adalet.az header logo
  • Bakı -°C
16 Dekabr 2025 12:29
62
İQTİSADİYYAT
A- A+

Azərbaycanda bu sənədlərin verilməsi qaydası dəyişir

Maliyyə institutları və digər şəxslər tərəfindən məlumatlatın və sənədlərin verilməsi qaydası dəyişir.

Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik layihəsində qeyd edilir ki, Azərbaycan Respublikası 26 fevral 2013-cü il tarixində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) "Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum"a qoşulmuşdur. Foruma qoşulmaqla ölkəmiz məlumat mübadiləsi üzrə İƏİT-in müəyyən etdiyi beynəlxalq standartların tətbiq edilməsi və qiymətləndirmə prosesində iştirak etməsi öhdəliyini öz üzərinə götürmüşdür.

İƏİT-in müəyyən etdiyi beynəlxalq standartlardan biri ölkələr arasında maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsini tənzimləyən Ümumi Hesabatlılıq Standartıdır. Həmin Standartın ölkəmizdə tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 2834 nömrəli Sərəncamına əsasən ölkəmiz "Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma ya qoşulmuş, Vergi Məcəlləsinə müvafiq müddəalar əlavə edilmiş və "Qeyri-rezidentlərin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası" Nazirlər Kabinetinin 3 iyun 2015-ci il tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Qlobal Forum tərəfindən 2020-ci ildən etibarən Standartın tətbiqi istiqamətində ölkələrin qiymətləndirilməsinə başlanılmışdır. Qiymətləndirmə prosesi çərçivəsində bu sahədə Azərbaycanda qəbul edilmiş qanunvericilik müddəaları benəlxalq təşkilat tərəfindən yoxlanılmışdır. Nəticədə, Azərbaycanda beynəlxalq standartın tətbiqi ilə bağlı qəbul edilmiş qanunvericiliyin standartlara tam cavab vermədiyi müəyyən edilmiş və Qlobal Forum tərəfindən müəyyən tövsiyələr verilmişdir.

Belə ki, maliyyə hesablarının açılması zamanı maliyyə institutu tərəfindən şəxslərdən məlumat və sənədlərin toplanması öhdəliyi və bu tələbin pozulmasına görə məsuliyyət Vergi Məcəlləsində müəyyən edilsə də, hesabın açılması üçün müraciət edən şəxslər tərəfindən həmin məlumatın və sənədlərin təqdim edilməsi öhdəliyi, dəyişiklikər olduğu halda təqdim edilməsi müddəti, habelə dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların təqdim edilməsinə və ya dəyişiklik baş tutduğu halda bu barədə məlumatın vaxtında təqdim edilməməsinə görə məsuliyyətin nəzərdə tutulmadığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, beynəlxalq təşkilat tərəfindən daxili qanunvericiliyin təkmiləşdirilməsi ilə bağlı tövsiyə verilmişdir.

Qanunvericiliyin qiymətləndirilməsi nəticəsində ölkəmizə beynəlxalq təşkilatın verdiyi tövsiyənin nəzərə alınması məqsədilə Azərbaycan Respublikasının Verg Məcəlləsinə 76-1.2-ci və 76-1.3-cü yeni maddələrinin əlavə edilməsi zərurəti yaranmışdır.
Sözügedən dəyişikliklərə əsasən şəxslər tərəfindən maliyyə institutuna hesabların açılması zamanı dürüst məlumat və sənədlərin təqdim edilməsi və təqdim edilmiş məlumat və sənədlərdə dəyişiklik baş verdiyi halda bu barədə məlumatların maliyyə institutuna 30 gün müddətində təqdim edilməsi öhdəlikləri müəyyən edilmişdir.

Qanun layihəsinin qəbul edilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlər üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi, davam edən qiymətləndirmə prosesi çərçivəsində yüksək reytinqin əldə olunması, Azərbaycan Respublikasının etibarlı mübadilə tərəfdaşı kimi beynəlxalq nüfuzunun qorunması, eyni zamanda daxili qanunvericiliyin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması üçün şərait yaradacaqdır.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Nicat