adalet.az header logo
  • Bakı -°C
13 Aprel 2026 11:09
100
MÜSAHİBƏ
A- A+

Sadə köp, yoxsa ciddi xəstəlik əlaməti? - SN-nin mütəxəssisindən XƏBƏRDARLIQ

Mədə-bağırsaq sistemi ilə bağlı ən çox rast gəlinən şikayətlərdən biri köp (meteorizm) problemidir. Bir çox hallarda sadə qidalanma vərdişlərindən qaynaqlansa da, bəzən daha ciddi xəstəliklərin əlaməti kimi də ortaya çıxa bilər.

Adalet.az xəbər verur ki, mövzu ilə bağlı ətraflı Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin qastroenteroloqu Saniyə Şahverənova nazirliyin saytına müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Köp nədir və necə əmələ gəlir?

- Köp insanın mədə bağırsaq sistemində artıq miqdarda qazların toplanması nəticəsində yaranan haldır. Səbəblər əksər vaxt karbohidratların, daha az hallarda isə yağların, zülalların düzgün parçalanmaması və yoğun bağırsağın bakteriyalarının fəailiyyətinin nəticəsi olur. Tərkibi və yaranma mexanizmindən asılı olaraq nitrogen, oksigen, karbon dioksid, hidrogen, metan və digər ola bilər. Daha pis qoxu tərkibində hidrogen sulfidin olmasına dəlalət edir, az hallarda isə metanetriol və dimetilsulfidə rast gəlinir.

- Normada insanın mədə-bağırsaq sistemində qaz olurmu və köp özünü hansı şikayətlərlə göstərir?

- Normada insanın bağırsağında 200 ml-dək qaz olur və gündəlik 14-25 dəfə ümumi 600-700 ml həcmində qazın xaric olması norma variantı kimi sayılır. Daha böyük qaz kütlələri yeməkdən sonra hərəkət etməyə başlayır, amma asta sürətlə yuxu zamanı belə davam edir. Gəyirmə, köp, şişkinlik, qazın çox xaric olması və bəzi hallarda qarın nahiyəsində ağrı, ağızdan pis qoxu gəlmə, iştahasızlıq, erkən doyma, ürəkbulanma, qurultu şəklində səslərin olması və qəbizlik. Bu simptomlar xəstələrdə qazın çox əmələ gəlməsi, bağırsağın hərəki funksiyasının dəyişməsi nəticəsində qazın tranzitinin pozulması və ya xəstənin normal qaz miqdarına olan aşırı həssas hissiyyatı nəticəsində əmələ gəlir. Qazın çox əmələ gəlməsinin əsas səbəbləri isə ilk növbədə sorula bilməyən karbohidratlardır. Yoğun bağırsağa çatdıqda bakteriyalar üçün qida rolunu oynayır, bu proses isə çoxlu miqdarda qaz istehsalı ilə nəticələnir. Karbohidratlar sorulmamasının əsas səbəbləri kimi nazik bağırsağın normal selikli qişasında ferment çatışmazlığını, tam sorulmamış karbohidratların transportunun pozulmağını, selikli qişanın orqanik dəyişikliyini göstərə bilərik.

- Ferment çatışmazlıqları haqqında nə deyə bilərsiniz?

- Ən çox rast gəlinən laktaza çatışmazlığıdır. Süd məhsulları qəbul etdikdə ağır hallarda ishalla birgə rast gəlsə də, yüngül dərəcədə, çox miqdarda qəbul etdikdə təkcə köplə müşayiət olunur. Digər ferment defisitlərindən sadə şəkərlərin sorulmasında iştirak edən bir çox fermentləri göstərmək olar. Meyvə suları, meyvələr, pəhriz qidalarında dadlandırıcı kimi istifadə olunan sorbitol, şokolad (sukraza-izomaltaza defisiti) həzmdə çətinlik törətdiyi üçün köpə gətirib çıxara bilir. Mürəkkəb karbohidratlar və bitki lifləri də qaz ifrazını artıra bilər. Bu siyahıda paxlalı, dənli bitkilər (buğda, yulaf və digər), kartof, qarğıdalı, düyü, bir çox tərəvəzləri göstərmək olar.

- SİBO nədir?

