Arzusuna qovuşan şəhid - Kəmalə Abıyeva yazır

KAMALƏ ABİYEVA
168724 | 2021-07-29 10:46

Ağayev Ramiq 1992-ci ilin 12 fevralında Astara rayonu Səncərədi kəndində sadə, zəhmətkeş ailədə dünyaya gəlib. E. Ağayev adına Səncərədi tam orta məktəbində təhsil alıb. 2009 - cu ilin məzunudu. Şagird kimi də fəallığı, bacarığı, məsuliyyəti, özünə qarşı tələbkarlığı ilə seçilib. Verilən bütün tapşırıqları layiqincə yerinə yetirib. Şagird və müəllim kollektivinin sevimlilərindən olub. İdmanı sevib. Məktəblər arasında keçirilən idman yarışlarında, "Cəsurlar” və "Şahinlər” hərbi oyunlarında həmişə uğur qazandırıb məktəbinə. Uşaqlıqdan tankçı olmaq istəyib və olub.

2010-cu ildə həqiqi hərbi xidmətə çağırılır. Müdafiə Nazirliyinin "Gizir hazırlığı hərbi kursu”nu bitirir. Sonra sürücü mexanik kimi 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sırasında hərbiçi ömrünü yaşamağa başlayır. Ramiq 2016-cı il aprel döyüşlərində igidlik göstərib. O vaxtdan da hər gün savaşın başlanmasını arzulayıb. Qisas almaq, torpaqlarımızı azad etmək fikri başından çıxmayıb. İgidliyi dastan olan Pəncəli Teymurov idealına çevrilib.

Sentyabrın 27-də döyüş yoldaşları, qorxmaz tankistlərimizlə birlikdə qələbəyə inamla düşmən istehkamlarını dağıdıb. "Öldü var, döndü yoxdu” tez-tez işlətdiyi ifadə idi deyir döyüş yoldaşları. Hansı kənd uğrunda döyüşə gedirdiksə belə deyirdi. Cəbrayıl uğrunda amansız döyüşlər idi. Elə bil Ramiqi tuşlamışdılar.Raketlə vurdular tankını. Yanan tankını tərk etməyib Ramiq. Yenə "öldü var, döndü yoxdu” deyib. Onu yanan tankdan güclə çıxarıblar.

Hərbi texnikadan istifadəyə, düzgün idarə etməyə görə fərqlənib Ramiq. Düşmən tanklarının səddini yarıb, neçə hərbi texnikasını, canlı qüvvəssini məhv edib.

Elməddin Əbilov da tankistdi. Bu ağır döyüşlərdə o da yaralanır: 2015-ci ildən Ramiqlə birlikdə Bakıda N saylı hərbi hissədə xidmət etmişik. Yaxın dost demək azdı, qardaş idik. Həmişə "Pəncəli Teymurovun qisasını alacam. Bütün şəhidlərin qisasını alacam bir gün” deyirdi. Sürücü mexanik kimi öz işinin ustası idi. Peşəkarlığına söz ola bilməzdi. Savaşa da birlikdə qatıldıq. Bütün hücumlarda birinci idi. Ölümdən qorxmurdu. Bilirdi ki, düşmən öndə gedən tankları mütləq vurmağa çalışır. Bilirdi ki, vurulacaq...Amma elə irəliləyirdi ki, qarşısına keçmək olmurdu. Hamımıza ruh verirdi. Ramiqdən bir-neçə gün sonra yaralandım, bir yerdə müalicə alırdıq. Həkimlər nə qədər çalışsa da kömək edə bilmədilər... Taleyində şəhidlik varmış...

Döyüş yoldaşları yanan tankdan Ramiqi çətinliklə çıxara bilir. Saatlı hospitalına çatdırırlar. Vəziyyəti ağır olduğundan Bakıya göndərilir. 13 gün həyata qaytarmağa

çalıışsalar da onu xilas etmək mümkün olmur. Son dəfə anası Mehriban xanımla danışır.: Ana, sən məni bir dəfə Astarada dünyaya gətirdin. Mən ikinci dəfə Cəbrayılda doğuldum. Allah məni sənə hədiyyə etdi-deyir. "Balam şəhid kimi doğulmaq arzusuna qovuşdu”...

