adalet.az header logo
  • Bakı -°C
30 Sentyabr 2026 16:38
64
İQTİSADİYYAT
A- A+

Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı

"Hazırda pensiyalar hər il ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılır. Bu da yüksək məbləğli pensiyalarda baş verən artımlarla aşağı məbləğli pensiyalarda baş verən artımlar arasında ciddi fərqlərin yaranmasına gətirib çıxarır. Yeni islahatın əsas məqsədi bu sahədə optimallaşdırma həyata keçirməklə, pensiyaların alıcılıq qabiliyyətinin və vətəndaşların rifahının qorunmasını daha səmərəli şəkildə təmin etmək, pensiya artımlarında sosial  ədalət prinsipini gücləndirməkdir".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O bildirib ki, bu məqsədlə pensiyaların və fərdi hesablarda toplanan pensiya kapitallarının indeksləşdirilməsində onların məbləğlərinə uyğun olaraq diferensial yanaşma tətbiq ediləcək:

"Başqa sözlə, artım pensiyanın və ya pensiya kapitalının məbləğindən asılı olaraq daha balanslı şəkildə həyata keçiriləcək. Orta aylıq əməkhaqqına qədər məbləğlərdə olan pensiyalar (hazırda 1174 manatadək olan pensiyalar, pensiyaçıların 90%-dən çoxu) hazırda olduğu kimi, müəyyən edilən indeksasiya faizi tam tətbiq edilməklə artırılacaq. Pensiya həmin məbləğdən yuxarı olduqda isə, yuxarı olan hissə əmsallar tətbiq edilməklə indeksləşdirilib artırılacaq. Pensiya kapitallarının da minimum aylıq pensiya təminatına imkan verən səviyyəyə qədərki hissəsi (46 080 manat) hazırda olduğu kimi illik inflyasiya göstəricisi tam tətbiq edilməklə, həmin səviyyədən yuxarı hissəsi isə əmsallar tətbiq edilməklə indeksləşdirilib artırılacaq. Beləliklə, yeni yanaşma pensiyaların və pensiya kapitallarının dəyərinin inflyasiya və iqtisadi dəyişikliklər fonunda qorunmasına, pensiyaçıların real gəlirlərinin və sosial rifahının təmin edilməsinə yönələcək.İslahatın əsas prinsipi daha çox sosial ədalət, daha güclü sosial təminat və pensiyaların alıcılıq qabiliyyətinin qorunması olacaq".