adalet.az header logo
  • Bakı -°C
22 Oktyabr 2026 10:50
82
SİYASƏT
A- A+

“Bakı və Ankara birgə güc nümayişini davam etdirməlidirlər...”

“Azərbaycana qarşı informasiya hücumları bir tərəfdən ölkəmizə təzyiq xarakteri daşıyır, digər tərəfdən Türkiyə siyasi rəhbərliyinə də təsir məqsədi güdür. Eyni zamanda Türkiyənin xarici siyasət qərarlarına ideoloji təsir etməyi hədəfləyir.2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldi”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib. 

Politoloqun sözlərinə görə, bu tarixi sənəd ölkələrimiz arasındakı əlaqələri, əməkdaşlığı ortaq müdafiə, təhlükəsizlik doktrinası, vahid informasiya məkanı və dərin inteqrasiyaya əsasında strateji müttəfiqliyin möhkəm, dayanıqlı arxitekturasını formalaşdırdı:

“Bununla belə gözlənildiyi kimi strateji müttəfiqlik, xüsusən müdafiə, hərbi-texniki əməkdaşlıq istiqamətində dərinləşdikcə, həm xarici aktorların, həm də daxili maraq və siyasi qruplarının əks fəaliyyəti, müqaviməti, sabotajı, təzyiqi artır. Son dövrlərdə Azərbaycan-Türkiyə münasibətlərində müşahidə olunan problemlər liderlər diplomatiyasının həlledici rolunu bir daha ön planda göstərdi, eyni zamanda informasiya təhlükəsizliyi, daxili siyasi qrupların fəaliyyəti və ictimai rəyin idarə olunması baxımından bir sıra vacib məsələlərdə çətinlikləri də üzə çıxardı”.

O, bildirib ki, 21 oktyabr 2026-cı il tarixdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə zəngi dövlət başçıları səviyyəsində strateji müttəfiqliyə sadiqliyi, qardaşlıq münasibətləri ilə əlaqədar möhkəm siyasi iradəni, rəsmi Bakı və Ankaranın strateji alyansının kifayət qədər möhkəm təməllərə malik olduğunu göstərdi:

“Həmçinin, ölkə rəhbərləri rəsmi Bakı və Ankaranın strateji alyansa məhz milli maraqlar çərçivəsində yanaşdıqlarını, müttəfiqlik bağlarının kifayət qədər möhkəm olduğunu nümayiş etdirdilər. Hər iki Prezident bir daha rəsmi Bakı və Ankara alyansının strateji əhəmiyyətini, bütün digər məsələlərin fövqündə olduğunu bilavasitə nümayiş etdirdi. Azərbaycana qarşı oynayan sözdə gizli qüvvələr kimdir? Dövlət başçıları səviyyəsində strateji müttəfiqliyin dərinləşməsi, möhkəmlənməsi, ikitərəfli münasibətlərin arxitekturasının möhkəmlənməsi istiqamətində açıq şəkildə siyasi iradə nümayiş etdirməsinin strateji dəyərini qeyd etməklə yanaşı mövcud problemlər, onların həlli ilə əlaqədar mümkün addımların obyektiv analizinə ciddi ehtiyac var. İlk növbədə qeyd edilməlidir ki, Türkiyədə Azərbaycanla strateji müttəfiqliyi obyektiv mahiyyətindən uzaq dəyərləndirən, şərh edən, başa düşən siyasi qrupların kifayət qədər açıq, aqressiv, ictimai rəydən çəkinmədən fəaliyyət göstərə bildiyi, yəni kifayət geniş meydana sahib olmaları, yaxud onlara bu imkanların yaradıldığını göstərdi. Bu ciddi şəkildə üzərində düşünməli olduğumuz məsələdir. Heç kim, bunu söz, mətbuat azadlığı, siyasi plüralizmlə əlaqələndirə bilməz”. 

Z.İbrahimlinin fikrincə, bu qrupların Azərbaycanla bağlı iddialarını eyni ilə, hətta bundan artıq digər Türk Dövlətləri Təşkilatları (TDT) üzvlərinə qarşı da səsləndirmək üçün kifayət əsas var:

“Yəni onların nöqteyi-nəzərindən əslində başlıca tənqid hədəfi başqa ölkələr olmalıdır, Azərbaycan onların sırlamasında ən sonda yer almalıdır. Eyni zamanda Azərbaycana qarşı bu “tələbkarlıq” heç Türkiyənin özünə münasibətdə belə edilmir. Açıq deyilməlidir ki, bütün əlamətlər göstərir ki, Azərbaycana, ölkəmizin rəhbərliyinə qarşı koordinasiya edilmiş sistemli qarayaxma kampaniyası aparılır. Ölkələrimiz arasında guya böhran yaranması, rəsmi Bakının İslam həmrəyliyi mövqeyindən çıxış etməməsi, Ankaranın maraqlarını nəzərə almaması kimi iddialar ictimai rəyə təlqin edilir. Xüsusilə cəhd edilir ki, Türkiyə ictimai rəyi ilə ölkəmizə təzyiq göstərilsin, bu məqsədlə kütlə psixologiyasına ənənəvi təsir mexanizmmi işə salınır. Durmadan həssas mövzularda Azərbaycan hakmiyyətini ittiham etmək, tənqid etmək. Türkiyə ictimai rəyi üçün həssas, Fələsətinə dəstək verilməsi, dini inancların qorunması, hicab məsələsi, Türkiyənin etdiyi yardımlar müqabilində Azərbaycanın ona kifayət qədər dəstək verməməsi kimi mövzularda yalan, iftira yağdırlır. Məqsədli şəkildə ciddi analiz, debatlar yox, məhz kütləyə xitab edən tərz, üslub və vasitələr seçilir. Məhz bu istiqamətdə ixtisaslaşmış şəxslər cəlb edilir”.

