruh halı fəsillər kimi dəyişkəndir.
Özüm kasıb və çoxuşaqlı ailədə böyümüşəm. Rəhmətlik Nüsrət Kəsəmənlinin “Biri vardı, biri yox” şeiri elə bil mənim uşaqlığım, gəncliyim və həyatım üçün yazılıb. Könlün qırıq-söküklüyü də yəqin ki, keçmişdə aldığım mənəvi travmalardan qalıb. Əslində, şairi şair edən də onun aldığı mənəvi zərbələrdir. Mən indiyə kimi doğulandan uğura bələnmiş, uşaqlığı və gəncliyi gözəl keçən istedadlı bir şair tanımıram. Həm də şairlər dərdə, bəlaya doğru qucaq açıb gedən adamlardır.
Dahi şairimiz Məhəmməd Füzuli bu haqda gözəl deyib: “Mən istərəm bəlanı, çün istər bəla məni”. Gülməli olsa da deməliyəm ki, başı bəlasızdan, ürəyi qubarsızdan şair olmaz.
-Sizcə ən böyük cəsarət nədir? Bir şairi sözə güvəni nə vaxt başlayır?
-Ən böyük cəsarət ədalətli olmağı bacarmaqdır. Ədalətli olmadan söz şairə, şair də sözə güvənmir. Müasir dövrdə minlərlə “şaircik” ədəbiyyatımıza soxulub, əksəriyyəti yaşlı-başlı adamlardır. Bu adamlar özlərinə, bacarıqlarına və hisslərinə qarşı ədalətli deyillər. Özünə qarşı ədalətli olmayan adamın cəsarət hissi olmur. Cəsarət hissi olmayan adamdan isə şair çıxmır.
Mənim üçün müasir dünyada ən cəsarətli lider Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Biz dövlətimizi və onun rəhbərini səmimi qəlbdən sevən insanlarıq. Cənab Prezidentimizə isə inamımız həmişə böyük olub.
27 sentyabr 2020-ci ildə Neft Daşlarında iş yoldaşlarımla birlikdə Cənab Prezidentin çıxışına baxırdıq. Müharibə başlamışdı, amma hamımız tam əminliklə inanırdıq ki, qələbə bizim tərəfdə olacaq. Çünki xalq olaraq Ali Baş Komandanımıza və Ordumuza inanırdıq.
Bax, o vaxt iş yoldaşlarımdan biri soruşdu: “Şair, sənin yeganə oğlun xüsusi təyinatlıdır. Qorxmursan oğlunun başına bir iş gələr?”
Dedim: “Dost, el ilə gələn bəla toy-bayram olar deyiblər. Mənim kimi minlərlə valideynin övladı müharibədədir. Təki biz qalib gələk, bir yox, min oğlum olsa, hamısı Vətənə qurban olsun”.
Bəli, Vətənə çox igid oğullar qurban oldu. Amma əvəzində alnı açıq, üzü ağ, qaməti dik bir Vətən qazandıq. Elə bir Vətən ki, düşmənlərimiz də onun şənini tərifləyir. Artıq ölkəmizin üstündən qara buludlar çəkilib. Cənab Prezidentimizin yorulmaz səyləri sayəsində ermənilərlə sülh müqaviləsinə çox yaxınlaşmışıq.
Amma son zamanlar özlərini ziyalı adlandıran bəzi adamların adının qabağındakı cümlələr məni çox düşündürür. Yerindən duran özünə “müharibə veteranları cəmiyyətinin üzvü” deyir. Adamın nəslində düşmənə bir güllə atan yoxdur, amma bütün tədbirlərdə şəhid analarından da yuxarıda – başda əyləşir. Əksəriyyəti də guya “şair”dir. Buna ədəbi dildə “milçək özgüvəni” deyirlər. Bir şey deyil, amma ürək bulandırır.
-Bir şair və qazi atası kimi rayonunuzun ictimai-siyasi həyatını, icra başçısı Elnur Rzayevin fəaliyyətini necə qiymətləndirirsiniz?
