adalet.az header logo
  • Bakı -°C
15 May 2026 09:00
92
LAYİHƏ
A- A+

44 GÜNLÜK İKİNCİ QARABAĞ SAVAŞI AZƏRBAYCANI DÜNYAYA TANITDIRDI

Döyüşkənlik, cəngi və qəhrəmanlıq heç də güclü  dövlət olmaqla dəyərləndirilə bilməz. Çünki elə güclü dövlətlər var ki, ən zəif ölkələrlə müharibə edəndə belə gözləmədiyi yerdən zərbə alır və onun  müəyyən hərbi problemləri üzə çıxır. Yəni böyük müharibələrdə heç də hər şeyi müasir texnika və texnologiya həll edə bilmir. Başqa sözlə demiş olsaq, müharibə aparan ölkənin çox peşəkar, çevik və yüksək  hərbi xidmət keçmiş  əsgərlərinə və ordusuna böyük ehtiyac var. Bu olmayan yerdə heç də qələbə asanlıqla qazanıla bilməz. Ən yaxşı halda  o böyük dövlət hava hücumları ilə, təyyarələr, raketlərlə  müharibə etdiyi ölkənin ərazilərinə zərbələr endirə bilər. Biz bunu İsrail-İran və Amerika  müharibəsində, eləcə də Rusiya-Ukrayna savaşında da görmüşük. 

Görünən odur ki, Azərbaycan xalqı tarixən ən ağır müharibələrdə belə heç kimə güvənməyib. Yalnız özünə, öz hərbi qüvvəsinə, öz əsgərinə və öz ordusuna  bel bağlayıb. Ataların belə bir məsəli var: «Özgə atına minən tez düşər». Necə ki ermənilər  uzun illər rusların, fransızların və eləcə də digər Qərb ölkələrinin «atlarına» minmişdilər. Düzdür, bu «atlar» onları 30 il ora-bura apardı və axırda da dizləri yoruldu, yerə çırpıldı. Və üstündəki  ermənilər də məhv oldu, onları müdafiə edən havadarları da. 

Biz dəfələrlə  yazılarımızda qeyd etmişik ki, 44 günlük İkinci Qarabağ savaşı heç də elə-belə döyüşlərdən olmayıb. Çünki  bu döyüşdə Azərbaycan tək ermənilərə qarşı vuruşmurdu və onları müdafiə edən nüvə dövlətlərinə qarşı döyüşürdü. Bu döyüşü, bu savaşı başlamaq və axıra çatdırmaq elə də asan deyildi. Bu barədə hətta ölkə prezidenti Cənab İlham Əliyev bu günlərdə Böyük Qayıdış Proqramına  uyğun olaraq Zəngilana qayıdıb məskunlaşan və mənzil alan sakinlərlə görüşündə də  danışdı. Cənab Prezident dedi ki, müharibə başlayan ilk gündən nüvə silahına  sahib olan ölkələr bu döyüşü  dayandırmağa çalışırdılar. Onlar hər bir vasitədən istifadə edirdilər. Amma  o vasitələrin heç biri  bizim və Azərbaycan Ordusunun möhtəşəm döyüşünün qarşısını ala bilmədi. 

Əlbəttə, 2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ savaşı düz 44 gün davam elədi. Ermənilərin özləri və havadarları heç vaxt düşünmürdülər  ki, Azərbaycan 44 günə işğal altında olan ərazilərini azad edəcək, erməni əsgərlərini  iti qovan kimi ərazilərimizdən qovacaq və həmin azad olunmuş yerlərə  Azərbaycan bayrağını  sancacaqlar. Amma bunu  Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi  ilə Azərbaycan Ordusu və Azərbaycan əsgəri bacardı. Onlar göstərdi ki, qüdrətli ordumuzun və əsgərlərimizin qarşısında ermənilərin heç bir silahlı qüvvəsi, gücü dayana bilməz. Çünki ordumuz  uzun illər bu döyüşə , bu savaşa, bu müharibəyə hazırlaşmış, təlimlər keçmiş və ən müasir döyüş  maşınlarının, yeni hərbi texnologiyanın sirlərini öyrənmişdilər. Qırıcı təyyarələrimiz, artilleriya qüvvələrimiz yüksək peşəkar hərbçilər tərəfindən idarə olunurdu. Üstəlik də bizim xaricdən, daha doğrusu, İsrail və Türkiyədən aldığımız ən müasir silahlar hədəfləri çox dəqiqliklə vururdu. Artıq bunların hamısını döyüşün ilk günlərindən ermənilər hiss etməyə və görməyə başladılar. Ona görə də  onlar müqavimət göstərə bilmir, mövqelərinin darmadağın olduğunu görür, döyüş texnikalarının bir-bir sıradan çıxdığını hiss edərək ölümdən qorxub  döyüş mövqeyindən  qaçırdılar. Daha doğrusu, onlar qüdrətli və güclü Azərbaycan əsgəri ilə  qarşı-qarşıya gəlməkdən qorxurdular. Xüsusən də bizim Yaşmada hazırlanmış xüsusi  təyinatlı əsgərlərimizin adı gələndə onların canına vəlvələ düşür və dabanlarına tüpürüb  qaçmağa üstünlük verirdilər.

