adalet.az header logo
  • Bakı -°C
22 May 2026 09:00
74
LAYİHƏ
A- A+

O MİLLƏT XOŞBƏXTDİR Kİ, ONUN İSTEDADLI GƏNCLƏRİ VAR

O günü metroda gedirdim, iki qız uşağı ilə rastlaşdım, yaşları  uzaqbaşı 20-22 yaş olardı. Qatarda əyləşən kimi başqa həmyaşıdlarından fərqli olaraq mobil telefonla oynamadılar, hər ikisi çantasından bir kitab çıxararaq oxumağa başladılar.  O kitablardan biri Seyran Səxavətin, digəri isə Aqil Abbasın «Dolu» romanı idi. Diqqətlə fikir verdim, heç kimə baxmadan hər ikisi  kitabı açıb  oxumağa başladılar. Çox sevindim, indiki gəncliyin belə vətənpərvər yazıçıların kitabını oxuması doğrudan da çox müsbət haldır. Düz metronun «Xalqlar dostluğu» stansiyasına qədər başlarını qaldırmadan gözlərini  kitaba  zilləmişdilər. Birdən elə oldu ki, qarşılarında xəstə və yaşlı bir  insanı gördülər. Hər ikisi ayağa qalxdı və yerini həmin xəstə adama verdi. Amma onlarla yanaşı gözləri mobil telefonun ekranında olan digər adamlar o xəstə insana yer vermədilər, hansı ki düz on beş dəqiqə idi ki, həmin yaşlı insan ayaq üstə durmuşdu. 

Bu səhnəni görəndə bütün istedadlı, savadlı və ayaq üstə durmağı bacaran gənclərə, xüsusən də qızlara hörmətim daha da artdı. Elə üç kəlmə dedim: «Allah sizi xoşbəxt eləsin. Sizin kimi savadlı və tərbiyəli qızlar nə qədər çox olsa gəncliyimiz də bir o qədər güclü və qüdrətli olar». 

Öyrəndim ki, hər iki qız Bakı Dövlət Universitetinin tələbəsidir və filologiya fakültəsində təhsil alırlar. Bu qızları   qızım qədər, nəvəm qədər çox istədim. Üstəlik də söhbət zamanı dedilər ki, müəllim, biz bir gün kitab oxumasaq, elə bil nəsə qiymətli bir şey itirmişik. Çünki kitab oxuyanda düşüncəmiz, qəlbimiz, içimiz işıqla, nurla dolur. Xalqımıza, vətənimizə və yaşlı nəslə məhəbbətimiz daha da artır. Elə bilməyin ki, tək kitab oxuyan bizik, çox tələbə dostlarımız var ki, hər gün kitab oxumağı  yaddan  çıxarmırlar. Biz kitab oxuyanda həm də Vətənimizi, xalqımızı, qəhrəmanlarımızı dərindən tanıyırıq və onlara oxşamaq istəyirik. 
Düzdür, bəzi insanlar gənclərdən narazılıq edirlər, deyirlər ki, onlar heç də hamısı mədəni və vətənpərvər deyillər. Düzdür, belələri də var, amma sizi inandırım ki, onlar barmaqla sayıla bilər. Biz vətənə  xidməti ancaq mükəmməl savad almaqla, təmiz əxlaqla, dünya  elm və texnologiyasına kamil yiyələnməklə həyata keçirə bilərik. Bunun üçün də bu gün ölkəmizdə hər cür şərait yaradılıb. Sadəcə olaraq, biz hər şeyə, hər ana və hər bir çətinliyə sinə gərməyi  bacarmalıyıq. Və şükürlər olsun ki, bunu da bacarırıq.

Bu tələbələrlə söhbətimizdən sonra bir daha bu qənaətə gəldik ki, Azərbaycanda çox güclü, savadlı və vətənpərvər gənclər yetişir. O gənclər bütün sahələrdə var- istər elm sahəsində, istər iqtisadiyyat sahəsində, istər mədəniyyət sahəsində, istərsə də digər sahələrdə belə gənclərimiz mövcuddur. Əlbəttə, onların hər cür gücü, potensialı və qüvvəsi var.

