30 Avqust 2024 17:48
253
HADİSƏ

SOCAR-ın müəssisəsindəki yanğın tam söndürüldü -YENİLƏNİB

FHN Mətbuat xidmətinin məlumatı

Adalet.az xəbər verir ki, Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb

 

***

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb.

***

16:36

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, FHN-in qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Qeyd olunub ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub.

Adalet.az xəbər verir ki, TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Qeyd olunub ki, indiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

***

15:36

Suraxanı rayonunda baş verən yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

"Suraxanı rayonunda baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.

***

15:17

Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindəjn məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.