14 Oktyabr 2025 10:23
91
SİYASƏT

Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünə dair Kommünikenin detalları məlum olub

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq arasında üçtərəfli görüş keçirilib.

Adalet.az xəbər verir ki, görüş zamanı Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Üçtərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, Azərbaycan , İran İslam Respublikası və Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın təşviqi, regionun iqtisadi artımı üçün təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin və energetika sahəsində layihələrin inkişaf etdirilməsi baxımından Azərbaycan, İran və Rusiya Prezidentlərinin 8 avqust 2016-cı il tarixli Bəyannaməsinin və 1 noyabr 2017-ci tarixli Birgə Bəyanatının rəhbər rolu vurğulanıb.

Görüşdə regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyi vurğulanaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxələndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsi, bu xüsusda ölkələrin müvafiq ərazilərində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün tədbirlərin görülməsi və yük axınlarının davamlı artımının təmin edilməsinin vacibliyi vurğulanıb.

Planlaşdırılan tədbirlər üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Eyni zamanda görüş zamanı 3 ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Azərbaycan, İran və Rusiya arasında tranzit daşımalarının təşviq edilməsi məqsədilə gömrük orqanlarının qarşılıqlı fəaliyyəti üzrə üçtərəfli işçi qrupunun əsasnaməsinin imzalanması məmnunluqla qeyd olunub.

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin potensialından tam şəkildə istifadə edilməsi üçün "Rəşt-Astara" dəmir yolu xəttinin inşasının, eləcə də dəhlizin komponentlərindən olan müvafiq dəmiryolu terminalı tikintisinin tamamlanmasının əhəmiyyəti qeyd olunub.

Görüş əsnasında Araz çayı üzərində "Ağbənd-Kəlalə" avtomobil yolu körpüsünün tikintisi, o cümlədən sərhəd-buraxılış məntəqələrinin inşası üzrə işlərin yekunlaşdırılmasının üçtərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyi qeyd edilib.

Dəhliz boyunca sərhəd-keçid prosedurlarının sadələşdirilməsinin, nəqliyyat, sərhəd və gömrük əməliyyatlarının rəqəmsallaşdırılmasının zəruriliyi vurğulanıb.

Görüş zamanı Azərbaycan, İran və Rusiya arasında elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsi üzrə texniki səviyyədə müzakirələrin davam etdirilməsi məqsədəuyğun sayılıb.

Müzakirələr zamanı oktyabrın 14-də "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin mühüm infrastruktur layihələrinə yerində birgə baxış keçirilməsi barədə razılıq əldə edilib.

Yekunda nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Bu Kommünike Bakı şəhərində ingilis dilində qəbul olunub.