Azərbaycanda yeni sosial islahat mərhələsi başlayır – Nazir
2027-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə sosial ödənişlərin, tibbi sığorta xərclərinin və haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün 5 milyard 503 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcə layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2027-ci ilin dövlət büdcəsində sosial yönümlü xərclər 18,7 milyard manat nəzərdə tutulub. Bu, cari illə müqayisədə 1,6 milyard manat və ya 9,2 faiz çoxdur. Sosial yönümlü xərclərin dövlət büdcəsindəki payının 44,2 faizə, ÜDM-dəki payının isə 13,3 faizə çatacağı proqnozlaşdırılır.
A.Əliyevin sözlərinə görə, sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 914 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Nazir qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulan 5 milyard 503 milyon manatın 2,2 milyard manatı müavinətlər, təqaüdlər və kompensasiyalara, 470 milyon manatı sosial yardıma, 1,6 milyard manatı sığorta-pensiya sistemində dövlət büdcəsi öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Bundan başqa, icbari tibbi sığorta çərçivəsində dövlət büdcəsi hesabına ödənilən sığorta haqları üçün 1,1 milyard manat, işsiz şəxslərin sosial müdafiəsi məqsədilə haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsinə isə 133,2 milyon manat ayrılması planlaşdırılır.
A.Əliyev bildirib ki, son səkkiz ildə 4 milyon vətəndaşı əhatə edən beş böyük sosial islahat paketi icra olunub. Bu islahatların ümumi maliyyə dəyəri 8 milyard manat təşkil edib. Nazir əlavə edib ki, 2027-ci ilin dövlət və icmal büdcəsi layihələrində altıncı sosial islahat paketi ilə bağlı da maliyyə təminatı yaradılıb.
Çıxışında cari ilin sosial göstəricilərinə də toxunan nazir bildirib ki, ilk 10 ayda pensiya ödənişləri 10,3 faiz artaraq 6,5 milyard manata, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 7,9 faiz artaraq 1,1 milyard manata çatıb.
Onun sözlərinə görə, hesabat dövründə orta aylıq pensiya 596 manat, yaşa görə orta aylıq pensiya isə 634 manat olub. Ölkə üzrə orta aylıq əməkhaqqı 8 faiz artaraq 1173 manata yüksəlib.


Bakı -°C