Təbii ki, müharibənin bir ayı ərzində, yəni oktyabrda artıq Cəbrayıl, Hadrut, Füzuli şəhəri azad olunmuşdu, Qubadlı, Zəngilan azad olunurdu. Bu sürətli hücum  heç şübhəsiz, onu göstərirdi ki, Azərbaycan Ordusunun qarşısını düşmənin heç bir qüvvəsi ala bilmir. Bəzən bir gündə on-on beş yaşayış məntəqəsi ermənilərdən təmizlənirdi. Həmin mövqelərdə möhkəmlənən Azərbaycan əsgəri bu döyüşdən  daha da ruhlanır, növbəti döyüşə qələbə həvəsi ilə atılırdı. Düzdür, onlar torpaqlarımızı azad edərkən bir salamat yer, bir dağıdılmamış məkan görmürdülər. Amma onlar  onu görürdülər ki, ermənilər qaçır və torpaqlarımız azad olunur. O torpağın ətri, o torpağın qoxusu, o torpağın havası və suyu əsgərlərimizə çox böyük güc verirdi. 

Əlbəttə, döyüşdən-döyüşə güc alan əsgərlərimiz artıq noyabrın 10-da  böyük qələbə qazandı.  Belə ki Şuşa noyabrın 8-də azad olundu, Laçın  dəhlizi Azərbaycan ordusunun nəzarətinə keçdi. Başqa sözlə demiş olsaq, qüdrətli Azərbaycan Ordusu artıq böyük qələbəni təmin etməyi bacardı və ermənilər məcbur olub Azərbaycan-Rusiya-Ermənistan Bəyannaməsinə təslim olmaqla bağlı imza atdılar. 

Ancaq  döyüşlərdə müharibə cinayətlərinin üstü açılırdı. Yəni ermənilər Azərbaycan torpağında bir salamat ev, bir məkan, bir kənd qoymamışdılar. Onların daşını, pəncərəsini, qapısını, dam örtüyünü hamısını qonşu İrana satmışdılar. Hətta qəbiristanlıqlarımızdakı qəbirüstü abidələrin, xüsusilə də mərmər daşların hamısını söküb dəyər-dəyməz qiymətə kimlərəsə vermişdilər. Deyilənlərə görə, onlara rus əsgərləri hər evi 300 dollara  satıblar. Ermənilər də o evləri söküb daşını, tikinti materiallarını daha baha qiymətə iranlılara veriblər. Bizim kənddən bir nəfər İranın Aslandüz yaşayış məntəqəsinə gedərkən tanışı iranlının evində öz evinin qapısını və xalçasını görüb. Deyib ki, bunlar mənimdi, iranlı da bildirib ki, bunları çox ucuz qiymətə ermənilərdən alıblar. 

Bax, ermənilər Qarabağ savaşında Azərbaycana yüz milyardlarla dollar dəyərində maddi ziyan vurublar. Biz bu maddi ziyanı Beynəlxalq Ədalət Məhkəməsində ermənilərdən tələb edə bilərik. Qoy canları çıxıb törətdikləri müharibə cinayətlərinə görə bizə dəymiş ziyanı ödəsinlər. Pulları yoxdursa onun əvəzində ərazilərini və torpaqlarını versinlər. Əgər biz bunu ermənilərdən tələb etməsək onların ağızlarında şirə qalacaq və elə biləcəklər ki, nə etsələr onun cəzasını almayacaqlar.
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.