adalet.az header logo
  • Bakı -°C
27 Oktyabr 2026 20:03
71
GÜNDƏM
A- A+

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə iclası keçirildi

Oktyabrın 27-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının nümayəndələrinin hazırlıq iclası keçirilib.

Bu barədə Adalet.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbir İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi və hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Habelə sözügedən tədbir oktyabrın 28-də Bakı şəhərində keçiriləcək İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünə hazırlıq məqsədi daşıyır.

“Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayan iclasda Qətər Dövlətinin nümayəndəsi, əvvəlki hazırlıq görüşünə sədrlik etmiş tərəfin təmsilçisi, Azərbaycan Respublikası Baş prokurorunun müavini Heydər Məmmədov və İƏT-in Baş katibinin müavini çıxış ediblər.

İƏT-ə üzv dövlətlər tərəfindən Katibliyə təqdim edilmiş layihə və bəyanatların hazırlıq iclasında müzakirə olunaraq razılaşdırılması və qəbul edilmək üçün üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksəksəviyyəli görüşünə təqdim edilməsi ilə əlaqədar olaraq, Qətərin nümayəndəsi tərəfindən Azərbaycanın Baş prokurorunun müavini Heydər Məmmədova hazırlıq iclasına sədrlik etməsinin rəmzi ifadəsi təqdim edilib.

Heydər Məmmədov çıxışında korrupsiyaya qarşı mübarizənin hüququn aliliyinin təmin edilməsi, dövlət idarəçiliyində şəffaflığın artırılması və ictimai etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən institusional islahatların, müasir idarəetmə prinsiplərinin tətbiqinin və korrupsiyaya qarşı mübarizə mexanizmlərinin təkmilləşdirilməsinin ardıcıl dövlət siyasətinin mühüm istiqamətlərindən olduğunu bildirib.

Baş prokurorun müavini, həmçinin bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübənin öyrənilməsinin və hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycanın İƏT ilə əlaqələrinin inkişafına və təşkilat çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

İƏT-in Baş katibinin müavini isə çıxışında üzv dövlətlər arasında həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinin, korrupsiyaya qarşı mübarizədə ortaq yanaşmaların təşviqinin və müvafiq qurumlar arasında institusional əlaqələrin inkişafının əhəmiyyətini vurğulayıb. O, beynəlxalq təcrübə mübadiləsinin, qabaqcıl metodların tətbiqinin və dövlətlər arasında əlaqələndirilmiş fəaliyyətin genişləndirilməsinin bu sahədə səmərəli nəticələrin əldə olunmasına xidmət etdiyini qeyd edib.

İclasda müxtəlif üzv dövlətlərin nümayəndələri mövzu ilə bağlı çıxış edərək, ölkələrinin təcrübəsini, mövcud yanaşmaları və gələcək əməkdaşlığın inkişafına dair təkliflərini bölüşüblər.

Belə ki, Səudiyyə Ərəbistanı, Mərakeş, Qətər, Qırğız Respublikası, Liviya, Livan, Sudan, İordaniya və digər iştirakçı dövlətlərin nümayəndə heyətləri sessiyanın yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirib, həmçinin Nazirlər Görüşündə qəbul edilməsi nəzərdə tutulan qətnamə layihələri üzərində aparılan işləri yüksək qiymətləndirərək, bu istiqamətdə əməkdaşlığa sadiqliklərini ifadə ediblər.

Bundan başqa, tədbir zamanı iştirakçılar arasında aparılan geniş fikir mübadiləsi və müzakirələr korrupsiyanın ölçülməsi metodologiyalarının təkmilləşdirilməsi, bu sahədə vahid yanaşmaların təşviqi, milli təcrübələrin qarşılıqlı öyrənilməsi və beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyət kəsb edib.

Aparılmış konstruktiv müzakirələr nəticəsində iştirakçı dövlətlər qətnamə layihələri ilə bağlı bir sıra məsələlər üzrə konsensusa nail olunub.