adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 Avqust 2022 11:32
2165
MÜSAHİBƏ

Azər Paşa Nemətov: “ Həyatda rejissorluqdan maraqlı heç nə yoxdur” - MÜSAHİBƏ

Bu dəfəki müsahibim 75 yaşını elə bu gün tamamlayan Azərbaycan teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, o cümlədən də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını bədii rəhbəri-baş rejissoru Azər Paşa Nemətovdur. Onunla görüşümüz də məhz elə onu sənətinə bağlayan məkanda – Akademik Milli Dram Teatrında baş tutdu. Müsahibəmizi diqqətinizə çatdırıram.
 

Xoş gördük, Azərpaşa müəllim. İlk sualı belə ünvanlayardım ki, Azər, Azərpaşa, Azər Paşa Nemət… Nə cür təqdimatı sevirsiniz? Niyə məhz Azər Paşa Nemət?

- Xoş gəlmisiniz. Teatrşünaslar məndən xəbərsiz adımı Azər Paşa Nemət kimi qələmə alıblar. Hətta kitablarda, yazılarda nəşr olunub, televiziya kanallarında, radio verilişlərində adımı bu şəkildə səsləndirirlər. Lakin Azərpaşa adını atam mən doğularkən qoyub. Hərdən deyirəm həm Azərəm – odam, həm odun paşasıyam, həm də neməti, bərəkətiyəm. Sovet vaxtından Azər Paşa demək olmazdı, müəyyən qadağalar var idi. Düşünürəm mki, adım elə Allahın neməti sayılır.

Bu sənət sizə nəyi öyrətdi?

- Peşəni ( gülümsəyir). Daha dəqiq desəm peşəkar olmağı… Bu sənəti sevdiyim üçün gəlmişəm. Ailədə əmim Hacıağa Nemətov bəstəkar olduğu üçün mənim də bəstəkar olmağımı istəyirdilər. O, Üzeyir Hacıbəyov kimi dahi sənətkarın tələbəsi olub, Qara Qarayevlə bir sinifdə oxuyub. Onunla həm də çox yaxın dost idilər. Fikrət Əmirov, Cahangir Cahangirov kimi sənətkarlar da onun yaxın dostlarından idi. Üzeyir Hacıbəyovun çox sevdiyi tələbəsi idi. Qara Qarayev vaxtilə mənə demişdi ki, sən bəstəkar olsaydın, çox maraqlı bəstəkar olardın, əmin sağ olsaydı o bizdən də maraqlı bəstəkar idi. Təəssüf ki, əmim 1941 – 1945 – ci illərdə dünyasını dəyişib. Əmim sözün əsl mənasında həm insan kimi, həm bəstəkar kimi çox maraqlı insan idi. Elə bu səbəbdən də, atamgil həmişə onun yolunu davam etdirməyimi arzulayırdı. Bülbül adına məktəbə qəbul olmuşdum , orada oxuyurdum. Amma sonra ilk dəfə teatra gedəndə teatr mənim bütün düşüncələrimi dəyişdi.

Atanız Zəfər Nemətovun davamçısı olmaq istədiniz?

- Davamçısı olmağı düşünmürdüm açığı. Amma onun kimi olmağı çox arzulayırdım. Zaman keçdi və mən sənədlərimi rejissor sənəti üzrə verdim. Lakin ailəm buna razı deyildi. Amma mən universitetə daxil oldum və uğurlu bitirdim. Elə o gündən də problemlərim başladı…

Nəyi nəzərdə tutursunuz Azər Paşa müəllim?

- Bilmirəm paxıllıqdanmı, ya nədənsə məni bəyənmirdilər. İlk başdan çətinliklərim çox olurdu və hətta mən o vaxt Azərbaycandan getdim ki, bu sənəti davam etdirim. Əgər layiqəmsə qalım, deyiləmsə çıxım. Elə oldu ki, indiki Sank – Peterburq şəhərinə getdim və orada məni bəyənib saxladılar. Orada bir müddət yaşadım və uğurlar qazandım. Hətta orada ən cavan rejissorlardan idim. 30 yaşında bu qədər nailiyyət qazanmaq da hər adama nəsib deyildi. Mükafatlarım, xaricə dəvətlərim çox olurdu. O vaxtki dövr üçün çox çətin idi. Demək olar ki, yer kürəsini bütöv gəzmişəm. Amerika, İngiltərə, Fransa, Yunanıstan və digər ölkələrdə olmuşam.

