adalet.az header logo
  • Bakı -°C
20 May 2026 14:51
83
GÜNDƏM
A- A+

"Bakıda böyük transformasiya prosesi gedir" - Leyla Əliyeva

IDEA milyonlarla ağacın əkilməsi, uşaqların maarifləndirilməsi, seminarların təşkili, su israfı və hava çirkliliyi ilə bağlı məlumatlandırma, sənədli filmlərin və sərgilərin hazırlanması kimi çoxsaylı layihələr həyata keçirib.

Adalet.az xəbər verir ki, bu, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın “Yeni Şəhərsalma Gündəliyinə Həyat Vermək: Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun Dayanıqlı Şəhərlərə inteqrasiya edilməsi” adlı konfransın iştirakçılarına mesajında qeyd olunub.

“Biz şəhər mühitini yaxşılaşdırmaq və şəhərləri insanlar və təbiət üçün daha yaxşı məkana çevirmək istiqamətində çalışırıq. IDEA məkanları daha yaşıl və hər yaşdan insanlar üçün əlçatan ictimai məkanlara çevirir. Bu da insanları daha çox açıq havada vaxt keçirməyə və daha təmiz hava udmağa təşviq edir. Daha dayanıqlı ətraf-mühitin yaradılması üçün yaşayış ərazilərində yaşıl sədlər quraşdırılır”, - mesajda bildirilib.

Vurğulanıb ki, IDEA velosiped istifadəsini təşviq etməklə dayanıqlı nəqliyyatı da fəal şəkildə dəstəkləyir.

“Biz həmçinin plastik tullantıların toplanaraq təkrar emala yönləndirilməsi üçün sahilyanı təmizlik kampaniyaları təşkil edirik. Bu günə qədər 120 tondan artıq tullantı toplanaraq utilizasiya olunub. Bütün bu fəaliyyətlərlə IDEA daha sağlam və yaşıl gələcək qurmağı, həmçinin gənc nəsildə ekoloji məsuliyyətin möhkəm təməlini formalaşdırmağı hədəfləyir”, - mesajda deyilir.

Diqqətə çatdırılıb ki, hava çirkliliyi dünyada ölümə səbəb olan ikinci ən böyük risk faktorudur: “Bu problem ürək, tənəffüs sistemi xəstəliklərinə və bir çox digər sağlamlıq problemlərinə səbəb olur. Hər il 5 yaşdan aşağı təxminən 700 min uşaq hava çirkliliyi səbəbindən həyatını itirir. Təmiz hava olmadan sağlam şəhər mümkün deyil. Bu, xüsusilə uşaqlar arasında şəhər icmalarının məhsuldarlığı üçün də böyük əhəmiyyət daşıyır. Azərbaycan bu çağırışı anlayır və havanın keyfiyyətini şəhərsalma siyasətinin əsas hissəsinə çevirmək üçün addımlar atır. Hazırda Bakıda böyük transformasiya prosesi gedir. Şəhərin 2040-cı ilə qədər daha dayanıqlı olması hədəflənir. Bu məqsədə daha yaxşı ictimai nəqliyyat, yaşıl məkanlar və təmiz enerji vasitəsilə nail olunması planlaşdırılır. Bütün bu təşəbbüslər müasir və dayanıqlı şəhər mühitinin formalaşmasına xidmət edir”.