-Mən bütün ömrümü Xaçmaz rayonunun Bostançı kəndində yaşamışam. Ona görə də rayonumuza rəhbərlik etmiş bütün başçılar haqqında az da olsa məlumatım var.
2019-cu il oktyabrın 31-də Cənab Prezident İlham Əliyevin əmri ilə rayonumuza başçı təyin edilən Elnur Rzayev bütün kontekstlərdə öz sələflərini üstələyir. Çünki o, həmişə əhalinin – camaatın içində olan adamdır. Şəhid ailələri və qazilərlə aparılan iş üzrə isə başçımızın bəlkə də ölkədə tayı-bərabəri yoxdur.
Bəzən mən Elnur müəllimi qardaş Türkiyə Cümhuriyyətinin adına filmlər çəkilmiş, əsərlər yazılmış məşhur valisi Recep Yazıcıoğlu ilə müqayisə edirəm. İşlədiyi 6 il ərzində rayonda və kəndlərdə aparılan quruculuq və abadlıq işlərini görəndə isə bunları başçımızın gərgin əməyinin bəhrəsi kimi qiymətləndirirəm.
Elnur müəllimlə şəxsən tanış olmasam da onun hər ad günümdə mənə məktub yazaraq təbrik etməsi bir yaradıcı insan üçün böyük stimuldur. Rayonumuzda şəhid ailələri və qazilərlə aparılan iş isə həqiqətən yüksək səviyyədədir. Mən bir neçə dəfə şəhid dəfnlərində, şəhid anaları və qazilərlə görüşlərdə iştirak etmişəm və bu görüşlərin heç birində göz yaşlarıma hakim ola bilməmişəm.
Düz 5 ildir ki, bu tip tədbirlərdə mütəmadi olaraq iştirak edib dəstək və sayğı göstərən, şəhid ailələrinin ən istəkli və hörmətli qonağı olan, xalqını müqəddəs bir sevgi ilə sevən başçımız Elnur Rzayevə və bu müqəddəs işdə başçımıza dəstək olan hörmətli dostlarımıza – Günel xanım Nurəddinovaya, Tariyel Didarova, Könül xanım Əskərovaya, Pakizə xanım Mehdiyevaya, Könül xanım Ramazanovaya, Aydın Fətiyevə, Sədaqət xanım Cəmiyevaya, Elvin Ağayevə, Vəfa xanım Musayevaya, Dilarə xanım Rüstəmovaya, Gülşən xanım Yusifovaya, Məmməd Qədirə və Osman İmamova bir xaçmazlı şair və Qazi atası kimi həm də M.Qudyalçaylı adına „Ulduzlar” Ədəbi Məclisinin adından dərin təşəkkürümü bildirirəm.
-Həyatınızda sizi susduran, amma yazaraq danışmağa məcbur edən bir hadisə olubmu?
-Mən faktiki olaraq çox az danışan adamam. Özümə yaxın insanlarla oxuduğum kitablardan gətirdiyim sitatlarla, kəlamlarla danışmağı sevirəm. Oxucularımla isə şeir dili və hekayə dili vasitəsilə ünsiyyət qururam.
Həyatımda məni susduran çoxlu hadisələr olub. Deyirlər ki, nadan adamla mübahisə edəndə kənardan baxan üçün bu, iki axmağın mübahisəsi kimi görünür. Ona görə də elmi əsası və məntiqi olmayan mübahisələrə girmirəm.
-“Ulduzlar” Ədəbi Məclisi bir məktəbdirmi, yoxsa yoldaşlıq ocağıdır? Bu “Ulduzlar”ın işıq qaynağı nədir? Son zamanlar “Ulduzlar”da nə baş verir?
-Mən həmişə M.Qudyalçaylı adına „Ulduzlar” Ədəbi Məclisini bölgə yazarlarımız üçün bir ocaq saymışam. Elə ona görə də nə həmişə ədəbi birlik və ya sayt yaradacaq olsam adını “Ocaq” qoymağı düşünmüşəm. Çünki “Ocaq” sözünün həm özündən, həm də ruhundan çox xoşum gəlir.