Bəs maraqlıdır, Azər Paşa müəllim bu sənətə gəlməklə nələri itirdi, nələrə yox demək məcburiyyətində qaldı?

- Elə ilk növbədə bəstəkar olmağıma. Hərdən düşünəndə görürəm ki, nə yaxşı ki də bu sənəti seçmişəm. Həyatda rejissorluqdan maraqlı heç nə yoxdur. Hər bir sahə ilə istədiyin qədər məşğul ola bilərsən nəyinsə xatirinə, amma teatr canlı sənətdir, qədimdir, 3500 ildən artıqdır ki, mövcuddur və yaşayır, texnalogiyalar inkişaf etdi və bu sənətdən də yan keçmədi. Kino, televiziya, onlayn teatrlar da yarandı. Lakin teatr elə teatrdır.

Canlı sənətdə çalışan Azər Paşa Nemətin ruhuna nə toxuna bilər?

- Ruha ancaq yaradan toxuna bilər. adımdan da bəlli olduğu kimi möhkəm və iradəli biriyəm. sındırmaq istəyənlər çox olub, lakin bacarmayıblar. Sənətimin yolu ilə getmişəm və bu barədə də özümü sözün əsl mənasında xoşbəxt hiss edirəm. Ən ağır mübarizələrdən alnı açıq, üzü ağ çıxmışam.

Hazırda 75 yaşınıza qədəm qoyursunuz. Bəs dönüb geri boylananda, düşünürsünüz ki, arzuladığınız mövqedəsiniz?

- Mən dünyanın bir çox ölkələrində hələ gənmc yaşlarımdan məşhurluğu qazanmışam. 25 – 26 yaşından etibarən artıq yer kürəsinin o biri tərəfində də tanınırdım. Arzum var idi ki, Asiya, Hindistan və Yaponiyada olum, orada tanınım, bu qismət olmayıb. Amma Çinə dəfələrlə dəvət almışam. Bəzi ölkələrə maddiyyat baxımdan çətinlik olduğu üçün gedə bilməmişəm. Bu hamısına şamil edilmir. Çünki əksəriyyəti müqavilə verirdi, şərait yaradırdı. Hətta orada tam şəraitlə təmin edilmə üçün vəd verilirdi. Mən vətəndən kənarda yaşaya bilmərəm. Azərbaycan mənim üçün daha doğmadır. Bu dil, bu danışıq, bu mehribanlıq, birlik mənim üçün ötə bir hissdir. Ailədən gəlir bu hiss mənə. çünki ailəm də vətənpərvər hissdə olan insanlar olub.

Patriot olan Azər Paşa Nemətovun dəyərləri nələrdir?

- Vətənimə, xalqıma, dövlətimə sadiqliyim. Mən azad bir ölkənin azad vətəndaşıyam. Həyatda ən böyük arzum yerinə yetdi. Ermənistan kimi alçaq bir ölkə ilə qonşuluq etmək çox çətindir. İndinin özündə belə mənə bir işarə bəs edər ki, o düşmənləri dişimlə didərəm. Ali baş komandanımız, cənab prezidentimiz İlham Əliyev daima var olsun ki, onun düşüncəsi, ağıllı siyasəti, strategiyası sayəsində biz Qarabağımızı düşmənlərdən azad etdik. Həqiqətən də çox dəyərli bir şəxsiyyətdir mənim üçün. O bizə Qarabağı qaytardı və bu tarixdə böyük bir hadisədir. Mən yaşımı hiss eləmirəm. bu cür qələbədən sonra daha çox yaşamaq, qürurlanmaq, xalqım üçün yaratmaq istəyirəm.

Müharibədən danışmışkən, biz elə həmin dövrdə pandemiya dönəmindən də keçdik, bu hadisələr teatrda nə kimi izlər buraxdı?

