Dənizin ovsunladığı Faiq - Kamalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
839 | 2024-09-09 12:20

Yaşıl yosunlu dənizim,
Sirli , ovsunlu dənizim.

***

Bir –birini qovlayan
Ləpələr mavi, təmiz.
Məni belə ovsunlayan
Bax budur, adi dəniz.

***

Dənizçiyə dalğaların arasından əl eləyər su pərisi,

dənizçiyə ad qoyarlar –su dəlisi.

 

Bu misraları oxuyanda düşünürsən ki, bunları Faiq Balabəyli yazıb. Özünü tanımadan öncə imzasını tanıyırsan.Mənim kimi. Çünki dənizin rəngi, ətri var şeirlərində:

Günəş yenə də çıxdı Xəzərin o üzündən...
Göyərtəyə çıxıram -
dənizin mehi alsın yorğunluğun,
təkliyin acısın üz-gözümdən.

Şeirlərində çox sevdiyim Xəzərin ətrini duyanda özü haqqında məlumatım yox idi. Tədbirlərin birində tanış olduq. Maraqlı adamdı, ilk görüşdən illərin dostu təsirini yaradır. Bir gün söhbətləşəndə nə tariximizin, nə özümüzün yaddaşından silinməyəcək 1990-cı ilin 20 yanvar hadisələrini xatırladıq. O günlərdə mənim üçün sirli bir qoruyucu güc kimi olan gəmilərin fit səslərini eşitdim yenə də. Və onun həmin gəmilərdən birində olduğunu, həbsə düşdüyünü, çəkdiklərini öyrəndim. Yalan nə deyim, Faiq gözümdə ucaldı, ucaldı dənizin dərinliklərindən göylərə qədər ucaldı. İndi o mənim üçün təkcə şair, vətəndaş deyil-qəhrəmandı. İllər əvvəl 20 yanvar hadisələri ilə bağlı hazırladığı kitabda yer alan “Müqəddəs muzeyə çevirə bilmədiyimiz gəmilər” adlı yazı yazdım:  “Vətən sevgisi sözə gəlməz. "Sevirəm” kəlməsi ilə ifadə olunmaz. Vətən ağrısını yaşamaq qədər çətin heç bir duyğu olmaz. Vətənə "Dərdinə şərikəm” təsəllisi yersiz olar. Vətən sevgisindən baş açmazsan. Doymazsan bu sevgidən...” O da vətənsevdalıdır. O günlərin də, o illərin də ağrısını unutmayıb. Mən də unutmurdum, heç unutmaram da. “Bir də fit səslərini unutmuram. Dənizdəki mülkü gəmilərin fit səslərini.

Dünya ilə əlaqə kəsilmişdi. Dənizçilər şəhərdəki qırğına, bu qırğının qurbanlarının dənizə töküləcəyinə etiraz olaraq haray salırdı. Gəmilərin ötürdüyü SOS siqnalları ilə dünya başımıza gələnlərdən xəbər tuturdu. Xəzər Dəniz Donanmasının dənizçiləri bütün təhdidlərə, təhlükələrə baxmayaraq şəhəri qoruyurdu”. 

O səmada qanad açan quş bizim
torpaq bizim, bulud bizim, daş bizim
Nə vaxta tək səbrim üstə daş düzüm
Vur də, komandir, vur!
Bu sazağın üz qarsıyır “istisi”
somsoyuqdur Kəlbəcərdə İsti su.
Bulud olur yanan qəlbin tüstüsü
Vur də, komandir, vur! - çünki bir hayqırtısı olub içində.

Və həmin günlərdə Faiq Balabəyli dostları, məsləkdaşları ilə birlikdə yurdunu-torpağını qoruyurdu.

Çünki “Dənizçinin yuxusuna Torpaq ətri girər hər gün”. O, yuxularında da torpağını görür. Sevgi doludu. Bu sevgidi onun tamlığı: yaradıcılığı və şəxsiyyəti ilə tamdı-bütövdü.

Bilirəm darıxırsan,

Gözlərin də yol çəkir.

Dərd, sevincin üstünə

İmza atır, qol çəkir.-deyir, amma bir batman dərdin üstünü bir damcı sevinclə örtə bilir. Kimsəyə ağırlıq gətirməz. Çətin günləri də olub, yalnız sözə-özünə söykəndiyi, dərdləşdiyi zamanları da. Sonsuzluğa oxşayan dənizlə bölüşdüyü anları da. Bəlkə elə o anlarda

Mənim bu gündən sonra uçan quşlara, yağan yağışa, axan çaya, gecənin bağrına işıq tutan aya şeir yazmağa halım olmaz-deyə düşünüb.

Çəkdiklərini hansı dostu iləsə, ya elə ürəyi ilə bölüşüb:

Bu bizim alın yazımızdı
yumruqlarınla silinməz,
Yaşanar ömrün sonuna qədər
amma, hansı dildə yazılıb,
Görünməz, oxunmaz, dostum.

Amma o, külün içində işartını görməyi bacarıb. Faiq  Yanıb-sönən mayaklarda “ümid” adlı bir közərti görər hər gün”.
əslində yaradıcı insan yaşantılarımızı yaratmalı, deyə bilmədiklərimizi deməlidir. Vətən sevgisini də, qəlbinin çırpıntılarını da poeziyaya çevirməlidir:

Sənin olmadığın bir məkanda
sənsizlik səssizlik kimidir,
həm də yaşamaq çox çətindir...

***
Yadına düşürmü gözündən düşənlər?
Əlindən düşənlər gözündən düşənlərdən
daha qiymətliydi o zaman -
əyilib qaldırardın
...

Faiq Balabəyli Cəlilabadın Sabirabad kəndində dünyaya gəlib, orda keçib uşaqlığı. Kənd məktəbini bitirəndən sonra Bakı Dənizçilik məktəbindən  başlayıb şəhər həyatı. Amma onun öz kəndinə, uşaqlığının şahidi olan cığıra, izə sevgisi boyüyüb şeirlərində:

Yaxşı ki, kənddən elə o vaxt
çıxıb gəldim şəhərə.
Yoxsa bu qədər bağlanmazdım
içimdəki qövr eləyən qəhərə...

İndiki kimi darıxmazdım,
sevə bilməzdim kəndimizin
adamlarını, torpağını, suyunu.
Yayda cadar-cadar olan,
qışda daşan çayını...

Belə sevir Faiq Balabəyli Azərbaycanı da, dənizi də, kəndini, dost-tanışını, doğmalarını da. “Sənə yazılan şeirlər”i də də sevir və Eh ayrılıq nə yamansan”-deyir. Bəlkə də indi dənizdədi.“Yaşıl yuxulu dəniz”ə baxıb “Burda darıxmaq olmaz” deyə düşünür. Mənsə sahildən ”Bir ovuc kədər”i bizimlə bölüşmək istəyən Faiq bəyin yubiley ilini qutlamaq istədim.

TƏQVİM / ARXİV