- Bildiyimiz kimi, nazik bağırsaq və mədə yoğun bağırsağa nisbətdə steril hesab olunur, hər hansi obstruktiv xəstəliklər zamanı kron, radiasion enteritlər, törəmələr, digər hallar və ya durğunluğa səbəb ola biləcək vəziyyətlərdə normada mövcud olan bakteriyaların sayı artır. Əlavə olaraq, koprofagiya, koloenterik fistula zamanı da yoğun bağırsaq bakteriyalarının nazik bağırsağın mühitini pozmasını göstərmək olar. Bəzi mənbələrə görə, bu vəziyyət uzunmüddətli turşuluq azaldan preparatların qəbulu zamanı da baş verə bilər. Eyni zamanda, bu sindroma daha yüngül hesab etdiyimiz bağırsağın hərəki funksiyasının pozulması ilə müşayiət olunan funksional xəstəliklər də gətirib çıxara bilər. Bu zaman da, bağırsağın həzm olunmayan artıq qidalardan təmizlənməsi prosesi ləngidiyinə görə nəticə olaraq yenə də bakteriyaların sayı artır və özünü diskomfort, köp, ürəkbulanma, ağır hallarda ishal, malabsorbsiya və çəki azalması ilə göstərə bilər. Yaşlı və orqanik xəstəliyi olmayan insanlarda da köpün bu mexanizmlə yarandığı düşünülməkdədir.


- Həzm sistemində qazın hərəkətinin ləngiməsinə görə köp hissinin əmələ gəlməsi hansı xəstəliklərdə özünü büruzə verir?

- Hərəki funsiyasının pozulması ilə gedən hər hansı bir xəstəlik - qastroparez, fundoplikasiyadan sonrakı və bir çox postoperativ vəziyyət, nazik bağırsağın psevdoobstruksiyası, kəskin ileus, xroniki qəbizlik köpə gətirib çıxara bilər. Qastroparez və psevdoobstruksiya bir çox tanıdığımız xəstəliklərdə müşahidə oluna bilər, o cümlədən şəkərli diabet, sklerodermiya, amiloidoz, genetik xəstəliklər, paraneoplastik sindrom və digər endokrinoloji xəstəliklər. Kəskin ileus isə metabolik pozuntular, kardiovaskulyar xəstəliklər, sistem xəstəliklərdə rast gəlinir. Köpdən danışılırsa bağırsaqların qıcıqlanma sindromunu unutmaq olmaz. Həm bağırsaqda qazın tranziti, hərəkətlilik dəyişir, həm də xəstənin bəzən normal miqdarda qaza belə aşırı həssaslığı, ağrı, köp hissi yaranır. Digər səbəblər, misal üçün hipotireoidizm, miokardın aşağı divarının infarktı və bir çox preparatlar bağırsağın hərəki funksiyasına təsir edərək köp şikayəti yarada bilər.

- Aerofagiya nədir ?

- Aerofagiya normadan artıq havanı udmaqla başlayır. Saqqız çeynəmək, siqaret çəkmə kimi adi vərdişlər belə səbəb ola bilir. Psixoloji xüsusi durumlar - depressiya, hiperventilyasion sindrom, yuxu apneası olan adamların yuxu zamanı ağızla havanı çox udması da təkan verə bilir. Eyni zamanda, larinqoektomiyadan sonra və digər xroniki ciddi səbəblərdən də qaynaqlana bilər. Özünü köp hissindən əlavə gəyirmə ilə göstərir. Döş qəfəsində olan mənfi təzyiq udulan havanı yenidən qida borusuna doğru itələyir, oradan da ağız vasitəsilə hava xaric olur.

- Diaqnoz qoyulduqdan sonra müalicə taktikası necə olur?

- İlk növbədə hərtərəfli anamnez toplayırıq, hər xırdalıq vacibdir, nədən sonra başladığı, yanaşı hansı şikayətlərinin olması, psixoloji vəziyyəti, yuxu və oyaq vəziyyətdə simptomların olması və ya itməsi, defekasiyadan sonra itməsi və ya qalması, hansı dərmanları qəbul etməsi və bir çox detallar. Əsas işimiz orqanik ciddi səbəbləri istisna etməkdir. Baxış keçirdirik, xəstənin dərisinə, oynaqlarına, çəkisinə diqqət yetiririk. Laborator müayinələr edirik. Ümumi qan, sidik, nəcis analizləri, elektrolitlər, şəkər, albumin, ümumi zülal, koaluqramma, böyrək, qaraciyər sınaqlarına, bəzən də kortizola, seroloji markerlərə diqqət yetiririk. Ehtiyac olduqda diaqnostika üçün rentgen, qastroskopiya, kolonoskopiya, mədə-bağırsaq manometriası və ssintiqrafiya, nəfəs testləri tətbiq oluna bilər. Orqanik bir səbəb varsa mütləq spesifik müalicə aparılır, bəzən cərrahi müdaxilə belə oluna bilər. Digər vəziyyətlərdə fərdi yanaşma tətbiq edilərək pəhriz, bəzi vərdişlərdə dəyişiklik, medikamentoz terapiya aparılır. Funksional xəstəliklərdə psixoterapiya da yaxşı effekt verir.

Profilaktika və reabilitasiyaya gəldikdə isə ilk növbədə sağlam həyat tərzi, düzgün qidalanma, vaxtında diaqnostika və müalicə tədbiləri tövsiyədir. Reabilitasiya üçün isə sanator-kurort müalicəsi məsləhət görülür.