Bu gün ölkəmizdə çox möhtəşəm  tədbirlər  keçirilir. Həmin tədbirlərdən biri mayın 17-də Bakıda keçirilən dünya  şəhərsalma və arxitektura işi ilə bağlı BMT-nin təşkilatçılığı ilə olan möhtəşəm bir tədbirdir. Bu tədbirə dünyanın çoxlu  sayda ölkələrinin prezidentləri, baş nazirləri və digər vəzifəli şəxslər dəvət olunublar. Onlar Bakıya gəlib və Bakıda möhtəşəm gözəllik və tarixi hadisələrin şahidi olublar.  Sözümün canı ondan ibarətdir ki, o yağışlı gündə Azərbaycan gəncliyinin də vətənpərvərliyinin və işgüzarlığının şahidi olduq. Elə metro  qatarında onlarla belə gənc könüllü ilə rastlaşdıq və həmin gənclərlə də söhbət edəndə çox maraqlı fikirlərin şahidi olduq. Soruşduq ki,  bəs bu yağışlı havada o tədbirə necə gedirsiniz? Gənclər hamısı bir ağızdan cavab verdi ki, əgər bu gün dünya Azərbaycanın bəşəri dəyərlərə və sivilizasiyaya böyük sevgi ilə yanaşmasını dəyərləndirirsə, təbii ki, bizim qarşımızı heç bir təbiət hadisəsi, leysan yağış ala bilməz. O gənclər Olimpiya Stadionuna doğru gedirdilər, özü də çox böyük sevgi və məhəbbətlə. O gənclər onu da deyirdi ki, biz könüllülər orda ölkəmizi çox şərəflə təmsil edəcək, hər hansı çətinliyi olan insanlara lazımi köməkliyimizi göstərəcəyik. Çünki artıq ölkəmizdə belə beynəlxalq səviyyəli tədbirlər çox keçirilib və biz də həmin tədbirlərdə iştirak edərək böyük təcrübə toplamışıq.

Hətta ötən il BMT-nin Bakıda keçirdiyi beynəlxalq tədbirdə də yaxından iştirak etdik. Və təsadüfi deyil ki,  BMT-nin katibi bu tədbirin  yüksək səviyyədə keçirilməsinə görə ölkə  prezidenti cənab İlham Əliyevə və Azərbaycan xalqına öz təşəkkürünü bildirdi. Bu işdə biz könüllülərin də müəyyən qədər xidməti var. İkincisi də ölkə prezidenti cənab İlham Əliyev həmişə gəncliyə böyük qiymət verib və bizə güvəndiyini  bəyan edib. Eyni zamanda  Ulu Öndər Heydər Əliyev də Azərbaycan gəncliyinə, onun istedadlı, savadlı və vətənpərvər qüvvələrinə həmişə güvəndiyini, etibar etdiyini  səsləndirib. Bütün bunlar isə bizdə çox böyük ruh yüksəkliyi və inam yaradıb.

Bu gün hansı sahəyə, hansı yerə baxsan orda gəncliyi görmək olar. Çünki  Azərbaycan prezidenti İlham Əliyev kadrların seçilib yerləşdirilməsində gəncliyimizə çox böyük şans yaradıb. Neçə-neçə gənci nazir, nazir müavini, icra başçısı və eləcə də digər qurumlara  rəhbər vəzifələrə təyin edib. Heç şübhəsiz, həmin vəzifə sahibləri də birmənalı olaraq cənab prezidentin və xalqın etimadını doğrultmağa çalışıb. Bütün bunlar gənclərimizdə vətənpərvərlik ruhunu daha da yüksəldir, onları dövlətə və dövlətçiliyə xidmət etməkdə yeni bir təkan yaradır. 

Heç şübhəsiz, istedadlı və savadlı gənclərin Prezident təqaüdü ilə hər il mükafatlandırılması çox böyük tarixi hadisədir. Çünki hər il ali məktəblərə yüksək balla qəbul olunan onlarla tələbəyə Prezident təqaüdü verilir. Bu isə həmin tələbələrin maddi problemlərinin həll edilməsində, onların daha dərindən elmə yiyələnməsində və çətinliklərinin qısa zaman kəsiyində öz yoluna düşməsində çox böyük rol oynayır. Və həmin tələbələr də dörd ildən sonra kamil mütəxəssis  kimi vətənə daha yaxşı xidmət etməyə hazırdırlar. Yetər ki, onlar layiq olduqları yerlərdə olsunlar. Dövlət də həmişə belə istedadlı gəncləri layiqli vəzifəyə təyin edir və onlar da bu etimadı doğruldurlar. 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.