Banan sevgisi - Qardaşxan Fərzi yazır
(hekayə)
Yayın ortaları idi. Anamla qonşu kənddə ərdə olan bacımgildən qayıdırdıq. Bacım iki ildən çox idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. Yolboyu onun sifətindəki şişkinlik, tez-tez ürəkbulanması və nəfəs darlığı gözlərimiz önündən çəkilmirdi. Ürəyimizi didən bu nigarançılıq anamı möhkəm sarsıtmışdı. Yazıq arvad son illər xeyli qocalmışdı. Əsəbləri də yerində deyildi. Adi bir hadisəyə dözümsüzlük göstərirdi. Digər tərəfdən də havanın dözülməz hərarəti bizi hövsələdən çıxarmışdı. Kəndin tozlu, dolanbac yollarına yayın indiyə kimi görünməyən yandırıcı sükutu çökmüşdü. Hərdən bu sükutu cırcıramaların qulaqlardan çəkilməyən uzun-uzadı səsi pozurdu. Təzə aldığım “Jiquli-07”-nin şüşələri açıq olsa da, havamız çatmırdı, sanki kimsə boğazımızdan ikiəlli yapışmışdı. Dayımın məsləhət gördüyü “Mercedes-Benz”-dən imtina etdiyimə görə özümü elə bu dəqiqələrdə də danlanmaqda davam edirdim. Deyəsən, anamda bunu hiss etmişdi. Tez reaksiya verəcəyindən çəkinirdim. Amma nə yaxşı susurdu, dinmirdi. Nəhayət, yaranmış durum ona güc gəldi. Sifəti portmüşdü, başını bulaya-bulaya dedi:
- Dayın bugünkü günə deyirdi də, oğlum. Sovetin törtöküntülərinin ömrü çoxdan bitib. Dağ boyda kişinin dönə-dönə dediyi sözü özünə qaldı. Sən isə ceyran kimi maşından atkaz elədin. İndiki cavanların çoxu ayaqqabılarının ucundan uzağı görmürlər.
Düz sözə nə deyəsən? Küyə getmişdim, yanlışlığımı boynuma aldım. Gözucu anama nəzər yetirib:
- Haqlısan, ana, - dedim. - Mütləq yenisini alacağam, təki bacım sağalsın.
Anam alnından süzülən təri yaylığın ucuyla silə-silə:
- Allah ağzından eşitsin, oğlum, - dedi. – Dünən gecə qurbanlıqda boyun almışam, qızım tezliklə ayağa qalxsın.
- Allah qəbul eləsin, ana. Özünü üzmə, bacım mütləq sağalacaq, - deyə anamı ümidləndirməyə çalışdım.
Elə bu vaxt gözlərimə bir qaraltı göründü. Aramızda kifayət qədər məsafə olsa da, üz-üzə gəldiyimizdən onun xanım yox, yaşlı bir kişi olduğuna əmin oldum. Həm də qocanı kiməsə oxşadırdım. Məsafə yaxınlaşdıqca onun qəribə hərəkətlərindən məni təəccüb bürümüşdü. Qoca tez-tez əlini arxasına aparır, nəyisə tələsik halda ağzına ötürürdü. Elə bil, illərin acı idi. Yaxınlaşanda tam əmin oldum. Zənnim məni aldatmamışdı: bu, Gülməmməd kişi idi. Əynində qısaqol köynəkdən savayı heç nə yox idi.
- Ətin tökülsün, it oğlu it! – deyə anam yerində qurcalanaraq üzünü yana çevirdi.
Gülməmməd kişidən yan keçib, maşını beş-altı metr aralıda saxladım. Qapını açanda:
- Hara ?! – Anam üstümə qışqırdı. – Qoycəhənnəm olsun, abırsız köpək oğlu!
Anamı sakitləşdirməyə çalışdım:
- Niyə söyürsən, ana? Yazıq özündə deyil, xəstədir. Bir neçə gündür başı qaçıb, yaddaşınıda itirib.
Anam sakitləşmək əvəzinə bir qədər də coşdu:
- Yalansa, onu yazıq ilan çalsın! Biz də bilərik: bir şərəfsizin nəfəsi kəsildi! – Nə düşündüsə: - Yox, yox kəsilməsin, - dedi. - Ömrü uzun, əzabı davamlı olsun.
