15 Oktyabr 2024 15:04
2718
HÜQUQ

Baş prokuror İrkutsk Dövlət Universitetinin nümayəndə heyətini qəbul edib

Baş Prokurorluqda İrkutsk Dövlət Universitetinin nümayəndə heyəti ilə hüquqşünas kadrlarının hazırlanması ilə bağlı müzakirələr aparılıb

Bu barədə Adalet.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hüquqşünasların hazırlanması sahəsində Rusiyada Şərqi Sibirin ən qədim ali təhsil ocağı olan İrkutsk Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən Hüquq institutunun müəllim və tələblərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Azərbaycana səfər çərçivəsində oktyabr ayının 14-ü İDU-nun Hüquq institutunun və İrkutsk Vəkillər Palatasının nümayəndə heyəti Baş prokuror Kamran Əliyev tərəfindən qəbul edilib.

Görüş zamanı qonaqlarla hüquqşünas kadrlarının hazırlanmasının xüsusiyyətləri, əməkdaşlığın faydası və perspektivləri, Azərbaycan və Rusiya prokurorluq qurumları arasında formalaşmış işgüzar əlaqələr barədə söhbət aparılıb.

Görüşdən sonra nümayəndə heyəti yenidən layihələndirilmiş Azərbaycan Prokurorluğunun tarix muzeyi ilə tanış olub.

Daha sonra qonaqlar paytaxtın Dərnəgül yaşayış sahəsində yerləşən inzibati binalar kompleksində yaradılmış şəraitlə tanış olub, onlara kitabxanalar, məşğələ auditoriyaları, kriminalistik avadanlıq otaqları və texnikası, konfrans zalı və digər xidməti otaqlar nümayiş etdirilib.

Qonaqlar üçün, həmçinin, Azərbaycan Prokurorluğunun fəaliyyəti, prokurorluq işçilərinin tədris prosesi, hazırlıq və ixtisasartırma kursları və digər təlimlərin keçirilməsi əsasları, habelə tətbiq edilən müasir texnologiyalar barədə təqdimatlar keçirilməklə ətraflı məlumat verilib.