Şair olaraq Ədəbi Məclisə şair və publisist Mehrəli Qulunun tövsiyəsi və təkidi ilə 2006-cı ildə üzv kimi qəbul olunmuşam. O zamanlar məclis Xaçmaz şəhərində “Xaçmaz” qəzetinin redaksiyasında, baş redaktorun kabinetində keçirilirdi. Şeirlərimi oxudum, bəyəndilər. Məclisin sədri Fərzalı Ziyanur mənə mütəmadi məclislərə qatılmağı tövsiyə etdi.
Düzünü desəm, o zamanlar məclisdə şairlər arasında sağlam rəqabət vardı. Mənim üçün Məmməd Qədir, İbrahim Ağçaylı, Telman Təravət, Pənah Elqəm, Mövlan Şahid, Böyükağa Ağa, Sabir Nemət, Səyyad Sərraf kimi böyük şairlərlə poeziya polemikasına girmək olduqca maraqlı idi. Düzdür, məclisimizin üzvləri daha çox idi, amma əksəriyyəti şeir yazmağın texnikasını bilən, amma bütün yaradıcılığı mənasız söz yığınından ibarət olan şairlər idi.
Sonra sıralarımız daha da genişləndi: Nəzər Mirzəyev, Məhərrəm Mustafa, rəhmətlik Füzuli Barat, Emfira Tağıyeva, Cümşüd Aydəmir, Səxavət Ənvəroğlu, Mövlud Ağamməd, Mehparə Sadıqova, Gülşən Əhmədova, Rübabə Mustafayeva, gənclərdən Vüsal Yurdoğlu, Habil Rzanur, Rəfael Agah, Ümid Nəsrullayev, Aynur Vətənqızı, Qızbəs Oruc, Müşfiq Qərib, Xəyalə Yağışlı, sizin özünüz, Səməd Asif, Kənan Rahi, Pakizə Nur və başqaları sıralarımıza qatıldılar.
Bir neçə il işimlə bağlı məclisin tədbirlərinə qatıla bilmədim və həmin dövrdə “Ulduzlar”da parçalanma baş verdi. Şairlər, məclisin sədri Fərzalı müəllimə ədalətli seçki keçirməyi və yeni sədrin seçki yolu ilə müəyyən olunmasını təklif etdilər. Sədr buna razı olmayıb, rayonun İcra Hakimiyyəti və polis vasitəsilə hədələr gəlib. Nəticədə “Ulduzlar”ın ən güclü bir hissəsi Böyükağa Ağanın rəhbərliyi ilə özlərinin yeni ədəbi məclisini – “İlham Çeşməsi”ni yaratdılar.
“Ulduzlar” rəsmi olaraq 3-4 nəfərdən ibarət bir qurum kimi qaldıqda köməyimizə dostum, Əməkdar jurnalist Azər Həsrət çatdı. Azər Həsrətin və Mövlan Şahidin əzmkarlığı sayəsində “Ulduzlar” yenidən parlamağa başladı. Biz birlikdə möhtəşəm tədbirlər keçirdik, bütün Respublikaya səs saldıq və xeyli uğurlar qazandıq.
-Məclisin baş katibi olmaq həm təşkilati, həm də yaradıcı məsuliyyətdir. Hansı daha çətindir: şairləri idarə etmək, yoxsa öz qələminizi?
-Məclisin baş katibi olmaq çətin və məsuliyyətli işdir. Çünki mən bu işə böyük məsuliyyətlə yanaşıram: hər üzvümüzün şeirini və yazısını oxuyur, fikir bildirir, yol göstərir, saytlara və qəzetlərə göndərirəm.
Baş katib vəzifəsinə sədrimiz Fərzalı Ziyanura kömək üçün, seçki yolu ilə seçilmişəm. İlk vaxtlar işlərimiz çox yaxşı gedirdi. Mənim rəhbərliyim altında məclisin rəsmi Facebook, Instagram və TikTok səhifələri yaradıldı. Halbuki 65 yaşlı bir məclisin internetdə heç bir çıxışı yox idi.
