adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Fevral 2023 06:22
3057
TEXNOLOGİYA

Azərbaycanda elektroenergetika sahəsində inkişaf nümunəsi

Prezident İlham Əliyev: “Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq”

İndiki geosiyasi çağırışlar fonunda enerji təhlükəsizliyinin təmin olunmasında bir sıra həlli vacib məsələlər var. Enerji təhlükəsizliyi sahəsindəki aktual məsələlərin həlli üçün şaxələndirmə önəmlidir. Azərbaycanın müxtəlif ölkələrlə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq etməsi şaxələndirmə istiqamətində atılan mühüm addımdır.

Ölkəmiz enerji təhlükəsizliyi sahəsində istənilən dövlətlə əməkdaşlıq etməyə açıqdır. Prezident İlham Əliyev 13 fevral tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında bu haqda da fikir bilirib. Cənab Prezident bu İstilik Elektrik Stansiyasının Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacağını qeyd edib: “Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır”.

Bu gün Azərbaycanın regionlarının da həm respublikanın, həm də xarici ölkələrin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində rolu artmaqdadır. Bu baxımdan Mingəçevir şəhəri ön sıradadır. Dövlət başçısı da bildirib ki, Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Qeyd edib ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir: “Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur”.

Yeni stansiyanın tikintisi ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Azərbaycan enerji təhlükəsizliyi baxımından da öz gücünü dünyaya bir daha nümayiş etdirəcək. Bu, eyni zamanda dövlətimizin iqtisadi inkişaf tempini daha da sürətləndirəcək. Prezident İlham Əliyevin dediyi kimi Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır, təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı böyük dərəcədə gücləndirəcək. “Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə, Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatı ödəyəcək, eyni zamanda, həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq”, - deyə dövlət başçısı əlavə edib.

Hazırda Azərbaycanın elektrik energetikasının inkişafının əsas istiqamətləri dəqiqləşdirilib. Mütəxəssislərə görə, güclərin ötürülməsi imkanlarının artırılması üçün yüksəkgərginlikli hava elektrik verilişi xətlərinin yenidən qurulması və yeni yarımstansiyaların tikintisi üzrə planlar da gündəlikdədir. Türkiyə, Gürcüstan, Rusiya enerji sistemlərinin paralel işləməsinin təmin edilməsi layihəsi də cəlbedici görünür. Məhz bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq Azərbaycan artıq elektrik enerjisi ixracatçısına çevrilib. İqtisadi inkişafın təhlili göstərir ki, respublikanın bazar münasibətlərinə keçməsi və yeni-yeni müəssisələrin yaranması ilə əlaqədar olaraq elektrik enerjisinə tələbat hər il 5 faiz artır. Məhz buna görə də mövcud elektrik stansiyalarının gücü təxirə salınmadan bərpa edilir və yeniləri tikilir. Mingəçevirdə 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlinin qoyulması ölkəmizdə bu sahənin inkişaf nümunəsidir.

Aybəniz Rüstəmova

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq

kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent