MÖHTƏŞƏM QƏLƏBƏMİZ DÜNYAYA SƏS SALDI
Müharibələr heç bir xalqa, heç bir dövlətə, heç bir ölkəyə xeyir gətirməyib. Əksinə, müharibələrdə milyonlarla insan məhv olub, evlər-eşiklər, xəstəxanalar, məktəblər, uşaq bağçaları dağılıb. Ən böyük faciə isə ondan ibarət olub ki, müharibələrdə günahsız uşaqlar öldürülüb və onların ah-naləsi o müharibə eləyənləri heç şübhəsiz ki, nə vaxtsa tutur. Amma görünür, müharibə eləyən dövlətlərin başçıları o müharibədən çox böyük pul qazanırlar. Yoxsa onlara nə olub ki, hər hansı məmləkəti altını-üstünə çevirir, əhalisini məhv edir, iqtisadiyyatını dağıdır, fabrik və zavodunu yerlə-yeksan edir.
Bax, uzun illərdə, daha dəqiq desək, 30 il ermənilər Qarabağın işğal altında saxladığı rayonları, şəhərləri və qəsəbələri belə viran günə qoymuşdular. Əlbəttə, bunlar elə təsəvvür edirdilər ki, bu hadisələr 30 il davam edib və bundan sonra da əilli il davam edəcək. Ən azından ona görə ki, onlar öz havadarlarına çox arxayın idilər. Düşünürdülər ki, Qarabağ problemini dondurduqları kimi hələ bundan sonra da bu problem elə-belə qalacaq. Hələ üstəlik də bütün sərhəd boyu yerlərdə onlar atəşkəsi pozur, döyüş mövqelərimizi, yaşayış məntəqələrimizi iriçaplı silahlardan atəşə tuturdular.
Əlbəttə, səbrin də bir həddi vardı. Və biz səbr edib düz otuz il dözdük. Bu səbr 2020-ci ilin sentyabrın 27-nə qədər davam elədi. Və sentyabrın 27-də Ali Baş Komandan, prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks hücuma keçdi, yer-göy titrəyirdi. Ermənilər gözləmədiyi və ağıllarına gətirmədiyi hücumu görürdülər. Onlar görürdülər ki, ən müasir silahla təchiz edilmiş ordumuz ildırım sürətilə hücuma keçib və onların 30 il yaratdığı və mif kimi dünyaya təbliğ etdiyi «Ohanyan səddi» bu hücumun qarşısında darmadağın oldu.
Bir erməni generalı xatirələrində yazır ki, bizim ağlımıza gəlməzdi ki, Azərbaycan Ordusu belə qüdrətli və döyüşkən ola bilər. Bizə deyirdilər ki, Azərbaycan Ordusu çox zəifdir və erməni ordusunun qarşısında tab gətirə bilməz. Amma biz sentyabrın 27-də onların hücumlarını görəndən sonra hamımız dəhşətə gəldik. Sadə əsgərdən tutmuş generala qədər çıxış yolu axtardıq. Çünki biz bu ordunun qarşısında tab gətirə bilmirdik. Hətta baş nazir Nikol Paşinyana müdafiə naziri çatdırdı ki, Rusiyadan və Fransadan xahiş eləsin ki, Azərbaycan bu hücumu saxlaya bilsin. Amma deyəsən, Nikol Paşinyan xahiş eləsə də nə Makronun, nə də Putinin Azərbaycan Ordusunun qarşısını almağa gücləri çatmadı. Bizə də yuxarıdan dedilər ki, qorxmayın, döyüşün, Ermənistandan əlavə qüvvələr gələcək. Düzdür, Ermənistandan əlavə qüvvələr gəlirdi. Amma onlar da bir-iki gün döyüşəndən sonra ya məhv olurdu, ya yaralanırdı, ya da silahı qoyub qaçırdı. Mən bir general kimi gördüm ki, döyüş meydanında öldürüləcəyəm Təcili tibbi yardım maşınına əyləşib ordan qaçdım. Çünki tankla, digər döyüş maşını ilə getsəydim azərbaycanlılar onu vuracaqdılar. Ancaq Təcili tibbi yardım maşınına onlar atəş açmırdılar. Bu, döyüş mövqeyindən qaçan və əsgərləri məhv olan erməni generalının düşüncələridir.