Anamın sözləri qulaqlarımda cingildəyirdi. Deyəsən, təzyiqim qalxmışdı, sifətim od tutub yanırdı. Boynumdakı tər damcıları üzüaşağı süzülürdü. Dodaqlarım əsə-əsə:
- Bəsdir də, ay ana, ürəyin soyumadı təhqirlərdən, qarğışlardan?! Deyirlər, qarğış ikibaşlı olur. Qızında yataq xəstəsidir. Yığışdır bu qarğışları, sən Allah.
- Sən niyə coşursan, ürəyin yanır əclafa?! Bir buna bax, atalardan məsəl çəkir mənə. Birincisi, o vaxtkı atalar avam olub, ikincisi də gözəgörünməz qarğa deyil, göz deşə. Gülməmməd nə tökübsə aşına, o da çıxır qaşığına...
- Nə pislik edib sənə, qoymayıb çörək növbəsində ayaqlar altında qalam, hə?
- Başına dəysin oğraşın! Harınlıqdan nə uşaq tanıyırdı, nə yaşlı. Ahılları lağa qoyub təhqir etdiyi anları heç vaxt unuda bilmərəm. Sağ qalsam, lap goruna da söyərəm...
Səbrim tükəndi. Dözə bilmədim, maşından necə düşdüyümü hiss etmədim. Gülməmməd kişi xeyli aralanmışdı. Tələsik maşının baqajından idman kostyumu götürüb arxasınca qaçdım. Yaxınlaşdım, üfünətdən ürəyim bulandı. Az qala qusacaqdım. Əli, dodaqları nəcis idi. Ağır duruma düşmüşdüm. Nə edəcəyimi bilmirdim. Amma onu özbaşına da buraxa bilməzdim. Dilə tutb kəndə qaytarmalıydım. Yoxsa, baş götürüb haralarasa gedəcəkdi.
- Gülməmməd dayı, bu nədir belə? – deyə sağ əlinə işarə etdim.
Qoca gözləri şübhəli tərzdə bir xeyli mənə dikdi. Haçandan-haçana qalın qaşları dartılmış halda elə şaqqanaq çəkdi ki, üst çənəsindəki protezi yerə düşdü. Uşaq cəldliyi ilə əyilib ikiyə bölünmüş potezi götürəndə:
- Sən Burhan deyilsən? - əminliklə şoruşdu.
- Yox, Azərəm, Sədinin keçmiş sinif yoldaşı.
- Kim?
- Azər.
- Hə, Azər, Azər... Başa düşdüm, bayaq nəyi soruşdun, Azər?
- Soruşdum ki, əlin, ağzın niyə batıqdır?
- Heç, elə-belə. Banan yeyirdim.
Təəccübdən gözlərim bərələ qaldı. Ayaqlarım əsə-əsə:
- Nə banan, banan nədir? – dedim.
Dinmədi. Nə düşündüsə nəzərlərini məndən ayırmadan yenidən bir şaqqanaq çəkdi. Əllərini qəribə tərzdə yelləyə-yelləyə dedi:
- Ay-hay, bu indiyə kimi banan yeməyib ki! Haradan biləcək, yazıq? Yeməyib qaz ətini, bilməyir ləzzətini.
Susdum. Sözünün qarşısına söz çıxarmadım. Bəbəkləri o qədər böyümüşdü ki, az qala pörtdüyüb yerə səpiləcəkdi. Birdən-birə elə bil yer ayaqlarımın altından qaçdı. Diksindim, dizlərim əsdi. Güclə iki addım geri çəkildim. Möhkəmcə tərləmişdim. Cib dəsmalını çıxarıb sifətimdə gəzdirdim. Handan-hana nə yaxşı özümü ələ ala bildim. Süni alınsa da, gülümsədim. Asta səslə dedim:
- Hə, Gülməmməd dayı, indi yola düş, birlikdə gedək.
Qoca gözlərimə diqqətlə baxdı. Heç nə başa düşməmiş kimi çiyinlərini çəkdi:
- Hara? – soruşdu.
- Evimizə.
- Mən də elə evə gedirəm.
