adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

QALİB GÜLÜŞÜ ORXAN ƏLİYEVİN XATİRƏSİNƏ - Kamalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
1731 | 2023-12-19 10:05

İkinci Qarabağ Savaşının əsgəri Orxan Ədalət oğlu Əliyev 19 dekabr 1991-ci ildə Bakının Xəzər rayonunun Şağan qəsəbəsində dünyaya göz açmışdı.Xəzərin səsi anasının laylasına qarışıb, xəzri, gilavar saçlarına sığal çəkmişdi. Əlivevlər nəslinin göz bəbəyi idi Orxan. Atası Ədalət Əliyev beş bacının tək qardaşı, iki bacısından sonra dünyaya gələn OrxanƏdalətin yeganə oğlu idi. Orxanın ilk gülüşü, ilk sözü, ilk addımı bir başqa cür əzizlənib oxşanırdı. Beləcə böyümüşdü Orxan.

Hələ məktəbliykən 2005-ci ildə həyatın ilk acısını daddı. Ata itkisi  qəlbini yaraladı. Yaşı az olsa da anasının dayağı oldu.
Orxan Şağan qəsəbəsindəkiBirinci Qarabağ savaşının şəhidi Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəbdə doqquzillik təhsildən sonra 13 nömrəli Bakı peşə liseyinə qəbul olur. Ömrünün ən gözəl illəri idi-arzularının aşıb-daşdığı, xəyallarının qanad açdığı dönəmi idi. Elə bu illərdə də ilk sevgisini tapdı. Sevib, sevildi Orxan. Liseyi bitirən kimi nişan taxdı sevdiyi Nərminə. Və vətən borcunu yerinə yetirməyə yollandı. Həqiqi hərbi xidmətini Goranboyda keçdi.

Xanımı Nərmin: Kolleci bitirən kimi nişanlandıq. Həqiqi hərbi xidmətdən sonra ailə qurduq. Həyatım idi. Həyata sevgim idi Orxan.  Sevgi dolu, qayğıkeş, diqqətli idi. Çox gözəl ata idi Orxan. İki oğlumuz var:Ədalət və Hüseyn. İndi təsəllim, dayağım onlardır. Nə deyim? Hansı sözlərlə tərifləyim? Onsuz yaşamağın necə çətin olduğunu necə ifadə edim ? Bilmirəm....

Hərbi xidmətini başa vurub qayıtdı ailə qurdu, ata oldu Orxan, amma ürəyi rahatlıq tapmadı. “Necə ola bilər ki, torpaqlarımız ermənilərdə qalsın?” deyə tez-tez özünə də, yaxınlarına da bu sualı verdi.Ən çox da bacısı ilə bölüşərdi.

Axı bir də şəhid bacıları var. Səsində, sözündə ağrısını hiss etdiyin, acısını duyduğun şəhid bacıları. Günel kimi: Mənim üçün həm ata, həm qardaş, həm övlad idi elə bil Orxan. Mehriban, şirindil, gülərüz. “Bacı” deyəndə yerə-göyə sığmırdım. Həm də çox vətənpərvər idi qardaşım. Torpaqlarımızın işğalı ürəyində yük idi elə bil. Tez-tez bu haqda danışardı. Gözləyirdi müharibəni. Tovuz hadisələrindən sonra hər gün hərbi komissarlığa gedirmiş ki, “bəs biz döyüşə getməyəcəyik?  Bütün bu xəyanətlər cavabsız qalacaq?”. Belə igid idi qardaşım. Varlığıyla möcüzəydi həyatımızda. Möcüzə də oldu.

Təmkinli səsinə arada həyacan, kövrəklik qarışır, təşəkkür etməyi də unutmur:Sağ olun ki, qardaşımı yada salırsız, şəhidləri xatırladırsız. İndi çox yerdə, Şağanda da şəhidlərimizin adına küçələr var. İstərdim ki, Orxan Əliyev küçəsi də olsun.

Bir də şəhid anaları var, Təsəlli etməyə söz tapmadığın, “oğlum ləyaqətli, qeyrətli idi, torpaqlarımızın işğalına dözə bilmirdi” deyib göz yaşını qüruru ilə ovudan şəhid anaları.“Heç bilməmişəm Tovuz hadisələrində Polad Həşimov vurulandan sonra bir-neçə dostu ilə gedib könüllü yazılıbmış. Savaşa gedəcəyini biləndə “ailən, iki oğlun var, bəlkə getməyəsən?” deyənlər oldu. Hərbi komissarlıq da evin tək oğlu, iki balası olduğu üçün aparmaq istəməyib. Özü israr edib.“Bəs ordakı oğulllar?Bəs torpaqlar? Oğullarım böyüyəndə bu hadisələri öyrənəcəklər. “Ata, müharibəyə niyə getmədin?”soruşanda nə cavab verəcəm”? İndi Ədalət, Hüseyn kimi balalar atalarıyla fəxr edəcək”- bunları dedi Seyran xanım.

Azərbaycanın ərazi bütövlüyü uğrunda başlayan savaşa könüllü gedən Orxan Suqovuşan, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərdən keçdi. 16 oktyabrda şəhid oldu.

“Vətən uğrunda”, “Suqovuşanın azadlığına görə”, “İgidliyə görə” medalları ilə təltif olunub.

Rasim Sultanov Orxanla bir sinifdə oxuyub: Orxan haqqında nə qədər danışsam, nə desəm, az olar. Uşaqlıqdan bir yerdəyik. Heç ayrılmazdıq. Etibarlı, sadiq idi. Qardaş var dost ola bilmir, dost var qardaş olur. Elə idi mənim üçün.Tovuz hadisələrindən sonra gedib könüllü yazıldıq orduya. Tez-tez hərbi komissarlığa gedirdik, maraqlanırdıq. İstənilən gün döyüşə hazır idik. Savaş başlayan kimi getdik. Orxanın mərd, qorxmaz olduğunu bilirdim, döyüşlərdə bir daha bunun şahidi oldum. Bir şəhidi erməni keçidində qoymazdı. Təkbaşına gedib götürürdü. Yaralıları atışma zonasından çıxarırdı. Elə çevik idi, cəld idi ki! Əsil hərbiçi kimi atışırdı, elə bil xüsusi hazırlıq keçmişdi. deyim? Ən gözəl xatirələrimi, uşaqlığımı, gəncliyimi itirdim elə bil. Amma biz şəhidliyi gözə almışdıq. Qələbəmizə inanırdıq. Qalib ordunun əsgəri olmaq qürurludur, torpaqların azadlığı uğruna şəhid olmaq da şərəflidir. 

Orxan və dostlarının savaşa gedərkən çəkilmiş video görüntülərini izlədim. Hamısı sevinir, hamısı gülür. Fəxrimiz general Polad Həşimovun ölümündən sonra hər gün hərbi komissarlığa gedən Orxan  onları savaşa aparacaq maşının pəncərəsindən də gülə-gülə baxır, sevinclə yola salanlara əl edir. Döyüş dostları deyir “şəhid olanda da gülürdü Orxan. Üzündə elə gülüş vardı ki, şəhid olduğuna inamadıq”.

 Oğluna son dəfə baxmaq istəyən ananın hayqırtısı da birdən kəsilmişdi. Gülümsəmişdi ana tabutdakı oğlunun üzündəki gülüşə cavab olaraq. Gülə-gülə getdi Orxan savaşa da, o uca zirvəyə də.Orxan qələbəyə- qalib olmağa getmişdi və qalib oldu! Qaliblər gülər.

TƏQVİM / ARXİV