23 Avqust 2024 09:00
7576
LAYİHƏ

AZƏRBAYCAN DÜNYAYA QUCAQ AÇIR

Azərbaycanı bir ölkə kimi  hələ Sovet İttifaqının  tərkibində olarkən tanıyırdılar. Bu ölkəni də tanıtdıran Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin  birinci katibi Heydər Əliyev olmuşdur. Çünki Heydər Əliyev hakimiyyətə gələndən sonra Sovet  Azərbaycanında sözün həqiqi  mənasında iqtisadiyyat, sənaye, kənd təsərrüfatı  və mədəniyyət sahəsində çox böyük irəliləyişlər əldə  edilmişdir. Azərbaycan Sovet İttifaqı Kommunist Partiyasının bütün  mükafatlarını qazana  bilmişdi. Üstəlik də ölkəmizin mədəniyyəti, incəsənəti, musiqisi  dünyaya   təbliğ edilirdi. Azərbaycançılıq  ideyalarının  dünyaya  təbliğ edilməsində Heydər Əliyevin bir siyasətçi kimi Sovet dönəmində belə əvəzsiz xidmətləri vardı. 

Çox yox, bir-iki  faktı desək, fikrimizi  əsaslandırmış olarıq. Məsələn, Azərbaycanın və SSRİ-nin xalq artistləri Rəşid Behbudov və Zeynəb Xanlarova Avropada, Yaxın Şərqdə  Azərbaycan  musiqisini çox yüksək səviyyədə  təbliğ etmişdilər. Onların istedadı və bacarığı  hesabına  demək olar ki, xalq musiqisi, bəstəkar  mahnılarımız dünya  xalqları tərəfindən sevilə-sevilə dinlənilirdi. Hətta böyük sənətkar  İslam Rzayev xatirələrinin  birində deyirdi ki, biz Zeynəb Xanlarova ilə Yaponiyada  konsert verəndə  oxuduğumuz xalq musiqisinə, muğamlara  yaponlar çox böyük sevgi ilə yanaşır, hər çıxışımızı  alqışlarla qarşılayırdılar. Zeynəb xanımın və mənim  ifa etdiyim mahnılar yaponların o qədər  xoşuna  gəlmişdi ki, onlar hər ikimizə Yaponiya istehsalı olan  avtomobil bağışlamışdılar. Hara gedirdik konsert  zalından  «Azərbaycan» kəlməsini  eşidirdik. Və bu kəlməni  eşidəndə ürəyimiz dağa dönür və daha  yüksək həvəslə  mahnılar  oxuyurduq.  Biz düşünürdük ki,  dünyanın hər yerində Azərbaycançılıq ideyasını  digər xalqlar  qəbul edir və bizi sevirlər. 

Bəli, müstəqillik dövründə də Azərbaycanın  dünyanın bütün ölkələrinə qapıları açıq oldu. Bu ideyaların təbliğində ikinci dəfə xalqın  tələbi ilə hakimiyyətə gəlmiş Ümummilli Lider Heydər  Əliyevin və prezident İlham Əliyevin çox böyük xidmətləri oldu. Dünyanın çox nadir  ölkəsi  olar ki, orda Azəobaycan haqqında, onun  tarixi, mədəniyyəti və siyasi  həyatı  barədə az məlumatlar olsun. Əksər ölkələrdə birmənalı olaraq demək olar ki, Azərbaycanla bağlı çox zəngin xatirələr və bilgilər var. Xalq artisti  Mənsum İbrahimovun, eləcə də Alim Qasımovun müxtəlif  ölkələrdə oxşarı və bənzəri  olmayan muğamlarımızın, xalq  musiqimizin  qeyri-adi bir  formada  ifa etmələri  həmin millətlərin  yaddaşında Azərbaycançılıq ideyalarını əbədi həkk edib. Çünki  həmin ölkələrdə  yaşayan xalqlar  bizim musiqini, bizim mahnıları dinləyəndən sonra  bir daha anlayıblar ki, Azərbaycan  xalqı dünyanın  ən zəngin tarixinə, mədəniyyətinə və musiqisinə malikdir. 

