adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Iyun 2022 10:03
281
SİYASƏT

Azərbaycan tək neft deyil, həm də qaz ölkəsidir - Elnur Allahverdiyev

Adalet.az xəbər verir ki, bu gün Milli Məclisin növbədənkənar iclasında çıxış edən Milli Məclisin üzvü Elnur Allahverdiyev bildirib ki,hazırda biz müasir Azərbaycan dövlətinin ən güclü dönəmini yaşayırıq və bu tarixə şahidlik edirik:

“Qəbul etdiyimiz 2022-ci ilin dövlət büdcəsi tariximizdə ən böyük büdcə olmaqla iqtisadi qüdrətimizin göstəricisidir. Bu gün isə biz bu büdcənin gəlir və xərclərinin bir qədər də artırılması ətrafında fikir mübadiləsi aparırıq. Hesab edirəm həmkralarım da razılaşar ki, qlobal pandemiya və ümumdünya siyasi və iqtisadi böhranı, dünyadakı qeyri-sabit mənzərə fonunda bu, heç də hər ölkədə müşahidə olunacaq hal deyil.

Biz hər dəfə dövlət büdcəsi ətrafında müzakirələr apararkən hökumətin əldə etdiyi yeni nailiyyətlərdən danışırıq. Mən ötən çıxışlarımda da qeyd etmişəm ki, hökumətin ən böyük uğurlarından biri və bəlkə də birincisi enerji daşıyıcılarından asılı olmayan iqtisadiyyatın inkişafını təşfiq etməsi, bu istiqamətdə ciddi nəticələr əldə etməsidir. Başqa sözlə, hamımız real, neftdən asılı olmayan iqtisadiyyatın güclənməsini istəyirik. Ancaq eyni zamanda, bizi belə bir fakt da sevindirməyə bilməz: Azərbaycan tək neft deyil, həm də qaz ölkəsidir. Rəqəmlərə müraciət etsək, bu ilin ilk 5 ayı ərzində neftdən gələn gəlir 3,8 milyard, qazdan isə 3,5 milyard dollar təşkil edib. Tarixdə ilk dəfədir ki, neftlə qazdan əldə olunan gəlir bərabərdir. Başqa sözlə, ölkəmizin neft-qaz ölkəsi statusunu əldə etdiyini əminliklə deyə bilərik”. Deputat qeyd edib ki,bu artımdan hər sferaya pay düşür:  “Ancaq mən istərdim ki, iki məqam üzərində xüsusilə dayanam: müdafiə xərcləri və azad olunmuş ərazilərin bərpasına yönələn vəsait. Gördüyümüz kimi, hər iki istiqamətdə ciddi artım nəzərdə tutulub:

1. Müdafiə və təhlükəsizlik xərcləri yarım milyard manatdan çox, daha dəqiq isə, 595 milyon ??? manat artır ki, bu da təsdiqlənmiş proqnozdan 13,2 % çoxdur. Fikrimcə, bu barədə əlavə nəisə deməyə ehtiyac yoxdur. Azərbaycan özünün iqtisadi və siyasi dominantlığı ilə yanaşı hərbi üstünlüyünü də qoruyub saxlamalıdır. Bu istiqamətdə mümkün təhdid və çağırışlara daim hazır olmalıyıq;

2. İşğaldan azad olunmuş ərazilərin bərpasının yönələcək vəsaitin 470 milyon ??? manat artması nəzərdə tutulur. Bu, təsdiqlənmiş proqnoza nisbətən 21,4% çoxdur. Bu artım çox vacibdir, çünki qarşımızda soydaşlarımızın daha tez zamanda öz yurdlarına qayıtmasını təmin etmək kimi vəzifə durur;

3. Həmçinin ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin maliyyələşdirilməsinə 193,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da hazırda dünyada baş verən qlobal qiymət artımı fonunda vacib məqamdır;

4. Mühüm göstəricilərdən biri də odur ki, yenidən baxılacaq dövlət büdcəsinin tərkibində dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,5 faiz-bənd azalacaqdır.

Qeyd etdiyim məsələlər, büdcənin xərclər hissəsinə aiddir. Büdcənin gəlirlər hissəsi ilə bağlı qeyd edərdim ki, sevindirici haldır ki, 2022-ci ildə yenidən baxılmış dövlət büdcəsi gəlirlərinin ən böyük hissəsi – 40,2% faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşür. Hesab edirəm ki, bu tendensiya iqtisadiyyatımız inkişaf etdikcə gələcək illərdə də uğurla davam edəcək, vergi daxilolmalarının çəkisi artdıqca Dövlət Neft Fondunun vəsaitlərindən daha az istifadəyə ehtiyac qalacaqdır.

Bütün bu nailiyyətlər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hökumətin uğurlu və məqsədyönlü, konkret hədəfə yönəlmiş fəaliyyətinin sevindirici nəticəsidir. Biz 2022-ci ilin cəmi 5 ayını arxada qoymuşuq. Bu baxımdan, qarşıdakı dövr ərzində bizi həm daha böyük nailiyyətlər, həm də bu uğurların səbəbi, istinad nöqtəsi olan intensiv fəaliyyət gözləyir. Hökumətə bu fəaliyyətində yeni-yeni uğurlar arzulayıram!”.(Vətəninfo.az)