12 Mart 2025 13:36
236
SİYASƏT

"Bakı-Skopye arasındakı münasibətlər dostluq prinsiplərinə əsaslanır" - Deputat

"Azərbaycan ilə Şimali Makedoniya arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır. 25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycanın müstəqilliyini tanımış, 28 iyun 1995-ci ildə isə diplomatik münasibətlər qurulmuşdur. O vaxtdan bəri tərəflər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr dinamik inkişaf edir". 

Bunu Adalet.az-a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Deputatın fikrincə, ikitərəfli münasibətlərin əsas dayağını siyasi dialoq təşkil edir.

"Son dövrlərdə dövlət başçıları səviyyəsində aparılan müzakirələr bu dialoqun intensivliyini daha da artırmışdır. Prezident İlham Əliyevin Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə ikinci görüşü siyasi əlaqələrin dinamik xarakter aldığını göstərir. Dövlətimizin başçısı vurğulayıb: “Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır...”.

Avropa İttifaqı ilə imzalanmış enerji üzrə strateji tərəfdaşlıq bəyannaməsi də Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi rolunu gücləndirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. Hər iki tərəf ticari-iqtisadi sahədə potensialın dəyərləndirilməsinin vacibliyini vurğulayır. Hazırda Azərbaycanda 5 Şimali Makedoniya investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-ü aktiv fəaliyyət göstərir. İki ölkə arasında sərmayələrin qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı imzalanmış sazişlər bu istiqamətdə hüquqi bazanı formalaşdırır".

Parlamentari əlavə edib ki, Milli Məclisdə Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İki ölkə arasında indiyədək imzalanmış 5 sənəd əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir və gələcək qarşılıqlı fəaliyyət üçün zəmin yaradır. 

"Azərbaycan-Şimali Makedoniya münasibətləri bu gün həm siyasi, həm enerji, həm də humanitar istiqamətlərdə genişlənməkdədir. Energetika sahəsində başlanmış praktiki əməkdaşlıq yaxın gələcəkdə iqtisadi və ticarət əlaqələrinin də intensivləşməsinə səbəb olacaq. Hər iki tərəfin iradəsi bu əlaqələrin gələcəkdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edəcək".