06 Dekabr 2024 09:00
1362
LAYİHƏ

AZADLIQ OLAN YERDƏ HƏYAT VAR

Dünyada insanları ən çox düşündürən və narahat edən onların azadlığıdır. Çünki azadlıq olmayan yerdə sanki günəş yoxdur və insanların  içində, qəlbində bir soyuqluq var. Təbii ki,  azadlığı da əldə etmək üçün hər bir xalq mübarizə və mücadilə aparmalıdır. Eyni zamanda azadlıq həm də söz, mətbuat, fikir plüralizmi və düşüncə azadlığı deməkdir. Əgər bu elementlər, bu göstərdiyimiz dəyərlər yoxsa heç şübhəsiz, insanlar həmişə əziyyət çəkəcək, narazı olacaq və istədiklərini deyə bilmədiklərinə görə pis duruma düşəcəklər.

Əlbəttə, biz həmişə «Azadlıq» deyəndə Avropa ölkələrini yada salmışıq və düşünmüşük ki, kaş elə biz də o azad, demokratik ölkələrdə yaşayaydıq. Çünki Sovet dönəmində insanların dolanışığı, yaşayışı və həyat  tərzi yetərli idi. Ancaq çatışmayan bir səbəb var idi ki, onun üçün də insanlar həmişə  öz içlərində və ürəklərində mübarizə aparırdılar. 

Artıq 1988-ci ildən başlayaraq  keçmiş SSRİ-dəki müttəfiq respublikalarda böyük azadlıq hərəkatı başladı. Və bu  azadlıq hərəkatı Azərbaycandan da yan keçmədi. Bir milyon insan  seli «Azadlıq meydanı»na  toplaşaraq «Demokratiya!», «Müstəqil Azərbaycan!», «Söz və mətbuat sərbəstliyi!» deyərək  hayqırdılar. Aydındır ki, azadlığı  heç kimə  asanlıqla vermirlər. O «şirinquş» deyil ki, gətirib kimsə onu  sənə versin. Bayaq dediyimiz kimi, bu dəyərləri əldə etmək üçün insanlar mübarizə aparmalıdırlar. Və o mübarizə də artıq 1988-ci ildən başlamışdı. 

SSRİ dağılandan sonra müstəqil Azərbaycan yeni-yeni dirçəlməyə başladı. Əlbəttə, ölkəni həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən inkişaf etdirmək üçün  dövlətin dayaqları  daha möhkəm olmalı idi. Çünki heç kimə sirr deyil ki, Xalq Cəbhəsinin hakimiyyətdə olduğu qısa zaman kəsiyində ölkə iqtisadiyyatı dağılmış, başqa sözlə demiş olsaq, Azərbaycanda xaos və özbaşınalıq hökm sürürdü. Siyasi cəhətdən savadsız və  təcrübəsiz adamlar dövləti  idarə edə bilmirdilər. Daha doğrusu, onlar öz başlarını  itirmişdilər.  Öz başını itirən insanlar yəqin ki, dövləti idarə edə bilməzdilər. Elə ona görə də 1993-cü ilin yayında Ulu Öndər Heydər Əliyevi Azərbaycan xalqının xahişi ilə  ikinci dəfə hakimiyyətə gətirdilər. 

Heydər Əliyev hakimiyyət başına gələnə qədər ölkədə vətəndaş müharibəsi yetişmişdi. Daha doğrusu, bunun ilk  qığılcımları özünü göstərdi.  Əgər Ulu Öndər bir neçə  ay hakimiyyətə gec dəvət olunsaydı  ölkəmizdə Vətəndaş müharibəsi başlanacaqdı və bununla da zəif bir dövlətin bütün problemləri daha da ağırlaşacaqdı.

Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə çox yox, bir ildə hər şey dəyişməyə başladı. Azərbaycanda dövlət  quruculuğu sahəsində ciddi addımlar atıldı. Hüquqi, demokratik və sivil dövlətin  qurulması üçün Ulu Öndər çox böyük işlər gördü. İlk növbədə dünyanın inkişaf etmiş ölkələri ilə  siyasi-iqtisadi və hərbi əlaqələr quruldu. Bununla yanaşı, ölkəmizdə demokratik prinsiplərə, söz, mətbuat və düşüncə azadlığına əməl edilməsi üçün çox möhtəşəm işlərə start verildi. İlk növbədə senzura ləğv edildi, bundan sonra mətbuatın və digər demokratik  vasitələrin sərbəst fəaliyyəti üçün münbit  şərait  yaradıldı. Heç kimə sirr deyil ki, həmin dövrdə Azərbaycanda ictimai rəyə təsir edən və oxucular tərəfindən sevilən onlarla qəzet  maliyyə imkanı olmadığına görə dərc oluna bilmirdi. Həmin qəzetlərin  «Azərbaycan» nəşriyyatına  çoxlu borcları vardı. Ulu Öndər  ilk növbədə həmin borcları ləğv etdirdi və bununla da xalqın və millətin  axtardığı  qəzetlərin  çapı üçün bir nəfəslik, bir yeni ab-hava və bir yeni  mühit yaradıldı. Heydər Əliyev bununla yanaşı, gündəmdə olan  həmin qəzetlərə  maliyyə vəsaiti  ayrılması ilə bağlı lazımi orqanlara  göstəriş verdi. Və bu tədbirlərdən sonra  demək olar ki, həmin qəzetlər davamlı olaraq çap olundu və oxucular tərəfindən böyük sevgi ilə qarşılandı. 

Azərbaycanda tək söz,  mətbuat azadlığı deyil, insanların sərbəst surətdə fikirlərini  ifadə etmək, hər hansı məsələyə normal münasibət bildirmək  hüquqları da bərpa olundu. Başqa sözlə demiş olsaq, hər hansı bir mövcud durumdan narazı olan bir vətəndaş, bir qurum və qeyri-hökumət  təşkilatı  öz düşüncələrini və fikirlərini  cəmiyyətə  çox asanlıqla  ötürməyə nail oldular. Bununla yanaşı, Azərbaycanda yenidən  çoxlu sayda qəzetlər, saytlar və özəl televiziya kanalları fəaliyyətə başladı. 

Bu gün əgər onları bir-bir saysaq, görərik ki, ölkəmizdə yüzlərlə saytlar, qəzetlər və eləcə də müxtəlif internet  televiziya  kanalları  fəaliyyət göstərir. Onlar qanuna uyğun və dövlətçilik  əleyhinə iş aparmırlarsa belələrinin fəaliyyətinə heç bir  maneçilik yaradılmır.  Amma təəssüflər olsun ki, bəzi internet  televiziyaları və saytlar bu şəffaflıq və demokratik prinsipdən istifadə edərək qanunu pozur, hətta dövlətin və dövlətçiliyin əleyhinə  işlər də aparırlar. Bu isə birmənalı olaraq qanuna ziddir və ölkəmizin maraqlarına uyğun gəlmir. 

Ulu Öndər Heydər Əliyev və Prezident İlham  Əliyev Azərbaycan  mətbuatının dostları olublar. Ən azından ona görə ki, qəzetlərin ən ağır vəziyyətində, can verəndə belə hər iki dahi şəxsiyyət mətbuat işçilərinin yanında olub, qəzetlərə  maddi və mənəvi dəstək durublar. Təbii ki, mətbuat işçiləri də bu diqqət və qayğını heç vaxt unutmurlar.  

Prezident İlham Əliyevin çox gözəl bir deyimi var. Prezident deyir ki, mən dostluqda çox sadiqəm. Doğrudan da biz mətbuat işçisi olaraq prezidentin dostluğa necə sadiq olduğunun şahidi olmuşuq. Çünki Azərbaycan mətbuatının , xüsusən də çap mətbuatının ən ağır durumunda  prezident İlham Əliyev jurnalistlərin yanında olub və onlara  arxa durub.  Düşünürük ki, Cənab Prezident bundan sonra ənənəvi mətbuatın yaşaması, dirçəlməsi və inkişaf etməsi  üçün lazımi addımlar atacaq. Bu addımları bir daha mətbuatımızın tanınmış simaları, jurnalistlər ordusu, yazarlar çox yüksək qiymətləndirirlər. Məhz buna görə də bu gün Azərbaycanda çap mətbuatı rahat nəfəs alır, istədiyi mövzuda  yazılar qələmə alır, dövlətə və dövlətçiliyə şərəflə, namusla xidmət edir. 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.