14 Avqust 2024 12:40
69
SİYASƏT

“Azərbaycan xalqı öz Müzəffər Liderinə minnətdardır!”

Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 102 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın seçicilərlə növbəti görüşü Şəmkir rayonunun Abbaslı kəndində keçirilib.

Adalet.az xəbər verir ki, görüşü giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev ölkəmizdə mövcud olan azad, demokratik seçki mühiti və seçkilərin ədalətli keçirilməsi üçün yaradılan şərait, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlığı barədə tədbir iştirakçılarına məlumat verib. O, YAP-ın bu dəfə də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Görüşdə Yeni Azərbaycan Partiyasının 102 saylı Şəmkir şəhər seçki dairəsi üzrə namizədi, VI Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək, qarşıdan gələn seçkilərdə Abbaslı kəndinin seçicilərinin də yüksək fəallıq göstərəcəyinə inamını ifadə edib.

Çıxışında parlament seçkilərinin əhəmiyyətindən danışan Sahibə Qafarova ölkəmizin zəngin seçki təcrübəsinə malik olduğunu, seçki praktikasının təkmilləşdirilməsi məqsədilə bütün lazımi tədbirlərin görüldüyünü bildirib. O, YAP-ın cəmiyyətdə yüksək nüfuza malik olduğunu, qələbələr partiyası kimi qəbul edildiyini deyib, bu seçkilərə "Yeni dövrə Yeni Azərbaycanla!" şüarı ilə qatılan partiyanın sentyabrın 1-də də qələbə qazanmaq əzmində olduğunu söyləyib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər barədə danışan Sahibə Qafarova ölkəmizdə regionların sosial-iqtisadi inkişafının ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirib. O, digər şəhər və rayonlarımızda olduğu kimi, Şəmkir rayonunda da müasir infrastrukturun yaradılması, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində xeyli işlər görüldüyünü bildirib.

Görüşdə çıxış edən seçicilər – Şəhla Vəliyeva, Sara Namazova, Şölə Paşayeva “Azərbaycan xalqı öz Müzəffər Liderinə, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə daim minnətdardır”, - deyə vurğulayaraq parlament seçkilərində YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər./yap.org.az