Onun sözlərinə görə, təhlillər göstərir ki, bu fəaliyyətlər birbaşa hakim Ədalət və İnkişaf Partiyasının (AKP) daxilində və onun ətrafında yerləşən bəzi ideoloji yönümlü qruplar tərəfindən idarə edilir:

“Bu kontekstdə Azərbaycanın Ankara şəhərindəki səfirliyi və İstanbuldakı Baş Konsulluğu qarşısında təxribat xarakterli aksiyalarının keçirilməsi xüsusilə vurğulanmalıdır. Bu cür aksiyaların xüsusi sifarişlə və açıq təzyiq məqsədilə keçirildiyi heç kimə sirr deyil.Digər diqqət çəkən məsələ bu dairələr tərəfindən Azərbaycan dövlətinə, siyasi rəhbərliyinə yönəlik əsassız ittihamlar, dezinformasiyalarla yanaşı və təhqiramiz ifadələrin xüsusi intensivliklə səsləndirilməsidir. Türkiyədə indiki şərtlərdə bu “icazəli cəsarət nümunəsidir”.

Politoloqun sözlərinə görə, Azərbaycana informasiya hücumları və Türkiyənin xarici siyasət qərarlarına ideoloji təsir etmək planları da aydındır: 

“Bu cəsarətin mənbəyi də gizli deyil, Azərbaycanla strateji müttəfiqliyin mahiyyətini, hər iki ölkənin milli maraqlarını düzgün anlamayan, eyni zamanda özlərinin maraqlarına alət etmək istəyən, iqtidar çevrələrində güclü dayaqları olan dini, ideoloji cərəyan, hərəkat nümayəndələridir. Bu çevrələrin baxışına görə, müttəfiqlik öhdəlikləri rəsmi Ankaranın direktiv verməsi, Bakıda isə icra olunmasıdır. Bu dairələr qəbul etmək istəmirlər ki, müttəfiqlik münasibətləri məhz maraqların uzlaşdırılması, qarşılıqlı fəaliyyətin birgə planlaşdırılması, hər iki tərəfin taktiki addımlarda maver imkanlarının saxlanılması, strateji alyansın möhkəmləndirilməsi üçün “şəbəkə modeli”nin tətbiqidir. Müttəfiqlik iyerarxiya deyil, şəbəkə modelidir. Ölkələrimiz güclü olduqları istiqamətlərdə, məsələlərdə bir-birini gücləndirir, zəif sahələrdə yardım alır, ortaq strateji güc yaradır, onu regionumuza, daha böyük coğrafiyaya proyeksiya edirlər. Qarşılıqlı öhdəliklərin müəyyənləşdirilməsi bu zaman ölkələrimizin obyektiv üzləşdiyi şərtlər, ikitərəfli öhdəliklər, potensial və s. şərtlənir. Zamanla bu model üzrə strateji müttəfiqlik daha dərinləşəcək, mərhələ-mərhələ bir çox istiqamətlərdə bütövləşəcək.Lakin biz hazırda bəzi dairələrin, bura həmçinin hakim Ədalət və İnkişaf Partiyası (AKP) daxilində və ətrafındakı bəzi qrupları da daxil etmək olar, Azərbaycanın Türkiyə ictimai rəyində gözdən salınması kampaniyası apardığını görürük. Bu bir tərəfdən ölkəmizə təzyiq xarakteri daşıyır, digər tərəfdən Türkiyə siyasi rəhbərliyinə də təsir məqsədi güdür. Eyni zamanda Türkiyənin xarici siaysət qərarlarına ideoloji təsir etmək məqsədi daşıyır. Adekvat dövlət reaksiyasının gecikməsi niyə narahatlıq yaradır?”. 