44 günlük İkinci Qarabağ savaşında sözün həqiqi mənasında Azərbaycan Ordusu dünya tarixində görünməyən və analoqu olmayan bir qəhrəmanlıq göstərdi. Azərbaycan Ordusu göstərdi ki, işğal altında olan torpaqlarımızı azad edərkən ermənilərin bir mülki əhalisinin belə burnu qanamadı. Azərbaycan Ordusu onu da göstərdi ki, onlar dünyanın ən güclü, ən çevik, ən mobil ordusudur. Bu ordunun qarşısında nə erməni ordusu, nə erməni əsgəri, nə də onların havadarları 44 günlük savaşda dayana bildilər. Çünki Azərbaycan Ordusuna güc-qüvvət verən Ali Baş Komandan, prezident İlham Əliyev və xalqımız idi. Düzdür, ordumuz hər cür müasir texnika və döyüş maşınları ilə təchiz edilmişdi, amma ondan da öncə Azərbaycan əsgərinin vətənə olan sevgisi, prezidentə olan məhəbbəti və xalqa olan sevgisi idi. Onlar döyüşə ağlaya-ağlaya yox, gülə-gülə gedirdilər. Hətta elə şəhidlərimiz vardı ki, döyüşəndə belə, şəhid olanda belə alnını belə turşutmamışdı. Əlində silah gülə-gülə, amma böyük qəzəblə ermənilərin üstünə getmişdi. Bu əsgərlərimiz qalib oldular, şəhid oldular, qazi oldular.
Həmin günlərdə Füzuli rayonunun Böyük Bəhmənli kəndində böyüyüb boya-başa çatmış Elçin Tehran oğlu Süleymanov, Tural Firəddin oğlu Qurbanov, Şamil Xançoban oğlu Əliyev, Məhəmməd Aydın oğlu Talıbov döyüşün ilk günlərindən Vətənə, dövlətə və prezidentə olan məhəbbətini göstərdilər. Onlar Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın yaşayış məntəqələrinin azad olunmasında bir Azərbaycan əsgəri kimi öz sözlərini deməyi bacardılar. Bu igid oğullar kənddən çıxanda and içmişdilər ki, işğal olunmuş torpaqlarımızı azad eləməyənə qədər kəndə qayıtmayacaqlar.
Bəli, onlar işğal olunmuş torpaqlarımızın böyük bir hissəsini azad etdilər, amma şəhid oldular, sağ qayıtmadılar. Şəhid kimi qayıtdılar və Bəhmənlinin tarixində öz qəhrəmanlıqları ilə qızıl hərflə şanlı bir tarix yazdılar. O tarixi Elçin yazdı, o tarixi Şamil yazdı, o tarixi Tural yazdı, o tarixi Məhəmməd yazdı. Bu gün də bəhmənlilər onların ruhuna hər gün dualar oxuyur, məzarlarını ziyarət edir. Kəndin girəcəyində Birinci və İkinci Qarabağ savaşlarında şəhid olan oğulların yolun kənarında portretləri vurulub. Eyni zamanda kənddə Şəhidlər Kompleksi Abidəsi inşa edilib. Onların xatirəsinə bulaq tikilib. Və bu gün də bu müqəddəs yer, bu müqəddəs ocaq bəhmənlilər tərəfindən ziyarət edilir. Hər açılan səhərə, üstündə gəzdikləri torpağa, udduqları təmiz havaya görə camaat bu şəhidlərə, Azərbaycan Ordusuna minnətdarlıq edir.
Dünya tarixində belə möhtəşəm qələbələr çox nadir olub. 44 gündə arxasında böyük dövlətlər duran və ona havadarlıq edən düşmənin dizini yerə qoymaq və Qarabağı azad etmək hər xalqa, hər orduya nəsib olmur. Bunu yalnız və yalnız Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu bacardı. O ordu ki, bu gün ABŞ prezidenti Donald Tramp da deyib ki, Azərbaycanın çox güclü ordusu var. Dünya artıq Azərbaycanla hərb yoluyla danışa bilməz, çünki dünya bizim gücümüzü gördü!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Bakı -°C