- Mədəniyyətə, incəsənətə, zavodlarımıza, fabriklərimizə, eləcə də ölkə yaşayışına zərbə vurdu. “Vətən oğulları” deyib bütün vəziyyətdən alnı açıq çıxdıq. Sonuncu dəfə bu ilin 28 May Respublika günüdə yeni bir tamaşanın primyerasını etdik – “Zəfər yolu”. Bu çox möhtəşəm bir tamaşa oldu. Və biz bu bayramı çox gözəl qeyd etdik. Əsas primyerası sentyabr ayında olacaq inşallah. Biz may ayında dörd tamaşa ilə səhnəyə çıxdıq. Sentyabr ayında mövsümü məhz elə bu tamaşa ilə açacağıq.

Tamaşaçılar hansı formada tamaşalar gözləyir?

- Yaxşı tamaşalar olsun, tamaşaçı mütləq baxacaq.

Bəs sizin rejissor olaraq teatrdan gözləntiləriniz nədir?

- Düşünürəm ki, istər yaşlı, istər cavan olsun yaxşı aktyolara hər zaman ehtiyac var. Və onların hər zaman maddi sıxıntıları olub. Cənab prezidentimiz sağ olsun ki, bizim sənət adamlarını diqqətdən kənarda saxlamır. Təkcə aktyorlar deyil, o cümlədən texniki heyətimiz də var. Bu kadrların savadını teatr yetişdirir. Onlara da şərait lazımdır. İndiki əmək haqqılara baxsaq, görərik ki, bu maaşla ev almaq mümkün deyil. Xalq artisti olurlar və ondan sonra da müəyyən problemlərlə qarşılaşırlar. Düşünürəm ki, Azərbaycan sənətinə xidmət göstərənlər imkansız şəraitdə yaşamamalıdır. Cavan yaşlarından onlara şərait yaradılmalıdır. Düşünürəm ki, zamanla hər biri olacaq. Necə ki, mənfur düşmənlərimizi boynu bükük hala gətirib dəmir yumruq kimi ölkə başçımızın ətrafında birləşib Qarabağımızı geri qaytara bildik, qalan problemlər də zamanla öz həlliniu tapacaq.

Elə gənc nəsildən danışdınız, vaxtilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim olaraq çalışmısınız. Gənclərdə bu sənətə maraq varmı?

- Təbii ki, təsadüfi insanlar da olur. Amma bütövlükdə götürsək, maraqları olmasaydı universitet bağlanardı. İstənilən halda istedad hər zaman irəli çıxacaq.

Bir az öncə müasir texnologiyalardan söz açdınız. Bu dövrə tamaşaçılar aktyor oyununa inana bilirmi?

- Bu sənət o qədər gözəl, təbii sənətdir ki, inanmasalar tamaşanın yarısından zalı tərk edərlər. şükürlər olsun ki, bizim tearrımızda tamaşaçı qıtlığı yoxdur. Hətta daimi tamaşaçılarımız var. Bu sənət dünyada sevilir.

Sizin zənninizcə göstərmək, yoxsa yaşatmaq?

- Hərənin öz üslubu var. Hər birinin öz yeri var. Biz də onlardan biriyik.

Önümüzdəki mövsümdə teatrdan nə yenilik gözləmək olar?

- Ola bilər ki, son məqama kimi yeniliklər olsun. Buna görə indidən bir şeyə deyə bilmərəm. amma yeni tamaşalarımız repertuarı bəzəyəcək.

Bəs 75 – dən gözləntiləriniz nələrdir?

- Can sağlığı. Ötən il ağır əməliyyat keçirdim və bu gün ayaq üstə dayana bilirəmsə, şükürlər olsun. Can sağlığı olarsa qalanları düzələr. Bir də ən böyük arzum dığaların köklərinin biryolluq kəsilməyidir. O da inşallah ki, kəsiləcək.

Sonda redaksiyamız adından sizə uzun ömür, can sağlığı arzu edirik. Uğurlarınız hər zaman bol olsun.

AD GÜNÜNÜZ MÜBARƏK!

 

Söhbətləşdi: Şəlalə Camal

( AJB –nin üzvü)