Z.İbrahimli bildirib ki, xüsusi narahatlıq yaradan məqam isə qardaş ölkə daxilindən adekvat dövlət reaksiyasının gecikməsidir: 

“Bu bir daha yuxarıda qeyd etdiyimiz dairə və qruplara kifayət qədər hamilik edildiyini də göstərir. Bir daha qeyd edək ki, bu dairələr Azərbaycanla müttəfiqlik münasibətlərini Türkiyə ictimaiyyətinə mahiyyətindən, reallıqdan uzaq təqdim edirlər. Bəzən bu istiqamətdə səslər, iddialar Türkiyə Prezidentinə yaxın çevrələrdən eşidilir, yaxud güc alır. Azərbaycan cəmiyyətinin sonsuz, fədakar Türkiyə, türklük, qardaşlıq sevgisindən sui-istifadə edilir, manipulyasiya üçün yararlanmağa çalışır. Ən qorxulusu da budur, Türkiyə cəmiyyətinə manipulyativ şəkildə təlqin olunur ki, əslində Azərbaycan Türkiyənin maraqlarını qorumur. Məhz bu baxımdan adekvat dövlət reaksiyasının gecikməsi bizi çox narahat etməlidir.Türkiyə siyasi elitasının nüfuzlu təmsilçiləri tez bir zamanda bunun fərqinə vardılar və bir çox dövlət xadimləri qətiyyətli mövqe nümayiş etdirdilər. Azərbaycana qarşı yönələn təxribatları sərt şəkildə qınadılar, qardaşlıq və strateji müttəfiqlik prinsiplərini müdafiə etdilər. Onların bu yanaşması dövlət ağlını və tarixi məsuliyyətin nümayiş etdirdi. Xüsusən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının açıqlamaları kifayət qədər tutarlı cavab oldu. Eyni zamanda Azərbaycana qarşı bu kampaniya Türkiyənin bir çox kəsimlərində kəskin qınaqla üzləşdi, ziyalı və ictimai xadim Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər. Bu ölkələrimiz arasında üfüqi əlaqələrin necə möhkəm olduğunu bir daha hamıya xatırlatdı.Bu məsələlər strateji ittifaqın digər öhdəliklərini də ön plana çıxarır. Müttəfiqlik münasibətlərinə zərbə vuran, təxribat təşkil edən və dezinformasiya yayan siyasi şəbəkələrin fəaliyyəti hüquq-mühafizə və kəşfiyyat orqanları tərəfindən hərtərəfli araşdırılmalı, dövlət maraqlarına zidd təşəbbüslərin qarşısı alınmalıdır”.

Siyasi şərhçi deyib ki, dezinformasiya hücumlarının arxasında duran həqiqi reallıq iki ölkə arasındakı ölçülə bilən strateji, hərbi və iqtisadi göstəricilərdə əks olunur:

“Şuşa Bəyannaməsinin 4-cü bəndinə əsasən, tərəflərdən birinin suverenliyinə və ya ərazi bütövlüyünə təhdid yarandıqda birgə hərbi məsləhətləşmələr aparılır və qarşılıqlı hərbi yardım göstərilir. Bu müddəa Azərbaycan Silahlı Qüvvələri ilə Türkiyə Silahlı Qüvvələrini (TSK) vahid təhlükəsizlik çətiri altında birləşdirir. Azərbaycan Ordusunun tam şəkildə TSK standartlarına və müasir korpus strukturuna keçidi başa çatdırılmaqdadır. Hər il iki ölkə arasında 15-dən çox birgə hərbi təlim ("Mustafa Kemal Atatürk", "Sarsılmaz Qardaşlıq", "TurAz Qartalı" və s.) keçirilir.Azərbaycan Türkiyənin "Baykar" (Bayraktar TB2, Akıncı), "ASELSAN", "ROKETSAN" və "HAVELSAN" kimi aparıcı müdafiə sənayesi nəhənglərinin ən böyük strateji tərəfdaşlarındandır. Eyni zamanda Azərbaycan HHQ-yə məxsus Su-25 təyyarələrinin Türkiyənin dəqiq zərbə sistemləri ilə modernizasiyası ("Laçın" layihəsi) və ortaq istehsal müəssisələrinin yaradılması hərbi ittifaqın dönməz xarakterini sübut edir.İki ölkə arasında ticarət dövriyyəsi 7.5 milyard dolları keçmiş, yaxın perspektiv üçün hədəf 15 milyard dollar olaraq müəyyənləşdirilmişdir. Azərbaycan (SOCAR vasitəsilə) Türkiyə iqtisadiyyatına 18 milyard dollardan çox sərmayə qoyaraq ölkənin ən böyük xarici birbaşa investorlarından birinə çevrilmişdir (STAR Neft Emalı Zavodu, Petkim, TANAP). Eyni qaydada Türkiyə şirkətləri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən bərpa-quruculuq layihələrində təxminən 4 milyard dollarlıq portfellə birinci yerdədir.Qarşıda daha məsuliyyətli mərhələdə gəlir, Zəngəzur dəhlizinin açılması üçün Bakı və Ankara birgə güc nümayişini davam etdirməlidirlər, TDT-nin geosiyasi güc mərkəzinə çevirilməsi üçün daha cəsarətli qərarlar verilməlidir, Orta marşrutun daha səmərəli işləməsi üçün sinxronlaşma artmalıdır, hərbi əməkdaşlıq daha genişlənir, enerji əməkdaşlığı artırılır. Bu cür tarixi, həlledici mərhələdə müttəfiqlik münasibətləri hər şeyin, şəxsi, ideoloji, korporativ, biznes maraqlının fövqündə olmalıdır”.

Vasif ƏLİHÜSEYN