- Gülməmməd dayı, kənd arxada qalıb, - deyə əlimlə kəndin istiqamətini göstərdim. – Hə, əvvəlcə yaxınlıqdakı çayda əl-üzümüzü yuyaq, sonra maşınımla yola düşərik.
Gülməmməd kişi bir qədər ətrafa özünəməxsus tərzdə nəzər yetirdi. Birdən gözləmədiyim halda geriyə dönüb:
- Gedək, - dedi.
Elə sevindim ki... Çaya enənə qədər hər ikimiz susmuşduq. Xəyallarım məni çox-çox uzaqlarda qalan uşaqlıq illərinin acılı-şirinli anlarına qovuşdurmuşdu. Atamı çox erkən – iki yaşımda itirmişdim. Ailədə üç nəfər idik: anam, bacım və mən. Onda üçüncü sinifdə oxuyurdum. Ağır illər idi. Heç kimin ağlına gəlməyən SSRİ kimi nəhəng bir ölkə dağılmışdı. Azərbaycan müstəqilliyini təzə bərpa etmişdi. Bir tərəfdən Qarabağ müharibəsi, digər tətəfdən keçid dövrü sadə adamları çaşbaş salmışdı. Bir çox bölgələrdə taxıl və un çatışmazlığı yaranmışdı. Bəzən çörək zavodlarında günlərlə kəpək unundan çörək hazırlanırdı. Nə yaxşı, kəndimizdə uzun illər idi çörək sexi fəaliyyət göstərirdi. Və ora Gülməmməd kişi müdirlik edirdi. O, çox imkanlı, bir o qədər də qudurğan adam idi. Yeri gəldi - gəlmədi ürəkbulandırıcı zarafatlarından qalmırdı. Yaranmış ağır durum elə bil ona bir az da qol-qanad vermişdi. Uzunuzadı növbələrdə duran zəif xarakterli adamları lağa qoymaqdan həzz alır, gözləri yaşaranacan gülərdi.
Bir gün qonşu Palıdlı kəndindən olan yaşlı bir qadın əli əsə-əsə ovucundakı pulu Gülməmməd kişiyə uzadır. Gülməmməd kişi hırıldaya-hırıldaya:
- Nə istəyirsən? – soruşur.
Qadın yazıq-yazıq cavab verir:
- Çorək.
- Nə dedin?
- Çörək.
Gülməmməd kişi əlini qulağına aparıb yenidən soruşur:
- Eşitmədim, bir də söylə görüm, nə istəyirsən?
- Çörək.
Gülməmməd kişi qəhqəhə çəkərək deyir:
- Sənə quzu kəsim,Palıdlı madmazeli, bəlkə banan...
Bu vaxt lap arxada duran Murtuz kişinin qəzəbli səsi Gülməmməd kişinin sözlərini yarımçıq qoyur:
- Kəs səsini, Gülməmməd! Heç utanmırsan?! Bir utanan üzün olsun da, anan yaşındadır. Axı sənin də arvadın, qızın var...
Hadisəni elə həmin gün anamdan eşitmişdim. Amma bananın mahiyyətini başa düşməmişdim. Səhəri gündən anamı mən əvəz etmişdim. Bəxtim gətirmişdi. Sədi ilə həm sinif yoldaşı, həm də dost olduğum üçün hər gün çörəyi növbədənkənar alırdım. Həmyaşıdlarım isə mənə həsəd aparırdılar. Sevinirdim. Və əlbəttə, bütün bunları əsl igidlik kimi anlayır, beləcə də düşünürdüm. Amma həsrətlə gözlədiyim bircə şey vardı: heç olmasa bir dəfə anamdan “Mənim qoçaq oğlum” sözünü eşitmək. Anam isə... Anam doğru edirmiş...
* * *
Günün günorta çağı məscidin minarəsindən yayılan azan səsi kənddə əks-səda verdi. Öz-özümə: “ Görəsən, ölən kimdir?” – deyə sual etdim. Yeyin addımlarla həyətdən çıxdım. “Banan” sevgisindən zəhərlənən Gülməmməd kişi bir saat öncə rayon mərkəzi xəstəxanasında gözlərini əbədi olaraq yummuşdu.


Bakı -°C