Sonra sədrimiz bu uğurlarımıza qısqanclıqla yanaşaraq ətrafına topladığı, özü kimi təqaüddə olan 3 nəfər ədəbiyyat müəllimi ilə bizə qarşı haqsız münasibət göstərməyə başladı və şəxsən məndən şikayətlər etməyə çalışdı.
İndi isə ətrafımızda qalan üzvlərimizlə həm Məclisi, həm şairləri, həm də öz qələmimizi idarə etmək çox rahatdır.
-Sizcə, hər üzv bir ulduzdurmu, yoxsa bəzi ulduzlar sönməyə məhkumdurlar?
-Ölkənin bütün bölgələrində bu tip ədəbi məclislər fəaliyyət göstərir. Əksər insanlar bu məclislərə maraqdan qoşulurlar, amma istedadı olan şairlərlə və yeni poeziya nümunələri ilə ayaqlaşa bilmədiklərindən sönməyə məhkumdurlar.
-Bugünkü gənc şairlər haqqında fikirləriniz necədir? Onlar işıq axtarırlar, yoxsa qaranlıqda parlamaq istəyirlər?
-Bizim çox istedadlı gənc üzvlərimiz var. Onlar özləri gur yanan ulduzlardır. Mən yalnız onlara izah etmək istəyirəm ki, hansı qaranlıqda daha gözəl parlayacaqlar.
Məsələn, gənc üzvümüz olaraq sizin özünüz yalnız şair deyil, həm də qiraət ustasısınız. Üzvlərimizin şeirlərini böyük ustalıqla və özünəməxsus tərzdə səsləndirirsiniz. Vüsal Yurdoğlu və Habil Rzanur artıq ölkəmizdə tanınan gənc şairlərdəndir. Pakizə, Kənan və Səməd isə bizim böyük ümidlərimizdir.
-Əgər “Ulduzlar” Məclisini sabah bir gəncə təhvil versəniz, ondan ilk tələb nə olar?
-Düzünü desəm, belə bir fikrim var. Bir neçə dəfə məclisin sədrliyinə və baş katibliyinə gənc üzvlərimizdən bir neçəsini namizəd göstərmişəm. Amma biz bu tip məsələlərin tam şəffaflıqla, seçki yolu ilə həllinə üstünlük veririk.
Mən hər hansı bir gənc ulduzumuza baş katibliyi təhvil versəm, ilk olaraq onun mütaliəsini soruşaram. Çünki mənim üçün mütaliə birinci şərtdir.
-Məclisin fəaliyyətini gələcəkdə daha geniş auditoriyaya çatdırmaq üçün hansı yeni layihələr planlaşdırırsınız?
-Yuxarıda qeyd etdiyim kimi, mən Məclisə baş katib seçilənə qədər rəsmi səhifəsi belə yox idi. Bu məsələni həll etmişik. Hazırda Məclisimizin saytını və YouTube kanalını açmaq fikrindəyik.
Daha böyük layihələrimiz haqqında isə buradan açıqlama vermək istəmirəm. Necə deyərlər, yaşayarıq, görərik.
-Sizcə, “Ulduzlar”ın regional yox, ölkə səviyyəsində tanınması üçün hansı addımlar vacibdir?
-“Ulduzlar”ın bəzi üzvlərini – Məmməd Qədiri, Habil Rzanuru, Vüsal Yurdoğlunu, Səxavət Ənvəroğlunu, Cümşüd Aydəmiri, Mövlan Şahidi artıq ölkə səviyyəsində tanıyırlar. Ölkə səviyyəsində tanınmaq üçün isə yaxşı, hətta çox yaxşı əsərlər yazmaq lazımdır.
Yaxşı əsərlərin reklamını və təbliğini təşkil etmək isə ədəbi məclis rəhbərlərinin birbaşa vəzifə borcudur.
Təəssüf ki, ölkədə tanıdığım bir neçə ədəbi məclis rəhbəri həm özləri sanballı əsər yaza bilmir, həm də təşkilatçılıq və təbliğat bacarıqları yoxdur. Onlar yalnız adlarının qabağında “filan ədəbi məclisin rəhbəri” sözünün yazılmasını istəyir və bununla hər cür pis hərəkət etməyə də qadirdirlər.
