24 Fevral 2025 11:35
70
ANALİZ

Azər Məmmədov: “Cənab Prezident insanların işğaldan azad olunmuş ərazilərdə..."

Azərbaycanda Böyük Qayıdış proqramının icrası uğurla davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayon və bölgələrimizə etdiyi mütəmadi səfərlər bu ərazilərdə görülən işlərin yüksək keyfiyyətini və dinamikasını stimullaşdıran əsas amillərdən biridir. Bu fikirlər öz əksini aia.az saytının baş redaktoru Azər Məmmədovun şərhində tapıb.

Media təmsilçisi qeyd edib ki, dövlət başçısının fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlığı və kəndə köçən bir qrup sakinlə görüşü xüsusi siyasi-mənəvi əhəmiyyət kəsb edən bir hadisədir: “İlk növbədə bu görüşün məhz Xocalı faciəsinin 33-cü ildönümü ərəfəsində baş tutması artıq özü-özlüyündə mühüm önəm daşıyır. Cənab Prezident İlham Əliyevin sakinlərlə görüş zamanı öz çıxışında qeyd etdiyi kimi, bu gün keçmiş köçkünlər artıq demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Uzun fasilədən sonra Ballıca kəndinə də artıq həyat qayıdıb. Vaxtilə işğal altında olan bütün torpaqlarımız bərpa edilir. Ağdam, Xocalı, Xankəndi və erməni vandalları tərəfindən dağıdılmış bütün digər şəhər və kəndlərimiz, rayonlarımız yenidən qurulur. Bu ərazilərdə insanların normal şəraitdə və təhlükəsiz yaşamaları üçün bütün infrastrukturlar qurulur. Həyat üçün nə lazımdırsa, hər şey dövlətimiz tərəfindən edilir.”

Azər Məmmədovun təhlilində dövlət başçısının Xocalının işğaldan azad olunması barədə səsləndirdiyi fikirlərin insanlara böyük Qələbə sevincini bir daha yaşatması, onların ruh yüksəkliyini daha da artırması xüsusi olaraq diqqət mərkəzinə çəkilir: “Cənab Prezident Vətən müharibəsi başa çatdıqdan üç il sonra, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində Xocalı rayonunun da işğaldan azad olunduğunu vurğulamaqla, Azərbaycanın ən yeni tarixinin ən şərəfli səhifələrini bir daha vərəqlədi, Ballıca sakinlərinə qürur və fəxarət hissini yenidən yaşatdı. Qeyd olundu ki, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşlar. Çünki onlara qarşı soyqırımı törədilmişdi. Ona görə də Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. Bu gün Ballıcada və işğaldan azad edilmiş yüzlərlə digər yaşayış məntəqəsində həyat bərpa olunur. Azərbaycan bütün bu işləri öz gücü ilə, heç kimin köməyi olmadan edir. Cənab Prezident İlham Əliyev bu məqamı da öz çıxışında xüsusi olaraq vurğuladı: “Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində.” Möhtərəm dövlət başçımız bir daha bəyan etdi ki, Azərbaycan dövləti insanların işğaldan azad edilmiş ərazilərdə rahat, təhlükəsiz və xoşbəxt yaşamaları üçün bundan sonra da bütün lazım olan işləri ən yüksək səviyyədə həyata keçirəcək.”