Yenə İslam Rzayevin  danışdığı bir  xatirə yadıma düşür. Deyir ki, biz bir  çox tanınmış  muğam ifaçıları ilə birlikdə İraqa səfər etmişdik. Orda biz  bir-birindən gözəl muğamlar və mahnılar  səsləndirdik. İraqda bir xanəndə «Çahargah» oxudu, elə bir qədər  oxumuşdu  muğamın  bitdiyini dedi. Amma onun yarımçıq qaldığı  yerdən «Çahargah»ı mən oxudum və hamısı da məəttəl qaldı. Çünki onların  ifa etdiyi «Çahargah» cəmi bir-iki  dəqiqə çəkdi. Mənim oxuduğum «Çahargah» isə xeyli uzun oldu, amma onlara  ləzzət  elədi. Dedilər ki, sənin oxuduğun «Çahargah»ın çox bilinməyən sirrləri var. Və biz də çalışacağıq ki, indən  sonra bu muğamı sizin kimi  ifa edək. İslam Rzayev onu da dedi ki, mən orda «Muğam evi» gördüm. Sonra Bakıya qayıdandan  sonra «Muğam evi»nin  açılışına  bir neçə böyük sənətkarlarla nail olduq. Mən onda  gördüm ki, Yaxın Şərqdə, o cümlədən İraqda Azərbaycançılıq ideyalarına və Azərbaycan muğamına  necə böyük maraq var. 

Bu gün  sözün həqiqi mənasında  Azərbaycan  bütün  dünyaya  qucaq  açıb. Yəni dünyanın  müxtəlif ölkələrindən məmləkətimizə gələn  insanlar  bizim mədəniyyətimizlə, musiqimizlə, adət-ənənələrimizlə və ən nəhayət, milli mətbəximizlə maraqlanır və görürlər ki, Azərbaycan  heç də adi bir ölkə deyil. Məsələn, bu yaxınlarda mən Bakıya  turist  kimi gəlmiş bir  neçə çinli insanlarla  görüşdüm.  Onlar dedilər ki, biz dünyanın  əksər ölkələrində olmuşuq, amma Azərbaycanda gördüyümüz sevgini, məhəbbəti, səmimiyyəti heç bir  ölkədə görməmişik. Sizin dəniziniz, xüsusilə Novxanı  çimərliyi çox gözəldir, bir neçə gün  orda istirahət etdik. Yeməkxanaların  birində nahar edərkən  pul ödəməliydik, amma xidmətçi gəlib dedi ki, sizin pulunuz  ödənilib. Sən demə, bizim qonşuluğumuzda əyləşmiş bir nəfər bizə göz qoyurmuş, hərəkətimizə  fikir verirmiş və diqqət yetirirmiş. Sonradan həmin insanla tanış olduq, gördük doğrudan da sox səmimi və sadə insandı. Üstəlik də bizim ölkədə dəfələrlə səfərdə olub və xalqımızdan da razı qalıb. Biz dünyanın heç bir yerində görməmişik ki, kimsə restoranda və hansısa istirahət mərkəzində sənin  pulunu ödəsin. Amma biz bunu Azərbaycanda gördük. Gördük və sevindik. Vətənimizə qayıdandan  sonra  sizin  ölkənin  qonaqpərvər və diqqətcil  olmasını bütün insanlara danışacağıq. 

Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan  bir çox mötəbər idman yarışlarına və eləcə də beynəlxalq tədbirlərə  ev sahiblik edib və bütün tədbirlər də çox  yüksək səviyyədə həyata  keçirilib. İştirakçılar  birmənalı olaraq  təşkilatçılardan razılıq ediblər. Noyabrda isə Azərbaycanda dünyada ən möhtəşəm tədbir – COP-29 keçiriləcək. Dünyanın əksər ölkələrindən  yüz minə yaxın qonağın iştirak edəcəyi  bu tədbirə  digər tədbirlər kimi  ölkəmiz yüksək səviyyədə  hazırlaşıb. Artıq dünya da görür ki, Azərbaycan  böyük ölkələrin  keçirə bilmədiyi möhtəşəm  tədbirləri  çox unikal və yüksək səviyyədə  gerçəkləşdirir.  Heç şübhəsiz COP-29 da digər  tədbirlər  kimi çox  möhtəşəm olacaq! 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.