Bir məsələni də qeyd etmək istəyirəm: hər hansı bir ədəbi məclisi istedadsız bir adam idarə edirsə, onun ətrafında birləşənlərin, onunla həmrəy olanların da əksəriyyəti istedadsız olur. İfadəmə görə üzr istəyirəm, amma belə şairlər ədəbiyyatda “zibillik ədəbiyyatı yaradanlar” adlanırlar.
-Sizin “Söz dünyanın ən güclü silahıdır” fikriniz var. Bu vəziyyətdə sözün qələbə şansı necədir?
-30 il bundan əvvəl ermənilərlə müharibədə uduzmağımızın əsas səbəblərindən biri erməni xalqının bizə qarşı dəhşətli dərəcədə nifrətinin olması idi. Bəs bu nifrəti kim və nə yaratmışdı? Əlbəttə ki, söz.
Uzun illər boyunca azərbaycanlılara qarşı aparılan təbliğatın kökündə nə dayanırdı? Nifrətə bulaşdırılmış söz.
Ərazilərimizi itirdikdən sonra 30 il boyunca biz də həmin nifrət ilə silahlandıq. Amma bizim nifrətimiz haqlı və ədalətli idi. Biz öz torpaqlarımızı qaytarmaq istəyirdik. Bizim nifrətimiz bütöv bir xalqa qarşı deyil, işğalçılara qarşı idi.
Yaxşı, bizim bu ədalətli nifrət hissimizi kim yaratmışdı? Yenə də söz – sözlə aparılan haqlı təbliğat. Ona görə də ədalətli olaraq demək olar ki, nifrətə bulaşdırılmış söz dünyanın ən güclü silahıdır və həmişə qalib gəlir.
-Oxuculara həm şair, həm də təcrübəli bir oxucu kimi nə demək istərdiniz?
-Oxumaq və öyrənmək heç vaxt gec deyil. Amma sistemli olaraq mütaliə etmək daha çox uğur gətirir.
Gənc valideynlərə üzümü tutub deyirəm: övladlarınızı mütaliəyə, kitab oxumağa alışdırın. Bütün inkişaf etmiş ölkələrdə kitab oxuyanların sayı əhalinin 60–70 faizini təşkil edir. Bizdə isə bu göstərici çox aşağıdır.
Təəssüf ki, biz kitab oxumaq üzrə deyil, məzmunu, keyfiyyəti və mənası aşağı olan kitabların çapı üzrə liderik. Ölkəmiz rəsmən kitab bolluğunu yaşayır, amma çox olan hər keyfiyyətsiz məhsulun sonu zibillikdir.
Əslində isə biz kitab yox, oxucu bolluğunu yaratmalıyıq. Oxucu bolluğunun yaradılması isə ailənin, məktəblərin, kitabxanaların və ədəbi məclislərin birgə işidir.
-Bu müsahibədə sizə verilən suallar haqqında fikriniz nədir?
-Dahilərdən birindən soruşublar ki, insanın istedadlı olduğunu necə müəyyən etmək olar? Dahi cavab verib ki, həmin adamla həmsöhbət olub, onun verdiyi suallardan və cavablardan. Mən suallardan çox razı qaldım. Cavabların necə qarşılanacağını isə hörmətli oxucular bilərlər.
Söhbətləşdi: Gözəl
Digər Xəbərlər

“Dislaliya əksər hallarda uğurla korreksiya olunur” - MÜSAHİBƏ

"Sümük iliyi donorluğu həqiqətən də təhlükəsizdir? - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi: Açıq ünsiyyət uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir

Məktəbli çantasının düzgün seçimi uşağın sağlamlığı üçün həyati əhəmiyyət daşıyır - MÜSAHİBƏ

Uşağın məktəbə hazırlanması və valideynlərin yol verməməli olduğu səhvlər

“Vestibulyar gimnastika kəskin başgicəllənmənin aradan qaldırılmasında mühüm rol oynayır”

Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib - TAM MƏTN