19 oktyabrda şəhid kimi yenidən doğulmaq arzusuna qovuşur.

3 oğul atasıydı Ramiq: Şahin, Təbəssüm və Bəxtiyar. Oğlanlarına "Vətən əsgəri” deyərdi. Ramiq xanımı İranəyə hər zəngində "Özündən muğayat ol. Oğlanlarımı sənə əmanətdi. Möhkəm ol” deyirdi.

Həyat yoldaşı İranə xanım doymadığı sevgiylə danışırdı: Şəhid olacağını hiss etmişdi elə bil. Hər dəfə möhkəm ol deyirdi. Çox qayğıkeş idi, çox. Oğlanlarını oxutmaq istəyirdi. Onun arzularını özüm yaşadacam. Bilirəm asan olmayacaq. Amma Ramiqin adına layiq öğullar olacaq. Ataları kimi mərd, igid, dürüst, vətənsevər olacaqlar. Hal-hazırda iki oğlum Kaspi kurslarının Lənkəran filialına gedirlər. Sağ olsunlar. Özləri bizi tapdı, maşın da ayırıblar. Ödənişsiz uşaqlar orda hazırlıq keçirlər. Onlardan çox razıyam. Heydər Əliyev fondu, Yaşat fondu dəstək olub. Övladlarıma təqaüd verilir. Dövlət yardımı da olub. Ev növbəsinə də götürüblər. Ölümündən sonra da qayğımıza qalır... Bircə Ramiqin yoxluğuna alışa bilmirəm...

Tanıyanlar yoxluğuna alışa bilmir Ramiqin. İlkin Xəlilov kimi.

İlkin də 1990 – cı ildə Astarada dünyaya gəlib. O da ömrünü hərbiyə bağlayıb. Azərbaycan Ordusunda tank taqım komandiri kimi xidmət edir. Addım-addım, qarış-qarış, ölümün gözünə baxa-baxa qələbəyə gedən İlkin Xəlilovun dedikləri: Sözsüz bir insan idi. Yoxluğu çətindi. Silahdaşım, canyoldaşım, qardaşım olub. Heç kəsi darda qoymayıb heç vaxt. Döyüşdə də belə idi. Ən təhlükəli döyüşə birinci gedərdi. "Nə olsa, birinci mənə olsun” deyərdi. Rahatlıqla, əminliklə söykənə biəcəyin oğul idi. 2016-cı il aprel döyüşlərdə birlikdə olmuşuq. "Vətən yolunda can qoymaq lazımdı” deyərdi. Ürəkli oğlan idi. Buna da hazır idi. Bilirsiz, belə oğullar haqda danışmaqla bitməz. Fikrimi necə ifadə edim ki? Gərək onunla birlikdə olasan, döyüşəsən ki, bu mərdliyi görəsən.

Onlarla döyüş yoldaşının şəhidliyini yaşayan İlkin bu xatirələrin ağırlığına da toxundu. "Çətindi” dedi.

Bir də "sağ olun ki, unutmursuz, onlar haqda yazırsız” deyə bir- neçə dəfə təşəkkür etdi. Şəhidlərlə bağlı yazılara görə onların ailə üzvləri, dostları, döyüş

yoldaşlarından təşəkkür eşitmək bir başqa əzabdı. "Biz onlara borcluyuq”, "Təşəkkür etməyin” kimi ifadələr işlətmək bu əzabı azaltmır, bayağı görünür mənə görə.

Mən təşəkkür etmək istəyirəm, amma söz tapmıram. Onlara necə təşəkkür edim ki? 30 ilin yaralarına canını məlhəm edənlərə necə təşəkkür etmək olar?

"Ruhun şad olsun” deyirik hamısına. Bu Vətəni elə qorumalı, elə sevməliyik ki, ruhları şad, rahat olsun.

Şəkillərinə baxıram. Qəribə baxışları var Ramiqin.Elə bil danışır bu baxışlar: Sizə Vətən əmanət etmişik. Onu qoruyun. Başqa təşəkkür gərək deyil.

P.S. Avqustun 1-i İlkin Xəlilovun doğum günüdür. Ömrünün yeni ili ona uğur gətirsin. Onun timsalında bütün hərbiçilərimizə, vətən keşikçilərinə, xalqımıza sakit, rahat günlər arzusuyla

 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV